Azərbaycanda idmanın inkişafı daim diqqət mərkəzində saxlanılır

{nl}

Müstəqilliyin ilk illərində ölkəmizin düşdüyü böhranlı vəziyyət digər sahələr kimi idman komplekslərinin dağılmasına, ölkənin idman potensialının zəifləməsinə səbəb olmuşdu. Perspektivli idmançıların çoxu dözülməz şərait ucbatından Azərbaycanı tərk etmək məcburiyyətində qalmışdı.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana da münasibət kökündən dəyişdi. İdmanın inkişafı dövlət siyasətinin prioritetinə çevrildi. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar. İlk dəfə 1996-cı il Atlanta Olimpiadasına 23 nəfər idmançı ilə qatılan Azərbaycanın 197 ölkə arasında 61-ci yeri tutması idmanımızın beynəlxalq olimpiya hərəkatında ilkin nailiyyəti idi.
Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə ulu öndərin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. 1995-ci il martın 5-də isə Heydər Əliyevin imzaladığı yeni bir fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliği və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında Fond yaradıldı.
Həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar və üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Ümummilli liderimiz idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi. Ulu öndər Azərbaycan idmanının dövlətimizin imicinin möhkəmlənməsində, dünyada tanınmasında müstəsna rolunu önə çəkərək deyirdi: "İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır".
Dahi şəxsiyyətin idman sahəsində reallaşdırdığı siyasət 1997-ci ildən yeni mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. 2000-ci ildən etibarən Azərbaycanın bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başlandı.
2004-cü ilin avqustun 30-da "Azərbaycan Respublikasında 2004-2008-ci illər ərzində bədən tərbiyəsi və idmanın inkişafı" Proqramının qəbul edilməsi, "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adının və "Bədən tərbiyəsi və idman günü"nün təsis olunması, 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı haqqında fərman imzalanması bütün idman ictimaiyyətinə verilən yüksək qiymətin təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev idmançıların sosial vəziyyətlərini yaxşılaşdırmaq məqsədilə yüksək nailiyyətlər əldə etmiş idmançılar haqqında mükafat və təqaüdlərin verilməsi ilə bağlı sərəncam və fərmanlar imzalamışdır. Belə ki, Milli Olimpiya Komitəsinin təqaüdləri idmanın Olimpiya növlərində hər il, əvvəlki ildə dünya və Avropa çempionatlarında, dünya kuboku "A" kateqoriyalı beynəlxalq yarışlarda mükafata layiq yerləri tutumş idmançılar, eləjə də onların məşqçilərinə üç kateqoriya üzrə təqaüd nəzərdə tutulmuş və illər üzrə ödənilir.
Dövlətin bədən tərbiyəsi və idmana diqqəti nəticəsində Milli Olimpiya Komitəsi Azərbaycan idmanının inkişafında müstəsna xidmətləri ilə seçilən veteran idmançılar üçün də xüsusi təqaüd təyin etmiş və 1998-ci ildən bəri bu təqaüdlər ödənilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bədən tərbiyəsi və idmana diqqət və qayğısı sayəsində bu gün Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Azərbaycanda hər il müxtəlif idman növləri üzrə keçirilən dünya, Avropa çempionatı, beynəlxalq miqyaslı, nüfuzlu turnirlər həmin idman növlərinin ölkəmizdə daha sürətlə populyarlaşmasına təkan verir.
Cənab İlham Əliyevin MOK prezidenti seçilməsindən sonra Azərbaycan beynəlxalq olimpiya hərəkatına daha fəal qoşularaq öz idman potensialını nümayiş etdirdi. Buna 2000-ci il Sidney Olimpiya Oyunlarını misal göstərmək olar. İki qızıl və bir bürünc medalla ölkəmiz 199 ölkə arasında 34-cü yeri tutdu. Azərbaycan Milli Olimpiya Komitəsi həm də respublikada beynəlxalq yarışların əsas təşkilatçılarından biri oldu. MOK prezidentinin müraciəti ilə 1999-cu ildə boks üzrə yeniyetmələr arasında Avropa çempionatı ilk dəfə Azərbaycanda keçirildi. Bu çempionatın yüksək səviyyədə təşkil olunması və keçirilməsi Beynəlxalq Həvəskar Boks Assosiasiyasının diqqətini cəlb etdi. Yeniyetmələr arasında boks üzrə ilk dünya çempionatının 2001-ci ildə Bakıda keçirilməsi barədə qərar qəbul olundu.
Xalqımızın fiziki-mənəvi sağlamlığına çalışan cənab İlham Əliyev Azərbaycanın Prezidenti seçildikdən sonra da idmanın inkişafını diqqətdə saxlayır, respublikamızın idman imicinin yüksəlməsinə çalışır. Ötən illər ərzində Azərbaycan beynəlxalq olimpiya hərəkatında ciddi tərəfdaşa çevrilib. 2004-cü il Afina və 2008-ci il Pekin Olimpiya oyunlarında qazanılan uğurlar bunu deməyə əsas verir. Respublikamız Afina Olimpiya Oyunlarında 1 qızıl və 4 bürünc medalla 202 iştirakçı dövlət arasında 37-ci yeri tutdu. 2008-ci il Pekin Olimpiya Oyunlarında isə komandamız Azərbaycanın qədim idman ənənəsinə malik ölkə olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.
Prezident İlham Əliyevin ölkəmizin kompleks inkişafına xidmət edən siyasi xəttinin konturları həm də idman infrastrukturunun möhkəmlənməsi, genişlənməsi, yeniləşməsi və bu sahənin inkişafına xidmət edən digər tədbirlərlə müşayiət olunur. Dövlət başçısı İlham Əliyev Azərbaycanın hər yerində idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən idman infrastrukturunun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Ötən illərdə Gəncədə, Naxçıvanda, Şəkidə, Qubada, Şamaxıda, Lənkəranda, Qazaxda, Bərdədə, Bakının Maştağa kəndində və digər bölgələrdə 30-dan çox olimpiya idman kompleksi tikilmişdir. Hətta cəbhə xəttinin bir neçə kilometrliyində, Ağdamın Quzanlı qəsəbəsində möhtəşəm idman qurğusu idmançılarımızın istifadəsinə verilmişdir.
Bu gün uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərliklərinin diqqətindən yayınmayıb. Məhz beynəlxalq idman təşkilatlarının istəyi ilə Azərbaycanda onlarla olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları keçirilib. Prezident İlham Əliyevin Olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zalda izləməsi isə onlara göstərilən ən böyük mənəvi dəstəkdir.
İdman ölkəmizdə gələcəkdə daha da inkişaf edəcək və idmançılarımız Azərbaycana yeni-yeni uğurlar qazandıracaq. Çünki ulu öndər Heydər Əliyevin ölkədə bədən tərbiyəsi və idmanın inkişafı sahəsində gördüyü genişmiqyaslı tədbirlər Azərbaycanı dünyaya idman ənənələri olan ölkə kimi də tanıtdırdı. Bu istiqamətdə görülən işlərin yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən daha da genişləndirilməsi uğurlarımızı artırmaqdadır.

{nl}

Dilqəm QULİYEV, pedaqogika üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında