Şriftin ölçüsü:
05.02.2012 11:37 | Oxunma sayı: 745
O, hələ çox gəncdir, qarşıdakı mayda 25 yaşı tamam olacaq. Lakin artıq təkcə Vətəni Azərbaycanda deyil, xaricdə də yaxşı tanınır. Rövşən Bayramov güləş xalçası üzərində adlı-sanlı rəqiblərə qarşı çətin görüşlərdə işlətdiyi rəngarəng fəndlər, möhkəm iradə və əsl qələbə əzmi sayəsində böyük hörmət qazanmışdır. Təsadüfi deyil ki, hələ 21 yaşında ikən, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Vətənin yüksək mükafatına - "Tərəqqi" medalına layiq görülmüşdür.
İstedadlı güləşçinin pərəstişkarları onun böyük uğurlarına çox sevinmişlər. Rövşən yunan-Roma güləşində 55 kq çəki dərəcəsində dünyanın ən mahir ustalarından biri olduğunu aləmə səs salan gurultulu qələbələri ilə sübuta yeritmişdir. Bu qələbələri xatırlayarkən yəqin ki, ilk növbədə 2008-ci ildə keçirilmiş XXIX Yay Olimpiya Oyunlarında müvəffəqiyyətini qeyd etmək lazım gələr. Pekin Kənd Təsərrüfatı Akademiyasının idman sarayında "klassiklərin" turnirində misirli Mustafa Məhəmməd, kubalı Ernandes və 2007-ci ilin payızında doğma Bakıda təşkil edilən dünya çempionatında da kürəyini yerə vurduğu erməni Roman Amoyan üzərində qələbələr Azərbaycan güləşçisinə finalda Olimpiya çempionu adı uğrunda mübarizə aparmaq hüququ qazandırdı. Düzdür, o, bərabər səviyyədə davam edən həlledici görüşdə rusiyalı Nazir Mankiyevə uduzub, fəxri kürsünün ikinci pilləsi ilə kifayətləndi. Lakin kim bilmir ki, Olimpiya oyunlarının gümüş medalını qazanmaq da hər idmançının işi deyil.
R.Bayramov Çin Xalq Respublikasının paytaxtına aparan təyyarəyə bileti isə elə həmin 2008-ci ilin aprel ayında Finlandiyanın Tampere şəhərində keçirilən Avropa çempionatı günlərində sifariş etmişdi. Qitə birinciliyində bütün beş rəqib, o cümlədən finalda Amoyan üzərində qələbə idmançımıza qızıl medalla yanaşı, Pekin Olimpiadasına lisenziya da qazandırdı. Həlledici görüş başa çatan kimi Rövşən böyük sevinc içərisində ikiqat Avropa çempionu adı daşımağa başladı. Axı, bir il əvvəl o, Bolqarıstanın paytaxtı Sofiyada Avropa çempionatında qazandığı böyük müvəffəqiyyəti təkrar etmişdi.
Adı Olimpiya oyunlarının tarixinə dünya idmançılarının ən ali məclisinin mükafatçısı kimi düşmüş Bayramov üçün 2008-ci il bir də onunla əlamətdar olub ki, o, Beynəlxalq Güləş Federasiyası (FİLA) tərəfindən həmin ilin ən yaxşı yunan-Roma güləşçisi hesab edilib. Bu, Azərbaycan idmanı nümayəndəsinin yüksək ustalığının etirafı idi.
Əlbəttə ki, yaddaşımızı işə saldıqca digər qələbələri də xatırlaya bilərik. Rövşən 2006-cı ildə Moskvanın "Olimpiyski" İdman-Kompleksində keçirilmiş Avropa çempionatnın bürünc mükafatçısı olmuş, bundan bir qədər sonra, sentyabrda isə Quançjouda (ÇXR) dünya çempionatında fəxri kürsünün gümüş pilləsində təbrikləri qəbul etmişdir.
Həmişə Olimpiyaqabağı il kimi xatırlayacağımız 2011-ci il də R.Bayramov üçün uğurlu olmuşdur. Ötən ilin yayında o, Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə həsr edilən "Qızıl Qran-Pri" beynəlxalq turnirinin final mərhələsində bütün rəqiblərindən güclü olub ən yüksək mükafatın sevincini yaşamışdır. Bundan bir qədər sonra, sentyabrda İstanbulda keçirilən Olimpiya oyunlarına lisenziya xarakterli dünya çempionatı da güləşçimizin növbəti böyük müvəffəqiyyəti ilə əlamətdar oldu. Azərbaycan idmançısı ilk üç görüşdə bolqarıstanlı, yaponiyalı və macarıstanlı rəqiblərinə, yarımfinalda çinli Li Sujinə və finalda Belarus təmsilçisi Elbəy Tajiyevə qalib gələrək, özünü də, bütün ölkəmizi də qızıl medal və London Olimpiadasına vəsiqə ilə sevindirdi.
Dünya çempionu bu qələbədən dərhal sonra ondan müsahibə alan jurnalistlərlə söhbətində demişdi: - İndi olimpiya qızılı qazanmaq lazımdır. Pekində mən onu əldən buraxdım, Londonda isə bunu etməyəcəyəm...
Yalnız öz qüvvə və imkanlarına, bacarıq və ustalığına arxalanan idmançılar belə qəti fikir söyləyə bilərlər. Rövşən Bayramovun Pekin gümüşünə London qızılı əlavə etmək, ardıcıl iki Olimpiadanın qəhrəmanı olmaq arzusunu həyata keçirmək əzmi çox şey deyir. Əgər o, İngiltərə paytaxtınıdan Bakıya qızıl medalla qayıtsa bu, Prezident sərəncamı ilə Azərbaycan Respublikasında "İdman ili" elan edilmiş 2012-ci ildə xüsusilə mühüm əhəmiyyət kəsb edər.
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.