Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzində perspektivli idmançılar yetişir

Azərbaycanda idmanın inkişafı getdikcə geniş vüsət alır. Təmsilçilərimiz müxtəlif idman növləri üzrə beynəlxalq arenalarda keçirilən yarışlarda mühüm nailiyyətlər əldə edirlər. Ölkəmizin idman klubları, cəmiyyətləri və mərkəzləri, bu inkişafa öz töhfələrini verirlər.
Respublikamızın aparıcı idman mərkəzlərindən biri olan Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzi (İSM) ötən illər ərzində müxtəlif növlər üzrə perspektiv idmançıların yetişdirilməsi üçün səylə çalışmışdır. Ötən illər olduğu kimi, yola saldığımız 2011-ci il də mərkəzin idmançıları üçün uğurlu olmuşdur. Peşəkar, yüksək səviyyəli məşqçi-müəllimlərin ciddi əməyi sayəsində mərkəzin idmançıları respublika və beynəlxalq miqyaslı yarışlarda böyük nailiyyətlər əldə etmişlər.
Mərkəz gömrük orqanları və təşkilatları əməkdaşlarının fiziki hazırlıq üzrə məqbulların qəbulunu keçirmiş, bütün gömrük təşkilatlarında keçirilmiş məqbullarla bağlı seminarlar təşkil etmişdir. Dünya idman arenasında mövcud olan idman növlərinin mərkəzdə yaradılması və inkişaf etdirilməsi üçün burada geniş miqyaslı iş aparılmışdır. Mərkəzin idman təlimi və xüsusi fiziki hazırlıq bölməsinin peşəkar fəaliyyəti sayəsində idmançılarla müqavilə bağlanaraq, onların yüksək səviyyədə inkişafı üçün şərait yaradılmışdır. Boks, cüdo, güləş, atletika, sambo, kikboksinq, uşu-sanda növləri üzrə, hazırda, İSM-də 538 yeniyetmə və gənc məşğul olur. 2011-ci ildə mərkəzin idmançıları 110 medala layiq görülmüşlər. Bunlardan 35-i qızıl, 36-sı gümüş, 39-u isə bürünc medaldır.
Dövlət Gömrük Komitəsi İSM-in baş direktoru, sərbəst güləş üzrə dünya çempionu Xəzər İsayev 2012-ci ilin idmançılarımız üçün çox ciddi və sınaq illərindən biri olduğunu bildirdi: "Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev 2012-ci ili "İdman ili" elan etmişdir. Bu, çox əlamətdar hadisədir. Məhz London Olimpiadasının təsadüf etdiyi 2012-ci ilin "İdman ili" elan edilməsi ölkəmizin idman ictimaiyyətinin məsuliyyətini birə-min artırmışdır. Bu il idmançılarımız onlara bəslənilən etimadı doğrultmaq üçün daha əzmlə çalışmalıdırlar. Azərbaycanın idman şöhrətini daha yüksəklərə qaldırmaq üçün idman cəmiyyətlərimiz, uşaq-gənclər idman məktəblərimiz, klublarımız, mərkəzlərimiz də öz səylərini artırmalı, uşaq, yeniyetmə və gənclərimiz arasından ən güclü potensialı olan idmançıları aşkar edib, gələcəkdə onların olimpiya çempionu kimi yetişməsinə öz töhfələrini verməlidirlər. Müxtəlif növlər üzrə yığma komandalarımızın əsasını, məhz həmin idman qurumlarının yetirmələri təşkil edir. İdman mərkəzimiz yarandığı gündən idmanımızın kütləviləşməsi, uşaq və yeniyetmələr arasında geniş yayılması, perspektivli idmançıların yetişməsi istiqamətində mühüm işlər görür.
Ölkəmizdə ən populyar idman növlərindən olan güləş İSM-də də diqqət mərkəzindədir. Sərbəst güləş, yunan-Roma güləşi, boks, cüdo üzrə mərkəzin yetirmələri paytaxt birinciliyində böyük uğurlar əldə edərək, respublika birinciliklərinə qatılmış və yarışların favoritlərinə çevrilmişlər.
Mərkəzdə qadın güləşinin inkişaf etdirilməsi xüsusən diqqətəlayiqdir. Artıq mərkəzin xanım güləşçiləri nəinki ölkəmiqyaslı turnirlərdə, habelə beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Fərəh Rəsulova, Aygün Qıxlarova, Tahirə Babayeva, Aytac Tağızadə ölkənin perspektivli güləşçilərindən hesab olunurlar.
Boks üzrə Orxan Məmmədzadə (gənclər arasında), Fariz Mərdanov, Çingiz İslamov (yeniyetmələr arasında) Azərbaycan birinciliyində bürünc, Anar Cəfərov beynəlxalq turnirdə (kişilər arasında) qızıl medal almışdır.
Dövlət Gömrük Komitəsinin 20 illik yubileyi ilə bağlı İSM tərəfindən bir sıra silsilə tədbirlər təşkil edilmişdir. Masallı Olimpiya İdman Kompleksində boks üzrə gərgin rəqabət şəraitində keçirilən beynəlxalq turnirdə mərkəzin təmsilçiləri Orxan Məmmədzadə (90 kq) qızıl, Çingiz İslamov (64 kq) bürünc medal qazanmışlar. Bu yarışda Azərbaycan yığma komandası ümumi hesabda birinci yerə layiq görülmüşdür. 19 komandanın iştirakı ilə keçirilən taekvando üzrə açıq birincilikdə də mərkəzin idmançıları uğurla iştirak etmiş, komanda hesabında birinci yerə layiq görülmüşlər. Bu ayın əvvəlləri start götürmüş futzal yarışları isə yubiley münasibətilə gömrük təşkilatları arasında təşkil edilmişdi. "A" və "B" qrupları üzrə keçirilən bu yarışlarda Balakən, Sumqayıt, BBGİ-1, Naxçıvan, Tovuz, Xaçmaz, Biləsuvar, Astara, Gəncə, HNGİ, Azərterminal Kompleks (THXİB) komandaları iştirak edir. Yarışlar may ayına qədər davam edəcək.
2012-ci il mərkəzin təmsilçiləri üçün uğurla başlayıb. Müxtəlif idman növləri üzrə hazırlıqlarını davam etdirən Gömrük Dövlət Komitəsi İSM-in idmançıları bu ili də uğurla başa vurmaq əzmindədirlər.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında