"İdman ili"ndə Azərbaycan idmançıları daha uca zirvələr fəth etmək əzmindədirlər
{nl}
Artıq 2012-ci ilin ilk aylarını yola salırıq. Xalqımız üçün çox önəmli illərdən biri olan 2012-ci ildə bütün sahələrdə özünü göstərən sürətli inkişaf tempi idman sahəsində də davam edir. Ölkəmizdə idmanın daha yüksək səviyyədə inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2012-ci il "İdman ili" elan edilmişdir. 2012-ci ilin "İdman ili" elan edilməsi çox əlamətdar hadisədir və bu, idmançıların, məşqçilərin, idman mütəxəssislərinin, ümumilikdə Azərbaycanın idman ictimaiyyətinin üzərinə böyük vəzifələr qoymuşdur. Ötən illərin statistikasına nəzər salsaq, idman sahəsində misli görünməmiş qələbələrin əldə edildiyinin şahidi olarıq.
Yola saldığımız 2011-ci il Azərbaycan üçün bütün sahələrdə, o cümlədən idman sahəsində böyük nailiyyətlərlə əlamətdar olmuşdur. Ölkəmizdə 42 beynəlxalq idman tədbiri, o cümlədən dünya və Avropa çempionatları keçirilmişdir. Ötən illərdə olduğu kimi, 2011-ci ildə də yarışlara yüksək səviyyədə ev sahibliyi etməyimiz xarici mütəxəssislərin və beynəlxalq idman rəsmilərinin diqqətini cəlb etmiş, onlar çıxışlarında bunu dönə-dönə vurğulamışlar. Azərbaycan idmançılarının nailiyyətləri bütün dünyaya səs salmışdır. Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması, idman mərkəzlərindən birinə çevrilməsi, yalnız müstəqilliyimizi bərpa etdikdən sonra mümkün olmuşdur. Müstəqilliyimizin ilk illərində xalqımızın öz azadlıq imkanlarından istifadə etməsi o qədər asan deyildi.
İdman və Olimpiya Hərəkatının təşəbbüskarı və ilhamçısı olan ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində idmanın maddi-texniki bazasının gücləndirilməsi sahəsində görülən işlər, idmançılara, idman mütəxəssislərinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı qısa bir zamanda bu sahənin sürətli inkişafının əsasını qoymuşdur. 1997-ci ildə ölkəmizin idman tarixində özünəməxsus yer tutan Azərbaycan Milli Olimpiya Komitəsinin hesabat-seçki konfransının keçirilməsi, ən təşəbbüskar, bacarıqlı namizəd kimi, İlham Əliyev prezident olmaqla, MOK-un yeni rəhbərliyinin seçilməsi ilə ölkəmizin idman tarixində parlaq səhifə açılmışdır. Rəhbərlik etdiyi sahələrdə uğurlar qazanan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açmışdır. MOK Azərbaycanın müstəqil dövlət kimi mötəbər idman yarışlarını təşkil edib keçirməyə qadir olduğunu sübut etmək sahəsində ciddi iş görməyin vacibliyini ön plana çəkmiş və bu sahədə bir sıra tədbirlər həyata keçirmişdir. Beynəlxalq əlaqələrin inkişafı və dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Bakı əvvəlcə Ənvər Çoudrinin şərəfinə boks üzrə beynəlxalq turnirə, 1999-cu ildə boks üzrə yeniyetmələr arasında Avropa, 2001-ci ildə dünya birinciliyi, 2002-ci ilin martında qadın voleybol komandaları arasında Avropa top-komanda kubokunun final mərhələsi, 2002-ci ilin mayında sərbəst güləş üzrə 45-ci Avropa çempionatına yüksək səviyyədə ev sahibliyi etdi. Yarışlar dövründə paytaxtımıza gəlmiş qonaqlar siyasi sabitliyin, təhlükəsizliyin hökm sürdüyü, sülhsevər Azərbaycanda daha böyük miqyaslı yarışların keçirilməsinə hər cür imkanın olduğunu bildirdilər. Azərbaycanda bir-birinin ardınca beynəlxalq yarışların təşkil edilməsi və yüksək səviyyədə keçirilməsi ölkəmizin beynəlxalq idman təşkilatları tərəfindən sabit, inkişafda olan bir dövlət kimi tanınmasının parlaq təzahürü idi. Artıq Azərbaycan idmançıları dünyada əsas rəqiblər kimi tanınmağa başlamışdılar. Təsadüfi deyil ki, 2000-ci ildə keçirilmiş Sidney Olimpiadasında ölkəmiz iki qızıl və bir bürünc medalla 199 ölkə arasında 34-cü yeri tutmuşdur.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da idmanın inkişafını diqqətdə saxlayır, ölkənin idman imicinin yüksəlməsi üçün məqsədyönlü tədbirlər həyata keçirir. Ötən səkkiz ildə Azərbaycan beynəlxalq Olimpiya Hərəkatında ciddi tərəfdaşa çevrilmişdir. 2004-cü il Afina və 2008-ci il Pekin olimpiadalarında qazanılmış uğurlar bunu deməyə əsas verir. Pekin Olimpiadasından ötən dövr Azərbaycanda idmanın inkişafı, ölkəmizin beynəlxalq Olimpiya Hərəkatında öz yerini daha da möhkəmləndirməsi baxımından əlamətdar olmuşdur.
2009-cu ildə şahmat üzrə milli komandamızın Serbiyada Avropa çempionu olması, Ermənistanda keçirilən gənc cüdoçuların Avropa çempionatında, güləşçilərimizin dünya və qitə çempionatlarında, boksçularımızın gənclər arasında dünya çempionatında uğurlu çıxışları idmançılarımızın qələbə əzmini bir daha sübut etmişdir. 2010-cu ildə Sinqapurda 204 ölkədən 3600 idmançının qatıldığı Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında komandamız 12 nəfərlə iştirak edərək, 8 medalla 11-ci yeri tutmuşdur. Komandamızın ABŞ, Almaniya, Böyük Britaniya kimi inkişaf etmiş idman ölkələrini geridə qoyması xalqımıza yeni qələbə sevinci bəxş etmişdir. Prezident İlham Əliyev Azərbaycan idmanının təntənəsi olan bu qələbənin tarixi nailiyyət olduğunu qeyd etmişdir. Ötən il idman sahəsində daha böyük uğurlar əldə edilmişdir. Əgər 2010-cu ildə təmsilçilərimiz beynəlxalq miqyaslı yarışlarda 675 medal əldə etmişdilərsə, 2011-ci ildə bu medalların sayı artıq 705 (əldə edilən medalların 246-sı olimpiya idman növləri üzrədir) olmuşdur. 2011-ci ildə London Olimpiadasına maksimum sayda lisenziya əldə etmək qarşıda duran ən böyük vəzifələrdən biri olub ki, idmançılarımız bu vəzifənin öhdəsindən layiqincə gəliblər. Ötən il ərzində 10 idman növü üzrə 29 lisenziya əldə edilmişdir. Paralimpiyaçılarımızın qazandıqları lisenziyaların sayı isə 18 olmuşdur.
2011-ci ildə ölkəmizin idman tarixində yeni səhifə də açılmışdır. Belə ki, Bakı 2020-ci il Yay Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürmüşdür. Artıq Azərbaycan olimpiya oyunlarına iddia ərizəsini BOK-a təqdim etmişdir. Sifariş kitabında Bakının olimpiya oyunlarına ev sahibliyi etməsi üçün qurulacaq olimpiya infrastrukturu haqqında ətraflı məlumat öz əksini tapmışdır. Ötən il ölkə futbolunun 100 illik yubileyinin qeyd olunduğu gün idmanımızın tarixində əlamətdar gün kimi yadda qalmışdır. Həmin gün Bakıda olimpiya stadionunun təməli qoyulmuşdur. Prezident İlham Əliyevin iştirak etdiyi tədbir dövlətin idmana qayğı və dəstəyinin əyani göstəricisi idi.
Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin (BOK) və Avropa Olimpiya Komitəsinin (AOK) rəhbərliyinin diqqətindən yayınmamışdır. BOK-un prezidenti Jak Roqq Azərbaycan Milli Olimpiya Komitəsini digər ölkələrin milli olimpiya komitələrinə nümunə göstərmişdir. Məhz beynəlxalq idman təşkilatlarının arzusu və istəyi ilə Azərbaycanda onlarla olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları keçirilmişdir. Prezident İlham Əliyevin olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zalda izləməsi isə onlara göstərilən ən böyük mənəvi dəstəkdir. Bu gün uğurlu idman siyasətinin nəticəsi olaraq, Azərbaycan dünya idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş kimi tanınır. MOK-un xəttilə uşaq və gənclərin problemlərinin ardıcıl olaraq həll edilməsi, onların imkan və bacarıqlarınının üzə çıxarılması, inkişaf etdirilməsi üçün hərtərəfli şəraitin yaradılması dövlətimizin fəaliyyətinin ən mühüm istiqamətlərindən birinə çevrilmişdir. İdmanın inkişafı və bədən tərbiyəsinin kütləviliyini təmin etmək üçün respublikamızda son 11 ildə 33 yeni olimpiya-idman kompleksi istifadəyə verilmiş, 11 belə kompleksin tikintisi davam edir ki, onların da 2012-2013-cü illərdə idmançıların ixtiyarına verilməsi planlaşdırılmışdır. Bakıda bədii gimnastika və boks mərkəzləri, hovuz kompleksi, olimpiya stadionunun inşası davam edir. 2012-ci ildə güləş və cüdo mərkəzlərinin təməlqoyma mərasimlərinin keçirilməsi də nəzərdə tutulmuşdur. Avropada ilk dəfə olaraq futbol üzrə 17 yaşadək qızlardan ibarət dünya çempionatına Azərbaycan ev sahibliyi edəcək. Bundan əlavə, paytaxtımızda Avropa və dünya çempionatları, dünya kuboku və digər beynəlxalq miqyaslı yarışlar təşkil olunacaqdır.
Azərbaycanda idmana dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində idmançı olmaq çox şərəfli bir peşəyə çevrilmişdir. Son illər idman bölmələrinə müşahidə edilən axın bir daha göstərir ki, gənclərimiz, uşaqlarımız idmanla məşğul olmaq istəyirlər. Azərbaycanda idmanın inkişafı üçün çox gözəl şərait yaradılmışdır. Bu inkişaf həm gənclərimizi sağlam, möhkəm iradəli, həm də vətənpərvər kimi yetişdirmək məqsədini daşıyır. Prezident İlham Əliyev bu sahədə görülən işləri yüksək qiymətləndirərək demişdir: "Azərbaycanda idmanın inkişafı sistemli xarakter daşıyır. Gənc nəslin yetişdirilməsi üçün ölkəmizdə aparılan siyasət çoxşaxəlidir. Burada biz fəaliyyətimizi təkcə idman sahəsi ilə məhdudlaşdırmırıq. Uğurları təmin etmək üçün ümumiyyətlə gənclərdə, o cümlədən idmançılarda möhkəm iradə olmalıdır, vətənpərvərlik ruhu yüksək səviyyədə olmalıdır, vətən sevgisi olmalıdır. Biz gənclərimizə bu nəcib əlamətləri aşılayırıq. Azərbaycanda bu sahədə işləri yüksək qiymətləndirirəm".
Fərəhlə deyə bilərik ki, ümummilli liderimiz Heydər Əliyevin həyatın bütün sahələrində başladığı və uğurla həyata keçirdiyi möhtəşəm işlər bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək sürətlə davam etdirilməkdədir. İldən-ilə artan uğurlarımız Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən, qabaqcıl ölkələrindən birinə çevirmişdir. Xalqımız əmindir ki, bütün sahələrdə olduğu kimi, idman və olimpiya hərəkatı sahəsində də Prezident İlham Əliyevin möhkəm iradəsi, yüksək səviyyədə diqqəti və qayğısı sayəsində respublikamız yeni-yeni uğurlar əldə edəcəkdir.
{nl}
Xəzər İSAYEV, Milli Olimpiya Komitəsinin vitse-prezidenti
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.