Olimpiya ümidlərimiz

Qadın güləşində Azərbaycanın ilk dünya çempionu
Söhbət 2009-cu ilin 23 sentyabr axşamında Danimarkanın Herninq şəhərində keçirilən dünya çempionatında ölkəmizi tarixi nailiyyəti ilə sevindirmiş Mariya Stadnikdən gedəcək. Həmin gün qadın güləşçilərin yarışında Azərbaycanın yeganə təmsilçisi idman ictimaiyyətimizin ümidini tam doğruldub 48 kq çəki dərəcəsində çıxışlarını fəxri kürsünün zirvəsində başa vurdu və onun bu qələbəsi şərəfinə əzəmətli idman sarayında milli bayrağımız ən yüksəkdə dalğalandı, dövlət himnimiz səsləndirildi.
Dünya çempionatında qızıl medala aparan yol isə heç də hamar deyildi. Mariya bu mükafata layiq olduğunu sübuta yetirmək üçün bir-biri ardınca beş rəqibi "aradan götürməli" idi. Güləşçimiz çətin vəzifənin öhdəsindən məharətlə gəlib Belarus, İspaniya, Ukrayna, Böyük Britaniya təmsilçiləri, finalda isə rusiyalı Larisa Orjak üzərində inamlı qələbələr qazandı. Bununla da o, öz mükafatlar kolleksiyasına dünya çempionatının qızıl medalını da əlavə etdi.
Bu qələbə ölkəmizə ikiqat sevinc gətirdi. İndi Azərbaycan qadın güləşində də öz dünya çempionu ilə haqlı olaraq fəxr edə bilərdi. İstedadlı güləşçimiz bundan bir il əvvəl isə Pekində XXIX Yay Olimpiya Oyunlarında da əla çıxış edərək bürünc medalın sevincini yaşamışdı. Lakin Mariya Stadnik təkcə dünya çempionu və olimpiya mükafatçısı deyil, o, həm də Avropa çempionu adını daşıyır, habelə bir çox mötəbər beynəlxalq yarışın, "Qran-Pri" turnirlərinin qalibi olmuşdur.
Qadın güləşində ilk dünya çempionumuz London Olimpiadasında da Azərbaycanın medallara ən böyük ümid bəslədiyi olimpiyaçılardan biri olacaq. Mariya XXX Yay Olimpiya Oyunlarına lisenziyanı ötən ilin sentyabrında İstanbul xalçası üzərində qazanmışdır. Qardaş ölkədə keçirilən dünya çempionatında o, Argentina, Qazaxıstan, Venesuela, ABŞ və Kolumbiya idmançılarına qalib gəlib yalnız finalda yaponiyalı rəqibinə uduzmuşdur. Dünya çempionatının gümüş medalı həm də İngiltərə paytaxtına vəsiqəni təmin etmişdir.
Bu günlər Mariya Stadnikin gərgin məşqlərdə bütün hazırlığı Olimpiadaya yönəlmişdir. Avropa və dünya çempionu, Pekin Olimpiya oyunlarının mükafatçısı Londondan da medalla qayıtmaq əzmindədir. Hələlik isə o, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrikləri qəbul edir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında