Macarıstan dövlətinin başçısı cənab Pal Şmitt dekabrın 9-da Budapeştdə səfərdə olmuş Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovla görüş zamanı Azərbaycanın müstəqillik illərində - qısa zamanda böyük uğurlar əldə etdiyini vurğulayarkən gələcəkdə Olimpiya oyunlarının ölkəmizdə keçirilməsi təşəbbüsünü dəstəklədiyini bildirmişdir.
Dünyanın ən gözəl paytaxt şəhərlərindən biri olan Bakının 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarının da paytaxtı olmaq üçün göstərdiyi təşəbbüs Macarıstanla yanaşı, bir çox başqa ölkədə, beynəlxalq idman dairələrində də maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir. Bu isə təsadüfi deyil: artıq iyirmi ilə yaxındır ki, ümumdünya olimpiyaçılar ailəsinin ən fəal üzvlərindən olan Azərbaycan Milli Olimpiya Komitəsi bu müddət ərzində, xüsusən də 1997-ci il iyulun 31-də ARDNŞ-in birinci vitse-prezidenti cənab İlham Əliyev MOK İcraiyyə Komitəsinin iclasında yekdilliklə onun prezidenti seçildikdən sonra ölkədə Olimpiya Hərəkatı geniş vüsət almış və inkişafı daim diqqət mərkəzində saxlanılmışdır. Beynəlxalq meydanda, o cümlədən dünya idmançılarının ən ali məclisi olan Olimpiya oyunlarında qazanılan qələbə və medallar, respublikamızda istifadəyə verilmiş bir-birindən yaraşıqlı 30-dan çox Olimpiya İdman Kompleksi, Bakı ilə yanaşı, Gəncə, Naxçıvan, Sumqayıt, Şəki, Quba və digər şəhər və rayonlarımızda təşkil edilən beynəlxalq yarışlar geniş əks-səda doğurur və xarici ölkələrdən olan qonaqlarımız bu yarışlar, Azərbaycanda idmana, Olimpiya Hərəkatına göstərilən qayğı haqqında razılıq hissi ilə danışır, burada gördüklərini yüksək qiymətləndirirlər.
1998-ci ilin martında İsveçrənin Lozanna şəhərində keçirilmiş görüşdə Beynəlxalq Olimpiya Komitəsinin o zamankı prezidenti Xuan Antonio Samaranc Azərbaycan MOK-unun rəhbəri İlham Əliyevə müraciətlə demişdi: - Azərbaycanda Olimpiya Hərəkatı, olimpizm, Olimpiya oyunları, ümumiyyətlə, idman sahəsində işin canlanması son zamanlar açıq-aşkar hiss olunur. Azərbaycanda Olimpiya Hərəkatındakı canlanmanı və müsbət istiqamətdə dönüşü mən yüksək qiymətləndirirəm. Sizin ardıcıl və məqsədyönlü fəaliyyətiniz Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana daha da böyük qayğı və diqqətlə yanaşmasına geniş imkanlar açır.
Bundan cəmi iki il sonra, 2000-ci ilin oktyabr ayında respublikamızın qonağı olmuş Avropa Olimpiya Komitəsinin prezidenti (hazırda Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri) Jak Roqq da Bakıda yeni Olimpiya Kompleksinin təntənəli açlıış mərasimindəki çıxışında Azərbaycanda Olimpiya Hərəkatı və idmanın inkişaf sürətindən, bu sahəyə göstərilən qayğıdan, Milli Olimpiya Komitəsinin fəaliyyətindən məmnun olduğunu bildirmişdi: "Sizin fəaliyyətiniz keçmiş sovet məkanında yaradılmış bütün milli olimpiya komitələri üçün bir nümunədir. Avropada məndən bu məkanda Olimpiya Hərəkatının inkişafı barədə soruşanda böyük məmnunluqla Sizin ölkənizi misal göstərirəm".
Azərbaycanda Olimpiya Hərəkatının və bütünlükdə idmanın inkişafı istiqamətində həyata keçirilən işlər, bütün idman təşkilatlarımızın birgə səylə səmərəli fəaliyyəti, əldə olunmuş uğurlar barədə dünya və Avropa idmanının digər rəhbərləri, məşhur mütəxəssislər də ölkəmizə və idmanımıza məhəbbətlə söz açırlar. Beynəlxalq Güləş Federasiyasının prezidenti Rafael Martinetti, FİFA rəhbəri Yozef Blatter, UEFA-ya başçılıq edən Mişel Platini, Beynəlxağq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan, Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti Yan Xronek və başqaları müxtəlif illərdə Azərbaycana səfərləri zamanı burada idman sahəsində böyük işlərin həyata keçirildiyini, müasir standartlara cavab verən çoxsaylı obyektlərin tikildiyini qeyd etmişlər.
Məhz görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, sağlamlıq və gümrahlıq məşğələlərinin faydasını, onların bəxş etdiyi nəcib keyfiyyətləri və sevinci getdikcə daha çox adam hiss edir. Əsl sınaq və şöhrət meydanı olan beynəlxalq yarışlarda həmvətənlərimizin fəxri kürsüyə yüksəlmələri isə hər birimizin qürur mənbəyinə çevrilir. Hələ ötən əsrin 70-ci illərindən ümummilli lider Heydər Əliyevin daimi qayğısı ilə əhatə olunmuş gənclərin asudə vaxtının səmərəli təşkili, bunun da əsasında böyük idmanda yüksək nəticələr qazanmaq üçün idmançılara zəruri şərait yaradılması kimi çox mühüm bir iş hazırda uğurla davam etdirilir.
Azərbaycan Prezidenti və Milli Olimpiya Komitəsi rəhbərinin idmanın inkişafı, idmançılara məşqlər üçün lazımi şəraitin təmin edilməsi və onlara hərtərəfli kömək göstərilməsi məsələlərini daim diqqət mərkəzində saxlaması ilə yanaşı, imkan düşdükcə yarışlara gedib mübarizənin gedişini birbaşa tribunadan izləməsi də istər beynəlxalq dairələrdə, istərsə də ölkəmizdə böyük rəğbətlə qarşılanır. Bu barədə danışarkən 2007-ci ilin yayında Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilmiş bədii gimnastika üzrə qitə çempionatı günlərində Avropa Gimnastika İttifaqının prezidenti Dimitrios Dimitropoulosun dediyi sözləri xatırlatmaq yerinə düşər: "Mən heyranam! Avropa çempionatları tarixində ilk dəfə olaraq ölkə Prezidenti yarışlara təşrif buyurur. Bu cür tədbirlərin dövlət səviyyəsində dəstəklənməsi çox vacibdir. Mən Prezident İlham Əliyevə yarışa göstərdiyi böyük dəstəyə görə minnətdarlığımı bildirirəm. Əgər növbəti Avropa çempionatını harada keçirmək istədiyimizi soruşsalar, mən səmimi qəlbdən bunun yenidən Azərbaycanda təşkil olunmasını istərdim".
MOK prezidentinin olimpiyaçılar komandasının üzvü, Pekin Olimpiadasının çempionu, cüdoçu Elnur Məmmədli isə 2008-ci ilin finişində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin V hesabat-seçki Baş Məclisində öz çıxışında dövlət başçımıza minnətdarlığını bu sözlərlə ifadə etmişdi: - Möhtərəm cənab Prezident, Pekində yarışda çıxış edəndə Sizin tribunada tamaşaçılar arasında olmağınız mənə sanki güc və qüvvət verdi, özümə olan inamımı artırdı. Mən yalnız qələbə haqqında fikirləşirdim. Qalib gəlmək mənim borcum idi və sevinirəm ki, bu borcumu yerinə yetirə bildim.
Beynəlxalq əlaqələrə mühüm əhəmiyyət verən Azərbaycan MOK-unun rəhbərliyi 1997-ci ildən başlayaraq BOK-un, Milli Olimpiya Komitələri Assosiasiyasının. Avropa Olimpiya Komitəsinin baş məclislərində, digər tədbir və görüşlərdə daha fəal iştirak edir. Beynəlxalq əlaqələrin genişləndirilməsində güclü bir təsir vasitəsi olan belə görüşlərdə ölkəmizdə Olimpiya Hərəkatının, idmanın inkişafında baş verən sürətli müsbət dəyişikliklər yekdilliklə etiraf olunur. Cənab İlham Əliyevin 2004-cü ildə, Afinada XXVIII Yay Olimpiya Oyunları ilində beynəlxalq Olimpiya Hərəkatında böyük xidmətlərinə görə BOK-un ali mükafatı Olimpiya ordeninə layiq görülməsi də bu etirafın sübutu idi. Yunanıstanın baş şəhərində Olimpiadaya bir neçə ay qalmış, martda Azərbaycan Milli Olimpiya Komitəsi prezidentinin yüksək mükafata layiq görülməsi barədə BOK-un mənzil-qərargahından alınan xəbər idman ictimaiyyətimizin, bütün xalqımızın böyük sevincinə səbəb oldu. Bu mükafat bir daha təsdiq etdi ki, ölkə rəhbəri olmaqla yanaşı, Milli Olimpiya Komitəsinin prezidenti kimi də yorulmaz fəaliyyət göstərən və respublikamızı dünyanın tanınmış idman dövlətlərindən birinə çevirən Azərbaycan Prezidenti qısa dövr ərzində beynəlxalq idman dairələrində böyük nüfuz qazanmışdır.
Cənab İlham Əliyevin ölkə Prezidenti olduqdan sonra da MOK-un rəhbəri vəzifəsində qalması dövlət başçımızın idmanın və Olimpiya Hərəkatının inkişafına, gənclərin sağlam və gümrah böyümələrinə, onların bədən tərbiyəsi və idmanla yaxından dostluq etmələrinə göstərdiyi böyük qayğı və diqqətin parlaq təzahürüdür.
Həyatın bütün sahələrində əsl tərəqqi illərini yaşayıb gündən-günə möhkəmlənən Azərbaycan Respublikasında paytaxt Bakı və digər böyük şəhərlərlə yanaşı, bölgələrdə də beynəlxalq standartlara cavab verən olimpiya idman komplekslərinin inşa edilməsi onu göstərir ki, ölkənin hər yerində gənclərin idman məşğələləri, ən yaxşı atletlərimizin isə öz ustalıqlarını daha da artırması üçün zəruri şərait yaradılması məqsədilə hər cür tədbir görülür. Özü də bu komplekslərdən təkcə Azərbaycan idmançıları istifadə etmir, onların xaricdəki həmkarları da təlim-məşq toplanışları keçirmək üçün tez-tez respublikamıza gəlir və təbii ki, ən yaxşı idman bazalarımızda onlar üçün yaradılan imkana görə minnətdarlıqlarını bildirirlər.
Azərbaycanın idman təşkilatlarının rəhbərləri həm də onunla fəxr edə bilərlər ki, bir sıra beynəlxalq federasiyalar özlərinin ən mötəbər yarışlarının - voleybol, güləş, boks, bədii gimnastika, cüdo, taekvondo və digər növlər üzrə dünya və Avropa çempionatlarının, olimpiya təsnifat turnirlərinin təşkilini ölkəmizə etibar edirlər. Gələn il 17 yaşlı qızlardan ibarət futbol komandaları arasında dünya çempionatının Bakıda keçirilməsi haqqında qərar da FİFA rəhbərliyinin Azərbaycana göstərdiyi yüksək etimaddan xəbər verir.
Bu gün Olimpiya oyunlarının azərbaycanlı çempionları və mükafatçıları Namiq Abdullayev, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, İradə Aşumova, Ağası Məmmədov, Şahin İmranov, Rövşən Bayramov, Vitali Rəhimov, Mövlud Mirəliyev, Xetaq Qazyumov və başqalarının, həmçinin dünya və Avropa çempionatlarında fəxri kürsüdə təbrikləri qəbul etmiş idmançılarımızın adları təkcə ölkəmizdə deyil, xaricdə də hörmətlə çəkilir. Azərbaycan idmançılarının hər növbəti Olimpiadada əvvəlki Oyunlarla müqayisədə daha geniş nümayəndə heyəti ilə təmsil olunmaları, daha çox medal qazanmaları da xüsusi qeyd edilməlidir. Həmvətənlərimizin müxtəlif illərdə Paralimpiya oyunlarında, Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında, Avropa Olimpiya festivallarında, İslam Ölkələrinin I Həmrəylik Oyunlarında uğurlu çıxışları idman, Olimpiya Hərəkatı tariximizin şanlı səhifələridir.
Gənc cüdoçularımızın iki il əvvəl İrəvanda keçirilmiş Avropa çempionatında parlaq çıxışları da unudulası hadisə deyil. Qitə birinciliyinə beş nəfərlə gedən təmsilçilərimizin beşi də fəxri kürsüyə yüksəldi. Çempionatın sonuncu günü 100 kq çəki dərəcəsində çıxış edən Elmar Qasımovun qızıl medalı isə bizə hədsiz sevinc gətirdi. Ondan əvvəl İlqar Muşkiyev (55 kq) gümüş, Rasim Əsədullayev (60 kq), Fəqan Eminoğlu (66 kq), Ramin Qurbanov (81 kq) isə bürünc mükafatların sevincini yaşamışdılar. Nəticədə tatami ustalarımız Ermənistanı Azərbaycan dövlət himninin əzəmətli sədaları altında tərk etdilər.
Artıq finişin astanasında olan 2011-ci il də Azərbaycan idmanının növbəti zəfər ili kimi yadda qalacaq. Bu il idmançılırımız 700-dən çox medal qazanmışlar və bu, Azərbaycan idmanında ən yüksək nəticədir.
İdman ictimaiyyətimiz, bütün xalqımız dünya və Avropa çempionatlarında fəxri kürsüdə təbrikləri qəbul etmiş güləşçilər Rövşən Bayramov, Şərif Şərifov, Cəbrayıl Həsənov, Mariya Stadnik, boksçular Məhəmmədrəsul Məcidov, Teymur Məmmədov, avarçəkənlər Sergey Bezuqlı, Maksim Prokopenko, Valentin Demyanenko, Azərbaycanda bədii gimnastika tarixində dünya çempionatlarında ilk dəfə çoxnövçülükdə bürünc mükafatçı olmuş Aliyə Qarayeva, klublararası dünya çempionu "Rabitə" qadın voleybol komandamız, SOCAR-ın heyətində şahmat üzrə klublararası Avropa çempionatının və milli komandamızın tərkibində qitə birinciliyinin gümüş mükafatçıları Teymur Rəcəbov, Vüqar Həşimov, Şəhriyar Məmmədyarov və onların komanda yoldaşlarının qələbə və medallarına ürəkdən sevinmişdir.
Azərbaycan idmanının ən yaxşı nümayəndələri olimpiyaqabağı ildə London Olimpiadasına lisenziyalar uğrunda mübarizədə də özlərini yaxşı cəhətlən göstərmişlər. Artıq XXX Yay Olimpiya Oyunlarına 28 vəsiqə qazanılmışdır. Taekvondo, güləş, boks, avarçəkmə, bədii gimnastika, ağırlıqqaldırma ustalarımız və daha bir neçə növün nümayəndələri İngiltərə paytaxtında olimpiya startlarına çıxmaq hüququnu özlərinə təmin etmişlər. Olimpiyadayadək isə daha neçə-neçə idmançının lisenziyaya sahib olacağı heç kimdə şübhə doğurmur. Gələn ilin birinci yarışında güləşçiləri, bədii gimnastları, boksçuları, taekvondoçuları və bəzi başqa olimpiya ümidlərimizi, lisenziyalar uğrunda yeni yarışlar gözləyir. Təmsilçilərimiz bu turnirlərdən "bol məhsul" götürmək əzmindədirlər.
Xüsusi vurğulaya bilərik ki, Londonda Olimpiya oyunlarının keçiriləcəyi 2012-ci il Azərbaycan Olimpiya Hərəkatı, bütün idmanımız üçün əlamətdər hadisələrlə zəngin olacaq. Gələn il Azərbaycan idmanı yetirmələrinin SSRİ yığma komandası heyətində Olimpiya oyunlarında ilk startlarının 60 illiyi tamam olacaq, 1952-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə keçirilmiş həmin Olimpiadada sərbəst üsulla güləşən Rəşid Məmmədbəyovun qazandığı gümüş medalın da ilk olimpiya mükafatımız kimi Azərbaycan idmanı tarixində xüsusi yeri var. Barselona Olimpiadası-92-nin çempionu cüdoçu Nazim Hüseynovun böyük müvəffəqiyyətinin 20-ci ili də 2012-yə təsadüf edəcək. Gələn il Azərbaycan Milli Olimpiya Komitəsinin rəsmən fəaliyyətə başlamasının iyirminci ildönümünü qeyd edəcəyik. Nəhayət, 2012-ci ildə cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərliyinin 15-ci ildönümü tamam olacaq. Özü də bu hadisə Londonda XXX Yay Olimpiya Oyunlarının birinci həftəsinə təsadüf edəcək.
Bütün əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də idman komplekslərinin tikintisində böyük canlanma müşahidə olunmuşdur. Azərbaycan futbolunun 100 yaşının qeyd olunduğu ildə, iyunun 6-da Bakı Olimpiya Stadionunun təməlinin qoyulması çox yerinə düşmüşdür. FİFA və UEFA prezidentlərinin, dünya futbol ictimaiyyətinin digər görkəmli nümayəndələrinin, futbol veteranlarının və bir sıra başqa qonaqların iştirak etdikləri həmin tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında dövlətimizin futbolun inkişafı üçün lazımi tədbirlər gördüyünü qeyd edərək demişdir: "Futbolun inkişafı hər bir ölkə üçün vacibdir. Futbol ən sevimli idman növüdür. Azərbaycanda da belədir. Biz çox istəyirik ki, uşaqlarımız, gənclərimiz, yeniyetmələrimiz futbol seksiyalarına qoşulsunlar, futbolla məşğul olsunlar. Bunu etmək üçün indi şərait daha da yaxşıdır. Son illərdə ölkəmtzdə bir neçə stadion istismara verilmişdir. Futbol meydançaları tikilir. Yəni futbolun kütləviliyinin təmin edtlməsi üçün Azərbaycanda böyük işlər aparılır".
İlin daha bir əlamətdar hadisəsi isə Bakının 2020-ci ildə Yay Olimpiya Oyunlarının təşkilatçısı olmaq üçün öz namizədliyini irəli sürməsidir. Bu gün Azərbaycan paytaxtı İstanbul, Doha, Roma, Tokio və Madridlə birlikdə Olimpiada - 2020-ni keçirmək təşəbbüsü göstərmiş altı iddiaçı şəhərdən biridir. Ümumdünya Olimpiya Hərəkatında böyük marağa səbəb olan gözəl təşəbbüsdür.
Bakının Olimpiya oyunlarının paytaxtı olmaq təşəbbüsünü irəli sürən ölkəmiz bir daha bütün dünyaya bəyan edib ki, Olimpiya Hərəkatına, idmana daim böyük qayğı göstərib, onların hərtərəfli inkişafına çox mühüm əhəmiyyət verən müstəqil Azərbaycan Respublikası öz imkanlarına arxalanan və qarşısına qoyduğu məqsədlərə çatmağı bacaran qüdrətli dövlətdir.
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.