Olimpiya ümidlərimiz. Astaradan Londona

İyirmi iki il əvvəl, 1990-cı il fevralın 24-də Astara rayonunun Suparibağ kəndində dünyaya göz açmış Cəbrayıl elə uşaq yaşlarından sərbəst güləşə maraq göstərərkən yəqin heç ağlına da gətirə bilməzdi ki, vaxt gələcək, o, Azərbaycan güləş məktəbinin ən istedadlı yetirmələrindən biri kimi böyük hörmət qazanacaq, milli komandaya cəlb olunacaq və Olimpiya oyunlarında ölkəmizi təmsil etmək hüququ qazanacaq. Bu gün isə idman ictimaiyyətimiz yaxşı bilir ki, Cəbrayıl Həsənov qarşıdakı yayda Londonda Olimpiya xalçası üzərinə çıxacaq və sevimli Vətəninə medal qazandırmağa çalışacaq.
O, XXX Yay Olimpiya Oyunlarına "bileti" ötən ilin sentyabrında Türkiyədə sifariş etmişdir. Bizim Bakı kimi, 2020-ci il Olimpiadasının təşkilatçısı olmaq üçün öz namizədliyini irəli sürmüş İstanbulda keçirilən dünya çempionatında Cəbrayıl 66 kq çəki dərəcəsində kiprli və macarıstanlı rəqiblərinə qalib gəldikdən sonra dörddəbir finalda Yaponiya güləşçisinə uduzsa da, təsəlliverici görüşlərdə Monqolustan və Bolqarıstan təmsilçilərindən güclü olduğunu inamla sübuta yetirərək bürünc medalı və Olimpiya lisenziyasını özünə təmin etmişdir. Bununla da Həsənov ardıcıl ikinci dəfə dünya çempionatının üçüncü mükafatçısı olmuş, 2010-cu ildə Moskvada təşkil edilən yarışda qazandığı müvəffəqiyyəti təkrar etmişdir.
İngiltərə paytaxtında Azərbaycan nümayəndə heyətinin əsas Olimpiya ümidlərindən biri olacaq Cəbrayıl bir çox başqa mötəbər yarışda, o cümlədən istər gənclər, istərsə də böyüklər arasında Avropa çempionatlarında da yığma komanda məşqçilərinin etimadını tam doğrultmuş, dəfələrlə fəxri kürsünün ən yüksək pilləsində qələbə sevinci yaşamışdır. Təkcə bunu xatırladaq ki, o, ardıcıl iki il - 2010 və 2011-ci illərdə müvafiq surətdə doğma Bakıda və Almaniyanın Dortmund şəhərində keçirilmiş böyüklər arasında Avropa çempionatlarının qızıl medallarının sahibidir.
Cəbrayılın arxada qalan 22 il ərzində keçdiyi yola qısaca nəzər saldıqda məlum olur ki, o, 1997-ci ildə Suparibağ kənd orta məktəbində birinci sinfə getmiş, bundan dörd il sonra Bakıya gələrək Respublika Olimpiya İdman Liseyinin beşinci sinfinə daxil olmuş, burada əməkdar məşqçi Aslan Ağayevin rəhbərliyi altında güləş məşğələlərini və eyni zamanda orta təhsilini davam etdirmiş, 2010-cu ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir.
Martın 13-də Cəbrayıl Həsənovun doğma rayonu və bütün ölkəmiz üçün əlamətdar bir hadisə baş vermişdir: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Astara Olimpiya İdman Kompleksinin açılış mərasimi olmuşdur. Bu kompleks xalqımızın hazırda böyük sevinclə qeyd etdiyi Novruz bayramı günlərində astaralı gənclər, rayonun bütün sakinləri üçün gözəl töhfədir. Onun açılış mərasiminin respublikamızda "İdman ili"nə, Cəbrayılın da iştirakçısı olacağı Olimpiya oyunları ilinə təsadüf etməsi isə xüsusi məna daşıyır.
İndi astaralı gənclər idmanla daha yaxından dostluq etmək, asudə vaxtlarını səmərəli keçirmək, idman ustalıqlarını daha yaxşı şəraitdə artırmaq imkanı qazanmışlar. Cəbrayıl Həsənov isə öz növbəsində dövlətimizin idmana göstərdiyi böyük qayğıya cavab olaraq London Olimpiadasında baş rollardan birini oynamaq üçün, şübhəsiz, qüvvə və bacarığını əsirgəməyəcək.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında