İdman xəbərləri. Lap Pekindəki kimi

Lap Pekindəki kimi
Azərbaycanda cüdonun lideri Elnur Məmmədli Almatıda (Qazaxıstan) yenicə başa çatmış "World Masters" seriyasından növbəti turnirdə yüksək ustalığı və inamlı çıxışları ilə yenə diqqət mərkəzində olmuşdur. Olimpiya çempionumuz 2008-ci ilin avqustunda Pekində olduğu kimi, ötən bazar günü Almatı idman sarayında da bütün rəqiblərinə, o cümlədən finalda yaponiyalı Taxakiro Nakaiyə qalib gələrək 81 kq çəki dərəcəsində bu mötəbər yarışın qızıl medalını və daha 400 reytinq xalı qazanmışdır.
Təşkilatçıların 200 min dollar məbləğində mükafat fondu təsis etdikləri bu turnir sayca üçüncü belə yarış idi. Əvvəlki iki turnir 2010-cu ildə Cənubi Koreyanın Suvon şəhərində, ötən il isə Bakıda təşkil olunmuşdu. Turnirdə hər çəki dərəcəsində ən yaxşı 16 cüdoçu mübarizə aparmışdır.
Qarşıdakı yayda Londonda keçiriləcək XXX Olimpiya Oyunlarında da fəxri kürsünün zirvəsinə yüksəlib ikiqat olimpiya çempionu adı daşımaq əzmində olan Elnurun Almatıda qazandığı qızıl medal, eləcə də Ramilə Yusubova (63 kq) və Elxan Məmmədovun (90 kq) tutduqları beşinci yer sayəsində Azərbaycan yığması "World Masters" turnirində komanda hesabında 50-yə qədər ölkə arasında doqquzuncu olmuşdur.
Qələbəsiz start turları
Hollandiyanın Veyk-an-Zeye şəhərində 14 məşhur rəqibin iştirakı ilə keçirilən XXI kateqoriyalı superturnirin ilk iki turunda azərbaycanlı qrossmesyterlər qələbələrinin hesabını aça bilməmişlər. Bu turlarda Teymur Rəcəbov italiyalı Fabiano Karuana və Hollandiya təmsilçisi Aniş Giri ilə görüşlərini heç-heçə başa çatdırmış, Vüqar Həşimov isə Maqnus Karlsenə (Norveç) uduzduqdan sonra Qata Kamski (ABŞ) ilə oyundan "dinc" nəticə ilə ayrılmışdır.
İki turdan sonra Rəcəbovun 1, Həşimovun 0,5 xalı vardır. Dünən axşam keçirilən üçüncü turda Teymur Çexiya şahmatçısı David Navara ilə görüşmüş, Vüqar isə hollandiyalı Lük van Veliyə qarşı oynamışdır.
Sevilyada Azər Mirzəyev sevindi
İspaniyanın Sevilya şəhərində başa çatmış beynəlxalq turnirin qalibi Azərbaycan şahmatçısı Azər Mirzəyev olmuşdur. Sonuncu turda argentinalı Daniel Kamporaya qalib gələn qrossmeysterimiz 9 mümkün xaldan 8 xal toplayaraq yarışın ikinci mükafatçısı xorvatiyalı Ante Sariçi bir xal qabaqlamışdır.
Digər təmsilçimiz Bəhruz Rzayev isə 6,5 xalla 150-yə qədər iştirakçı arasında 22-ci yeri tutmuşdur.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında