İdman xəbərləri.Yenə "Rabitə"nin xeyrinə 3:0

Bakının "Rabitə" klubu qadın voleybol komandaları arasında Çempionlar Liqası turnirində üç həftəlik fasilədən sonra qrup mərhələsində sonuncudan əvvəlki, beşinci turun oyununu keçirərək növbəti qələbə qazanmışdır.
Azərbaycan paytaxtı voleybolçuları bu dəfə "Sərhədçi" İdman Olimpiya Mərkəzində Almaniyanın "Drezdner" klubunu qəbul etmiş və qonaqları üç hissədə məğlubiyyətə uğratmışlar - 3:0 (25-17, 25-17, 25-16). Xatırladaq ki, dekabrda Almaniyada oynanılmış matçda da bakılılar bu rəqibə 3:0 hesabı ilə qalib gəlmişdilər.
"Rabitə" turnirdə dördüncü qələbə sayəsində 12 xalla "B" qrupunun lideri olmuşdur. Qrupun digər görüşü dünən axşam İstanbulda "Fənərbaxça" və "Mulhauz" (Fransa) komandaları arasında keçirilmişdir. Bu oyunda qələbə təqdirində Türkiyə voleybolçularının da 12 xalı olacaqdı. Son turun nəticələrindən asılı olmayaraq "Rabitə" də, "Fənərbaxça" da indidən pley-off mərhələsinə hazırlaşa bilərlər. İlkin mərhələyə yanvarın 17-nə təyin edilmiş "Mulhauz" - "Rabitə" və "Drezdner" - "Fənərbaxça" görüşləri ilə yekun vurulacaqdır. Qrupda birinci yeri kimin tutacağı da məhz bu oyunlardan sonra məlum olacaq.
"Azərreyl"in çıxış etdiyi "D" qrupunda da bir görüş keçirilmişdir. "Konstanta" (Rumıniya) öz meydanında "Vakifbank"a (Türkiyə) 0:3 hesabı ilə uduzmuşdur. Faiq Qarayevin yetirmələri isə bu gün İtaliyanın Berqamo şəhərində yerli "Foppapedretti"yə qarşı oynayacaqlar.

{nl}

Qrossmeysterlərimiz superturnir ərəfəsində
İki azərbaycanlı qrossmeyster Teymur Rəcəbov və Vüqar Həşimov 2012-ci ilə FİDE-nin reytinq cədvəlinə dünyanın ən yaxşı 10 şahmatçısı sırasında qədəm qoymuşlar. Yanvarın 1-nə olan vəziyyətə görə Rəcəbov siyahıda 2773 xalla beşinci pillədədir, Həşimov (2761) isə onuncudur.
Norveçli Maqnus Karlsenin (2835) başçılıq etdiyi siyahıya həmçinin Levon Aronyan (Ermənistan, 2805), Vladimir Kramnik (Rusiya, 2801), Vişvanatan Anand (Hindistan, 2799), Veselin Topalov (Bolqarıstan, 2770), Sergey Karyakin (Rusiya, 2769), Vasili İvançuk (Ukrayna, 2766) və Aleksandr Morozeviç (Rusiya, 2763) daxildirlər.
Tezliklə bu şahmatçıların bir çoxu - Rəcəbov, Həşimov, Karlsen, Aronyan, Topalov, Karyakin, İvançuk yeni ildə ilk starta çıxacaqlar. Onlar yanvarın 14-dən 29-dək Hollandiyanın Veyk-an Zeye şəhərində ənənəvi superturnirin mükafatları uğrunda mübarizə aparacaqlar. Turnirdə daha yeddi rəqib çıxış edəcək. Bunlar Qata Kamski, Hikaru Nakamura (hər ikisi ABŞ), Boris Gelfand (İsrail), Hollandiya şahmatçıları Aniş Giri və Luk van Veli, italiyalı Fabiano Karuana və David Navaradır (Çexiya).
Azərbaycan şahmatının daha bir lideri, FİDE-nin reytinq cədvəlində 2747 xalla 14-cü mövqedə olan Şəhriyar Məmmədyarov isə yanvarın 24-də Cəbəllütariqdə başlanacaq beynəlxalq "Gibraltar masters" turnirinə hazırlaşır. Təşkilatçıların 150 min funt sterlinq məbləğində mükafat fondu təsis etdikləri bu yarışda həmyerlimizin rəqibləri Yudit Polqar (Macarıstan), Petr Svidler (Rusiya), Maykl Adams (İngiltərə), Maksim Vaşye-Laqrav (Fransa) və başqaları olacaqlar.
Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında