Azərbaycan idmançıları Olimpiya Hərəkatında

Tezliklə, martın 10-da ölkəmizdə Olimpiya Hərəkatının istiqamətverici qüvvəsi olan Azərbaycan Milli Olimpiya Komitəsinin rəsmən fəaliyyətə başlamasının 20-ci ildönümünü qeyd edəcəyik. İyirmi il tarix baxımından böyük zaman kəsiyi olmasa da, Azərbaycan bu müddət ərzində ümumdünya olimpiyaçılar ailəsində özünə layiqli yer etmiş, onun ən fəal üzvlərindən birinə çevrilmiş və əsl idman ölkəsi kimi geniş nüfuz qazanmışdır.
Bu gün biz Azərbaycanın beynəlxalq Olimpiya Hərəkatında keçdiyi yolu xatırlayıb, başqa ölkələrə nümunə göstərilməsindən qürur duyarkən əlbəttə ki, ilk növbədə dövlətimizin insan həyatının bu ayrılmaz tərkib hissəsinə gündəlik qayğı və diqqətini xüsusi vurğulamalıyıq. Əldə olunmuş nailiyyətlərin böyük hissəsi isə son 15 ilin payına düşür. Məhz on beş il əvvəl - 1997-ci il iyulun 31-də Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin sessiyasında yekdilliklə MOK-a prezident seçiləndən sonra Azərbaycan idmanında, Olimpiya Hərəkatında xoş dəyişikliklər baş vermiş, əsl tərəqqi dövrü başlanmışdır.
Bu uğurlara hər il respublikamızda istifadəyə verilən bir-birindən yaraşıqlı olimpiya idman kompleksləri güclü təkan vermişdir. Bu gün paytaxt Bakı ilə yanaşı bölgələrdə də fəaliyyət göstərən 30-dan çox müasir kompleksdə gənclər asudə vaxtlarını səmərəli keçirmək, onlara nəcib keyfiyyətlər aşılayan bədən tərbiyəsi və idmanla yaxından dostluq etmək, ən yaxşı idmançılar isə böyük həvəslə, yorulmadan məşğul olmaq və fəxri kürsüyə aparan yolda lazımi təcrübə toplamaq üçün hər cür imkana malikdirlər.
Məhz, dövlətin, Milli Olimpiya Komitəsinin gündəlik qayğısı sayəsində həyata keçirilən tədbirlərin, görülən işlərin nəticəsidir ki, Azərbaycan ümumdünya olimpiyaçılar ailəsində böyük hörmət qazanmışdır. Təsadüfi deyil ki, ölkəmizə gələn, müasir olimpiya idman komplekslərinə heyran qalan, Heydər Əliyev adına İdman-Konsert Kompleksində, Bakı İdman Sarayında, Gəncə, Naxçıvan, Quba, Şəki, Lənəkəran və digər yerlərdə yarışları, yoldaşlıq görüşlərini öz gözləri ilə görən, dünya və Avropa çempionatlarını, olimpiya təsnifat turnirlərini, digər mötəbər beynəlxalq yarışları ən yüksək səviyyədə keçirən idman rəhbərlərimizin təşkilatçılıq bacarığını layiqincə qiymətləndirən xarici mütəxəssislər respublikamızdan zəngin təəssüratla qayıdırlar.
Əlbəttə, beynəlxalq idman dairələrində qazanılmış yüksək nüfuz Azərbaycan Milli Olimpiya Komitəsinin Gənclər və İdman Nazirliyi, idman təşkiklatları və federasiyaları ilə vahid komanda şəklində fəaliyyəti sayəsində mümkün olmuşdur. Belə fəaliyyət artıq 2000-ci ildə Sidneydə öz gözəl bəhrəsini verdi. Uzaq Avstraliyada Olimpiya oyunları cənab İlham Əliyevin ölkə MOK-unun rəhbəri kimi fəaliyyətində ilk Olimpiada idi və həmvətənlərimiz Sidneyin sınaq və şöhrət meydanında heç vaxt unutmayacağımız dərin bir iz buraxdılar. Sayca XXVII olan bu Olimpiya oyunlarında sərbəst güləş ustası, hələ 1996-cı ildə Atlanta (ABŞ) Olimpiadasından gümüş mükafatla qayıdan Namiq Abdullayevlə stend atıcısı Zemfira Meftəhətdinovanın qızıl medal qazanmaları, boksçu Vüqar Ələkbərovun isə fəxri kürsünün üçüncü pilləsində bürünc mükafatı qəbul etməsi Azərbaycanda hədsiz sevincə, böyük bayrama çevrildi. Zarafat deyil, kiçik bir nümayəndə heyəti Vətənə iki qızıl və bir bürünc medal gətirib, 199 ölkə arasında 34-cü olmuşdu!
Dörd il sonra - 2004-cü ildə müasir Olimpiya oyunlarının vətəni Yunanıstanın baş şəhəri Afinada keçirilən XXVIII Olimpiadada isə beş təmsilçimiz fəxri kürsüdə təbrikləri qəbul etdi. Fərid Mansurov (yunan-Roma güləşi) çempion zirvəsinə yüksəldi, Zemfira Meftəhətdinova (stend atıcılığı), İradə Aşumova (güllə atıcılığı), Ağası Məmmədov və Fuad Aslanov (hər ikisi boks) "bürünc"ə sahib oldular. Bu beş medal Sidney qələbələrinin təsadüfi olmadığını inamla sübuta yetirdi.
Atlanta, Sidney və Afinadan sonra Pekin - 2008-də ölkəmiz dördüncü dəfə müstəqil dövlət kimi dünyanın ən yaxşı idmançılarının ən ali məclisində təmsil olundu və çətin sınaqlardan şərəflə çıxdı. Əgər ABŞ, Avstraliya və Yunanıstanda üst-üstə doqquz medal qazanmışdıqsa, Çin Xalq Respublikasının paytaxtında yeddi idmançımız fəxri kürsüyə dəvət olundu və onların qələbələri şərəfinə milli bayrağımızın yüksəklərə ucaldıldığını bütün dünya gördü.
Pekin startlarında 44 idmançı ilə təmsil olunan Azərbaycan olimpiyaçılar komandasının Vətənə 7 medalla qayıtması, yığma komandamızın 204 MOK nümayəndələrinin kəskin rəqabətində medal qazanmış ölkələrin siyahısında 39-cu mövqeyə yüksəlməsi, beləliklə də, dünyanın neçə-neçə qüdrətli dövlətini geridə qoyması tarixi nailiyyət idi!
Olimpiadada böyük qələbələri ilə idmanımızın, bütünlükdə ölkəmizin və xalqımızın nüfuzunu daha da artıranlar Azərbaycana qayıtdıqda əsl qəhrəmanlar kimi qarşılandılar. Həmin günlərdə bizlərdən hər birimiz olimpiya tatamisi üzərində bütün beş rəqibini bir göz qırpımında, sanki məşqdəki kimi - gülə-gülə, oynaya-oynaya ippon fəndinə məruz qoyan cüdoçu Elnur Məmmədlinin "qızıl"ına öz medalımız kimi sevinir və böyük iftixar hissi keçirirdik. Yunan-Roma güləşi ustaları Rövşən Bayramovla Vitali Rəhimovun gümüş mükafatları, qadın güləşçi Mariya Stadnikin, cüdoçu Mövlud Mirəliyevin, boksçu Şahin İmranovun, sərbəst üsulla güləşən Xetaq Qazyumovun bürünc medalları da ölkəmizi şöhrətləndirən olduqca qiymətli mükafatlar idi.
Qarşıdan isə gündən-günə yaxınlaşmaqda olan London Olimpiadası gəlir. İngiltərə paytaxtında keçiriləcək XXX Yay Olimpiya Oyunlarına daha çox lisenziya qazanıb, daha çox medalın sevincini yaşamaq əzmində olan Azərbaycan idmançıları güləş, boks, taekvondo, bədii gimnastika, cüdo, ağırlıqqaldırma və bəzi başqa növlər üzrə Olimpiadaya artıq 30 "bileti" özlərinə təmin etmişlər və dördilliyin başlıca startlarına qalan vaxt ərzində onların sayını təxminən 50-yə çatdırmağa çalışacaqlar.
Yeri gəlmişkən, 30-cu lisenziyanın sevincini ölkəmizin idman ictimaiyyətinin bayramı - 5 Mart Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Camal Rəhimov (atçapma idmanı) yaşamışdır.
Azərbaycan olimpiyaçıları haqqında danışarkən, onların paralimpiyaçı həmvətənlərini də unuda bilmərik. Pekin onlar üçün də düşərli bir şəhər oldu. Çin paytaxtında XIII Yay Paralimpiya Oyunları ölkəmizdə fiziki cəhətdən qüsurlu idmançılara və onların hazırlığına göstərilən dövlət qayğısının əsl təntənəsinə çevrildi. Təmsilçilərimizin paralimpiya meydanlarında qazandıqları 10 medal çox böyük nailiyyət idi. Cüdoçu İlham Zəkiyevin Afinadan sonra Pekində də öz çəkisində hamıdan güclü olub, ardıcıl ikinci dəfə Paralimpiya oyunlarının çempionu adını qazanması, yadro itələyən Oluxan Musayevin də rəqiblərinə heç bir ümid yeri qoymayıb, sinəsini qızıl medalla bəzəməsi isə xalqımıza ikiqat sevinc gətirdi. Dünya bir daha əmin oldu ki, Azərbaycanda fiziki hazırlığında problem olan şəxslərin də sağlamlığı, idman hazırlığı gündəlik qayğı ilə əhatə olunmuşdur.
İldən-ilə ölkəmizin idman qənimətləri xəzinəsi daha da zənginləşir, onun beynəlxalq nüfuzu durmadan artır. Bütün əvvəlki illər kimi, tarixdə olimpiyaqabağı il kimi yaşayacaq 2011-ci il də Azərbaycan idmançıları üçün çox məhsuldar olmuşdur və əsl zəfər ilinə çevrilmişdir. Ötən il həmvətənlərimiz beynəlxalq yarışlarda 700-dən çox medal qazanmışlar. Bu, Azərbaycan idmanında rekord nəticədir.
Bu gün əldə olunan böyük nailiyyətlərin təməli isə hələ ötən əsrin yetmişinci illərində qoyulmuşdur. İdman ictimaiyyətimizin yaşlı nümayəndələri 1974-cü ilin yayında keçirilmiş və respublikada bədən tərbiyəsi və idmanın vəziyyətini müzakirə edərək, onu daha da yaxşılaşdırmaq yollarını müəyyənləşdirmiş Azərbaycan partiya təşkilatı fəalları yığıncağını yəqin ki, unutmayıblar. Məhz Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə keçirilən və hadisələrin sonrakı gedişinin göstərdiyi kimi, tez bir zamanda vəziyyətin ciddi şəkildə dəyişməsinə güclü təkan verən həmin yığıncaq idman təşkilatlarımızın gələcək fəaliyyətində, respublikada idman işlərinin qaydaya salınmasında mühüm rol oynadı. Həqiqətən də, ulu öndər çıxışlarından birində bütün ölkəyə qətiyyətlə bəyan etdiyi kimi, gənclərə, idmana xüsusi qayğını öz üzərinə götürmüşdü.
Azərbaycana, o cümlədən idmanımıza yüksək səviyyəli rəhbərlik bu gün də inamla, Vətənə böyük sevgi ilə həyata keçirilir. Ümummilli liderin layiqli davamçısı, möhtərəm dövlət başçımız İlham Əliyevin hər hansı bir ölkənin daha da qüdrətlənməsində, beynəlxalq dairələrdə yaxından tanınmasında və nüfuzunun artmasında çox təsirli bir vasitə olan idmanın inkişafını gündəlik nəzarətdə saxlaması gözəl nəticə verir. Cənab Prezidentin 2012-ci ili Azərbaycan Respublikasında "İdman ili" elan etməsi isə idman ictimaiyyətimizin ürəyindən olmuşdur.
Dövlət başçımızın bu barədə 16 yanvar 2012-ci il tarixli sərəncamı çox yerinə düşmüşdür. Artıq qeyd etdiyimiz kimi, martın 10-da Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin rəsmən fəaliyyətə başlamasının 20-ci ildönümü tamam olur. Həm də olimpiya ili olan 2012-ci il Azərbaycan Olimpiya Hərəkatı üçün bir sıra başqa yubileylərlə də əlamətdardır. Bu il Azərbaycan idmanı yetirmələrinin SSRİ yığma komandası heyətində Olimpiya oyunlarında ilk startlarının 60 illiyi tamam olacaq, 1952-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə keçirilmiş həmin Olimpiadada sərbəst üsulla güləşən Rəşid Məmmədbəyovun qazandığı gümüş medalın da ilk olimpiya mükafatımız kimi Azərbaycan idmanı tarixində xüsusi yeri var. Cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərliyinin 15-ci ildönümünün məhz olimpiya ilinə təsadüf etməsi də dərin rəmzi məna daşıyır. Üstəlik də, bu yubiley İngiltərə paytaxtında Olimpiya oyunlarının birinci həftəsinə təsadüf edəcək.
Azərbaycanın, onun ən yaxşı idmançı və məşqçilərinin, bütün mütəxəssislərimizin beynəlxalq Olimpiya Hərəkatına verdikləri töhfələrdən bəhs edən bu qeydləri yekunlaşdırarkən gözəl paytaxtımız Bakının 2020-ci ildə Yay Olimpiya Oyunlarının təşkilatçısı olmaq üçün öz namizədliyini irəli sürməsini xatırlatmaq istərdim. Ümumdünya Oimpiya Hərəkatında böyük marağa səbəb olan gözəl təşəbbüsdür. Azərbaycan paytaxtının İstanbul, Madrid, Tokio və Doha ilə rəqabətdən necə çıxacağından asılı olmayaraq (əvvəlcə iddiaçı şəhərlərin sayı 6 idi, lakin bu yaxınlarda İtaliya hökuməti ölkədəki iqtisadi çətinliklər üzündən Romanın namizədliyini geri götürdü) çox cəsarətli addım atılmışdır.
Bakının Olimpiya oyunlarının paytaxtı olmaq təşəbbüsünü irəli sürən ölkəmiz bütün dünyaya bəyan edib ki, Olimpiya Hərəkatına, idmana daim böyük qayğı göstərib, onların hərtərəfli inkişafına çox mühüm əhəmiyyət verən müstəqil Azərbaycan Respublikası öz imkanlarına arxalanan və qarşısına qoyduğu məqsədlərə çatmağı bacaran qüdrətli dövlətdir. Beynəlxalq Olimpiya Komitəsi dövlətimizin, Azərbaycan idmanının beynəlxalq Olimpiya Hərəkatına verdiyi töhfələri daim yüksək dəyərləndirir. Bunun ən parlaq göstəricisi kimi respublikamıza rəhbərlik etdiyi uzun illər ərzində idmançılarımızın ən yaxın dostu olmuş ümummilli lider Heydər Əliyevin "Olimpiya ləyaqəti" mükafatına, cənab İlham Əliyevin isə BOK-un ən ali mükafatı "Olimpiya ordeni"nə layiq görüldüklərini xatırlada bilərik.
Bu da təsadüfi deyil ki, Azərbaycan paytaxtının Olimpiya oyunlarının da paytaxtı olmaq təşəbbüsünü ayrı-ayrı ölkələrin rəhbərləri də alqışlayırlar. Məsələn, Macarıstan dövlətinin başçısı cənab Pal Şmitt ötən il dekabrın 9-da onun ölkəsinin qonağı olmuş Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovla görüş zamanı Azərbaycanın müstəqillik illərində - qısa zamanda böyük uğurlar əldə etdiyini vurğulayarkən gələcəkdə Olimpiya oyunlarının ölkəmizdə keçirilməsi təşəbbüsünü dəstəklədiyini bildirmişdir.
Doğrudan da, hər gün planetin hər yerindən ölkəmizə səfərə gələn yüzlərlə, minlərlə qonağı öz gözəlliyi ilə valeh edən Bakı niyə də Olimpiya oyunları paytaxtı olmasın?!

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}


Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında