Hələ çox gənc olsa da...

Londonda XXX Yay Olimpiya Oyunlarının açılış mərasiminə təxminən 50 gün qalmış, iyunun 6-da Fəridə Əzizovanın cəmi 17 yaşı tamam olacaq. Amma o, hələ çox gənc olsa da, artıq adını Azərbaycan idmanı tarixinə yazdıra bilmişdir. Belə ki, Fəridə dünya idmançılarının ən ali məclisində ölkəmizi təmsil etmək hüququ qazanmış ilk qadın taekvondoçudur.
... 30 iyun 2011-ci il. "Sərhədçi" İdman Olimpiya Mərkəzi. Olimpiadaya lisenziya xarakterli dünya təsnifat turniri. Sloveniya, ABŞ, Kanada və İsveç taekvondoçularını bir-birinin ardınca məğlubiyyətlə barışmağa məcbur edən Əzizova yalnız finalda gərgin mübarizədən sonra Koreya təmsilçisinə 5:6 hesabı ilə uduzub ikinci yeri tutur. Turnirin qalibi ola bilməsə də, 67 kq çəki dərəcəsində əsas məqsədinə çatan Azərbaycan idmançısı pərəstişkarlarını gümüş medalla sevindirir, ən başlıcası isə, Olimpiya oyunlarına lisenziyanı özünə təmin edir.
Mütəxəssislərin fikrincə, Fəridə Əzizova ötən il Azərbaycan idmanında əsas kəşflərdən biri olmuşdur. Əgər buna qədər o, idman dairələrində az tanınırdısa, Bakıda lisenziya turnirinin finalına çıxıb Olimpiadada yarışmağa layiq olduğunu sübuta yetirməklə diqqəti özünə cəlb etmişdir.
Yeri gəlmişkən, Fəridənin yaşlılar səviyyəsində ilk turnirlərindən biri "Sərhədçi"də keçirilən həmin yarış olmuşdur. Bu çətin sınaqdan şərəflə çıxmaqda ona möhkəm iradəsi, əsl qələbə əzmi və öz qüvvəsinə inamı kömək etmişdir. Belə vacib keyfiyətlərə isə gərgin məşqlər sayəsində nail olmuşdur. Deməli, gənc taekvondoçunun Olimpiadanı yüksək səviyyəli hazırlıqla qarşılacayağına ümid etmək olar.
Bu ilin fevral ayında ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş açıq beynəlxalq turnir də Əzizova üçün uğurlu olmuşdur. Bu yarışda da o, yalnız finalda uduzub ikinci mükafatın sevincini yaşamışdır.
Londonda olimpiya ümidlərimizdən biri olacaq Fəridənin böyüklərlə bir sırada çıxış etməzdən əvvəl qazandığı mükafatları da xatırlatmaq yerinə düşər. Taekvondoçumuz 2008-ci ildə Türkiyədə keçirilmiş gənclər arasında dünya birinciliyində çıxışlarını fəxri kürsünün üçüncü pilləsində başa vurmuş, bundan bir il sonra isə Xorvatiyada yeniyetmələrin Avropa birinciliyinin qalibi olmuşdur. O, həmçinin yeddi dəfə ölkə çempionu kimi tanınır.
London startları getdikcə yaxınlaşır. İndi bizi XXX Yay Olimpiya Oyunlarından dörd aydan da az vaxt ayırır. Hələlik Azərbaycanın taekvondo ustalarının hesabında olimpiya mükafatı yoxdur. Kim bilir, bəlkə də, bu növdə medallarımızın hesabını İngiltərə paytaxtında məhz Fəridə Əzizova açacaq.
Fəridə bu günlər daha bir böyük müvəffəqiyyət qazanmışdır. Taekvondoçumuz Misirdə keçirilən gənclər arasında dünya birinciliyinin qalibi olmuşdur.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında