"Prezident Kuboku" uğrunda çempionatların qaliblərinə mükafatlar təqdim olunmuşdur

{nl}

Naxçıvanda "Prezident Kuboku" uğrunda boks, şahmat, güləş, kikboksinq və karate-do idman növləri üzrə muxtar respublika çempionatları başa çatmışdır. Dekabrın 22-də Naxçıvan Olimpiya-İdman Kompleksində qalib komandalara mükafatların təqdim olunması mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mərasimdə iştirak etmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov ölkəmizdə idman sahəsində həyata keçirilən tədbirlərin muxtar respublikanı da əhatə etdiyini, bu sahənin maddi-texniki bazasının gücləndirildiyini bildirmişdir.
Qeyd olunmuşdur ki, bu il dekabrın 15-dən 22-dək boks, şahmat, güləş, karate-do və kikboksinq idman növləri üzrə "Prezident Kuboku" uğrunda muxtar respublika çempionatları keçirilmişdir. Bu çempionatlarda boks üzrə 7 komandada 100, şahmat üzrə 8 komandada 70, güləş üzrə 6 komandada 80, karate-do üzrə 7 komandada 60 və kikboksinq üzrə isə 5 komandada 110 idmançı mübarizə aparmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mərasim iştirakçılarını və gəncləri salamlamış, möhtəşəm idman tədbirinin bütün iştirakçılarını və qaliblərini təbrik etmiş, təşkilatçılara öz təşəkkürünü bildirərək demişdir: "Prezident Kuboku" uğrunda Naxçıvan Muxtar Respublikası çempionatları, birinci növbədə, onu göstərdi ki, idman ictimaiyyətində, gənclik mühitində, ümumilikdə muxtar respublika əhalisi arasında ölkə rəhbərinə hədsiz məhəbbət və tükənməz ehtiram vardır. Məhz bu səbəbdən çempionatlar böyük ictimai marağa səbəb olmuş, kütləviliyi ilə seçilmiş, əsl idman bayramına çevrilmişdir.
İdman yarışlarında kütləviliyin bir səbəbi də bu yarışların ən müasir avadanlıqların və standartların tətbiq olunduğu, ən yeni idman infrastrukturunun yaradıldığı bir məkanda keçirilməsidir. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər göz qabağındadır. Bunlar ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyi ilə bağlı müəyyənləşdirdiyi siyasətin və bu siyasətin uğurla davam etdirilməsinin bəhrələridir.
Qeyd olunmuşdur ki, xalqımızın dahi rəhbəri daim Azərbaycanın gələcəyini düşündüyü üçün onun gəncliyinin yetişməsi vacibliyini də diqqət mərkəzində saxlamış, bu məsələni ümummilli vəzifələr sırasına çəkərək demişdir: "Bizim, sizin, hamımızın vəzifəsi müstəqil Azərbaycanın sağlam gəncliyini tərbiyə etmək, bilikli etmək, müasir dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırmaq, Azərbaycanda müstəqil, demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu işinə cəlb etməkdir".
Ümummilli liderimizin müəyyənləşdirdiyi istiqamətdə fəaliyyətin təşkili sağlam gəncliyin yetişməsinə kompleks yanaşma tələb edir. Sağlam gənclik yetişdirmək üçün isə birinci növbədə idman və kütləvi bədən tərbiyəsi hərəkatı genişləndirilməli, davamlı xarakter almalıdır.
Ali Məclisin sədri demişdir: "Ulu öndərimizin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyev ölkəmizin və Milli Olimpiya Komitəsinin rəhbəri seçiləndən sonra gənclər arasında sağlam həyat tərzinin formalaşdırılması, fiziki-mənəvi dəyərlərin təbliği, zərərli vərdişlərin aradan qaldırılması istiqamətində təsirli tədbirlər həyata keçirilmiş, bədən tərbiyəsi və idman inkişaf etdirilmiş, Azərbaycan, sözün əsl mənasında, idman ölkəsinə çevrilmişdir. Əgər əvvəllər Azərbaycan beynəlxalq yarışlarda iştirak edən ölkə idisə, hazırda yüksək səviyyəli idman yarışlarının, dünya və qitə çempionatlarının keçirildiyi ölkədir. Aydın məsələdir ki, bu cür yarışların keçirilməsi təklif və ya istəklə olmur. Onun üçün ölkənin iqtisadi potensialı da gücləndirilməli, müasir xidmət və sosial infrastruktur formalaşdırılmalı, bunlarla yanaşı, müasir idman kompleksləri, təlim-məşq bazaları yaradılmalıdır. Bütün bunlar isə Azərbaycanda mövcuddur".
Ali Məclisin sədri son illər Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idman hərəkatının genişləndirilməsi ilə bağlı görülən tədbirlərin bu sahədə inkişafın konkret bir regionda əyani ifadəsi olduğunu bildirərək demişdir: "Bu gün Naxçıvan Muxtar Respublikası istənilən səviyyəli idman yarışlarının keçirilməsi üçün tələb olunan nümunəvi şəraitə malikdir. Təkcə 2011-ci il ərzində 3 beynəlxalq əhəmiyyətli idman tədbirinin muxtar respublikada keçirilməsi qeyd olunanların daha bir əyani ifadəsidir".
Ali Məclisin sədri demişdir: "Naxçıvan Muxtar Respublikasında idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, onun təşkilati-hüquqi bazasının da təkmilləşdirilməsi, müxtəlif növlər üzrə federasiyaların fəaliyyət göstərməsi idman maarifinin genişləndirilməsinə, əhali arasında sağlam həyat tərzinin təbliğinə öz təsirini göstərmişdir".
Qeyd olunmuşdur ki, cari il yanvarın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə qarşıya qoyulmuş əsas məqsəd də idmanın kütləviliyinin təmin olunması idi. Ötən müddət ərzində bu istiqamətdə müəyyən tədbirlər görülmüş, aid qurumların fəaliyyəti mərkəzləşmiş qaydada əlaqələndirilmiş, uşaq və gənclər müəssisələrində yaradılmış idman zalları və idman qurğularından səmərəli istifadə olunması üçün konkret tədbirlər həyata keçirilmişdir. Ümumtəhsil, orta ixtisas və ali məktəblərdə bədən tərbiyəsi və idmanın canlandırılmasına diqqət artırılmış, şahmatın tədrisi ilə bağlı tədbirlər görülmüş, yarışlarda kütləviliyə nail olunmuşdur. Respublika və beynəlxalq miqyaslı yarışlarda iştirak üçün komandaların hazırlanması və idmançıların yetişdirilməsi də diqqət mərkəzində saxlanmış, tanınmış mütəxəssislər muxtar respublikaya dəvət edilmiş, idmançılarla nümunəvi dərslər, yerli məşqçilərlə isə təlimlər keçirilmişdir. Məhdud fiziki imkanlıların cəmiyyətə inteqrasiyasına da diqqət artırılmış, onlar xüsusi proqram əsasında idman tədbirlərinə cəlb olunmuşlar.
Ali Məclisin sədri bütün bunlarla yanaşı, bu gün muxtar respublikanın idman potensialından heç də lazımi səviyyədə istifadə olunmadığını, fəaliyyətin daha da gücləndirilməsi, təşəbbüskarlığın daha da artırılmasının zəruriliyini bildirərək demişdir: "Qarşıdakı dövr ərzində idmanın maddi-texniki bazasının daha da gücləndirilməsi sahəsində görülən tədbirlər rayon, şəhər mərkəzlərindən kənd və qəsəbələrə doğru irəliləməli, kənd yerlərində də muxtar respublika əhəmiyyətli idman tədbirləri təşkil olunmalıdır. Ümumtəhsil məktəblərində, o cümlədən kənd və qəsəbələrdəki məktəblərdə yaradılmış idman infrastrukturu tək məktəblilərin yox, bütün kənd və ya qəsəbə idmançılarının üzünə açıq olmalı, bunlarda kütləvi idman tədbirlərinin keçirilməsi aid dövlət orqanlarının nəzarətində saxlanmalıdır".
Qeyd olunmuşdur ki, idman daim yeniləşən, inkişaf edən sahədir. Ona görə də idmanda formalaşmış ənənə və varislik davam etdirilməli, istedadlı uşaqlar barədə məlumat bazası yaradılmalı, ayrı-ayrı federasiyalar üzrə tanınmış məşqçi və mütəxəssislər muxtar respublikaya dəvət edilməli, məşqçilərin attestasiyası keçirilməli, hakim və məşqçilərin ustalığı artırılmalıdır. Gənclər kontingentində, ümumtəhsil, ali və orta ixtisas məktəblərində bədən tərbiyəsi və idman işi daha da canlandırılmalı, məktəb rəhbərlərinin və fiziki tərbiyə müəllimlərinin məsuliyyəti artırılmalı, dərsdənkənar məşğələlər və fakültativ saatlar hesabına şahmatın tədrisi gücləndirilməlidir. Ümumtəhsil məktəblərində, uşaq tərbiyə müəssisələrində bədən tərbiyəsi və idman tədbirləri yaş fiziologiyasına uyğun qurulmalı, məhdud fiziki imkanlılarla fərdi proqramlar əsasında məşğələlər keçirilməlidir.
Ali Məclisin sədri idmançılara uğurlar arzulamış, "Prezident Kuboku" uğrunda muxtar respublika çempionatlarının qaliblərini bir daha təbrik etmişdir.
Sonra Ali Məclisin sədri Vasif Talıbov boks, şahmat, güləş, karate-do və kikboksinq idman növləri üzrə "Prezident Kuboku" uğrunda keçirilən muxtar respublika çempionatında ilk 3 yeri tutan komandalara diplom və mükafatları təqdim etmişdir.
Beynəlxalq Şahmat Federasiyası - FİDE ustası normasını ödədiyinə görə Naxçıvan şahmatçısı Talıb Babayevə FİDE ustası sertifikatı təqdim olunmuşdur.
Mərasim konsert proqramı ilə davam etdirilmişdir.

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında