Respublika məktəblilərinin VI Spartakiadada əldə etdikləri nəticələr ürəkaçandır

Bədən tərbiyəsi və idmanı tələbə və şagirdlər arasında geniş təbliğ edən Respublika Bədən Tərbiyəsi Mərkəzi (RBTM) uşaqlar arasında bu sahənin inkişafının təmin edilməsinə, onların fiziki cəhətdən sağlam böyüməsinə və idman növləri ilə müntəzəm məşğul olmasına zəmin yaratmaq, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunu artırmaq, yeniyetmələrin idman ustalıqlarının artırılması məqsədilə bir sıra kütləvi idman tədbirləri həyata keçirir. RBTM-in keçirdiyi kütləvi tədbirlərdən biri də şagirdlər arasında spartakiada yarışlarıdır. 
Bu il sayca 6-cı olan spartakiada keçirilib. Dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş VI Spartakiada respublikanın ümumtəhsil, peşə məktəbləri və peşə liseyləri şagirdləri arasında 8 idman növü üzrə təşkil olunmuşdu. IV mərhələ üzrə yarışların ilkin mərhələsində şagirdlər məktəbdaxili yarışlarda iştirak ediblər. Bu mərhələdə ayrı-ayrı növlər üzrə 859 min şagird mübarizə aparıb. İkinci mərhələ çərçivəsində keçən rayondaxili yarışlarda 850 komandanın tərkibində 145 min idmançı qüvvəsini sınayıb ki, onlardan 73 min nəfəri qızlar olub. Spartakiadanın üçüncü mərhələsi çərçivəsində şagirdlər zona yarışlarında qüvvələrini sınayıblar. Bu yarışlar may ayında Naxçıvan MR, Şamaxı, Cəlilabad, Qusar, Sabirabad, Zaqatala, Mingəçevir, Bakı "A" və Bakı "B" zonaları üzrə keçirilib. 10 zona üzrə keçirilən turnirlərdə, ümumilikdə 75 rayon komandasının tərkibində 13 min beş yüz şagird iştirak edib ki, onlardan da 5 min 900 nəfəri qızlardır.
Spartakiadanın yüksək səviyyədə təşkilində Təhsil və Gənclər və İdman nazirliklərinin dəstəyini xüsusi qeyd etmək istərdik. Təhsil Nazirliyinin diqqət və qayğısı altında hakimlərin və komandaların yerləşdirilməsi, onların spartakiadada iştirakı, yarışlar üçün idman ləvazimatlarının alınması və s. məsələlər yüksək səviyyədə təmin edildi. Gənclər və İdman Nazirliyinin köməyi ilə yarışlar ən yüksək standartlara cavab verən idman zallarında, stadionlarda təşkil edildi, qalib komandalara mükafatlar təqdim edildi. Yarışlar ərəfəsində RBTM-in əməkdaşları tərəfindən zonalar üzrə müşavirələr təşkil edilmiş, spartakiadanın mahiyyəti barədə geniş məlumat verilmişdir.
Sentyabrın sonlarında VI Spartakiadanın final yarışları start götürmüşdü. Final oyunları çərçivəsində Bakı-I, Bakı-II, Qax, Beyləqan, Gəncə, Lənkəran, Mingəçevir, Qazax, Saatlı, Şirvan, Sabirabad, Salyan, Sumqayıt, Şəmkir, Şamaxı, Şəki, Masallı, Tovuz, Zərdab, Qusar, Kürdəmir, Goranboy, Cəlilabad rayonlarının komandaları mübarizə aparırdılar. Ümumilikdə, final yarışlarına həndbol üzrə 18, basketbol üzrə 20, voleybol üzrə 25, atletika üzrə 22, stolüstü tennis üzrə 18, futbol üzrə 28 komanda qatılmışdı. Final yarışlarında 35 rayondan 1600 nəfər idmançı 8 idman növü üzrə bacarığını nümayiş etdirirdi. Onlardan 730 nəfəri qızlar olub. Spartakiadanın zona və final mərhələsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Sumqayıt, Mingəçevir, Gəncə, Cəlilabad, Sabirabad, İsmayıllı, Şamaxı, Şəmkir təhsil şöbələrinin komandalarının fəallığını xüsusi qeyd etmək istəyirəm.
Spartakiadanın final mərhələsinə həndbol yarışları ilə start verilmişdi. Bu mərhələdə Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Qazax, Abşeron, Şamaxı və İsmayıllı rayon təhsil şöbələrinin komandaları qüvvələrini sınayırdılar. Qızlar və oğlanlar arasında keçirilən həndbol yarışlarında ən yüksək nəticəni Bakı Şəhəri üzrə Təhsil İdarəsinin komandaları göstərblər. II və III yerləri isə müvafiq olaraq, İsmayıllı və Mingəçevir təhsil şöbələrinin komandaları tutublar. Zaqatala və Astara rayon təhsil şöbələrinin komandaları həndbol yarışlarında iştirak etməyiblər.
Spartakiada çərçivəsində keçirilən basketbol yarışlarında Bakı (2 komanda), Şəki, Şirvan, Gəncə, Sumqayıt, Abşeron, Cəlilabad və 7 saylı peşə liseyinin komandaları iştirak edirdilər. Oğlanlar arasında keçirilən yarışlarda ən yaxşı nəticəni Şəkinin, qızlarda isə Bakının komandası göstərib. Oğlanların yarışlarında II və III yerləri Gəncə və Bakının basketbolçuları qazanıblar. Qızların mübarizəsində II yerə Sumqayıt, III yerə isə Bakı şəhərinin ikinci komandası layiq görülüb. Şamaxı, Astara, Zaqatala rayon təhsil şöbələrinin komandaları finala vəsiqə qazansalar da, yarışlarda iştirak etməyiblər.
Komanda növlərindən olan futbol və voleybol yarışları daha yüksək mübarizə şəraitində keçib. Futbol yarışlarında 12 saylı peşə liseyi, Bakı (2 komanda), Mingəçevir, Sabirabad, Qazax, Cəlilabad, Xocavənd, Beyləqan, Lənkəran, Şamaxı, Tovuz, Qusarın komandaları iştirak edirdilər. Maraqlı mübarizə şəraitində keçən yarışlarda birinci yeri Mingəçevir Şəhər Təhsil şöbəsinin komandası tutub. Qusar və Bakının komandaları II və III yerləri qazanıblar. Zaqatala rayonunun, 2 saylı və İmişli rayonun peşə məktəblərinin komandaları finala vəsiqə qazansalar da, oyunlarda iştirak etməyiblər.
Voleybol yarışlarında daha çox - 20 komanda iştirak edirdi. Oğlanlar arasında keçirilən yarışlarda Masallı, qızların yarışlarında isə Bakı komandası fərqlənib. Sumqayıt və Qax rayon təhsil şöbələrinin komandaları II və III pillələrdə qərarlaşıblar.
Spartakiada çərçivəsində keçirilən atletika yarışlarında həm oğlanlar, həm də qızlar arasında ən yüksək nəticəni Sumqayıt komandası qazanıb. Bakı məktəbliləri II, Şəmkir rayonun komandası isə III yeri tutub.
Stolüstü tennis yarışlarında da respublika məktəblilərinin fəal iştirakı təmin olunmuşdu. Bu növ üzrə təşkil olunan yarışlarda Sumqayıt məktəbliləri bütün rəqib komandaları üstələyiblər. Zərdab, Salyan və Bakı komandaları da yarışlarda fərqləniblər.
Yunan-Roma güləşi üsulu ilə güləşənlər isə birbaşa final mərhələsinə dəvət olunmuşdular. Bu növ üzrə gərgin mübarizə şəraitində keçən yarışlarda Sumqayıt güləşçiləri birinci yeri tutublar. İkinci pillədə Balakən, üçüncü yerdə isə Qusar güləşçiləri qərarlaşıblar.
Əvvəlki spartakiadalardan fərqli olaraq VI Spartakiadada köçkün rayonlarının komandaları da fəal iştirak ediblər. Zona yarışlarında Şuşa, Füzuli, Xocavənd, Qubadlı və Zəngilan komandaları fəallıqları ilə seçiliblər. Füzuli rayon komandası atletika yarışlarında I, Şuşa şəhər komandası basketbol (qızlar) II, Zəngilan komandası yunan-Roma güləşi yarışlarında V yeri tutub. Peşə məktəblərindən isə 7, 12, 16 saylı təhsil ocaqlarının idmançıları final mərhələsinin qrup yarışlarında fəallıq nümayiş etdiriblər.
Spartakiadanın yekun nəticələrinə görə, şəhərlər arasında ümumkomanda hesabında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin komandası I, Sumqayıt Şəhəri üzrə Təhsil İdarəsinin komandası II, Mingəçevir Şəhər Təhsil şöbəsinin komandası III yeri tutub. Peşə məktəbləri arasında isə 7 saylı Bakı Peşə Liseyi ilk yerə sahib olub. II və III yerlərə isə 12 və 9 saylı peşə liseylərinin komandaları layiq görülüblər.
Quba Rayon Təhsil şöbəsinin komandası budəfəki yarışlarda öz imkanlarından aşağı səviyyədə çıxış etdi. Bu rayonun komandası bundan əvvəlki spartakiadada ümumkomanda hesabında III yeri tutmuşdu. Xızı, Xaçmaz, Dəvəçi rayon təhsil şöbələrinin komandaları da bir qədər zəif iştirak etdilər. Qusar, Şəmkir, Qazax, Tovuz, Zaqatala, Şəki, Qax rayonunun komandalarının isə budəfəki spartakiadada fəallığını xüsusi qeyd etmək istəyirəm. Spartakiadanın zona və final yarışlarında Naxçıvan MR, Biləsuvar, Xızı, Lerik, Lerik, Daşkəsən, Astara, Gədəbəy, Zaqatala, Naftalan və Qəbələ rayon təhsil şöbələrinin komandaları ümumiyyətlə, iştirak etməyiblər.
Spartakiadanın yüksək səviyyədə idarə olunması üçün federasiyalardan yüzə yaxın respublika və beynəlxalq dərəcəli hakimlər dəvət olunmuşdu və onlar öz işlərinin öhdəsindən lazımi qaydada gəldilər. Fürsətdən istifadə edib spartakiadanın keçirilməsində köməklərini əsirgəməyən federasiyaların - güləş, boks, futbol, voleybol və b. federasiyaların rəhbərliklərinə, yarışlarda hakimlik etmiş ədalət təmsilçilərinə öz minnətdarlığımı bildirirəm.
Ötəndəfəki spartakiadaya nisbətən VI Spartakiadada daha çox komanda iştirak etdi. Yarışların təkcə final mərhələsinin açılış mərasimində respublikanın 35 rayon və şəhərindən 85 komanda iştirak edirdi. Bu il peşə məktəblərinin şagirdləri də yarışlarda çox fəal iştirak etdilər. Ölkəmizdə 100-ə yaxın peşə məktəbi fəaliyyət göstərir. Bu təhsil ocaqlarının əksəriyyətinin komandaları spartakiadada qüvvələrini sınadılar.
Ümumilikdə götürdükdə isə spartakiadanın nəticələrini qənaətbəxş hesab etmək olar. Spartakiada vasitəsilə məktəblilərimizin qüvvələrinə bir daha baxış keçirildi, onlar öz bacarıqlarını nümayiş etdirdilər. Növbəti spartakiadanın yüksək səviyyədə keçirilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Əminik ki, spartakiadada iştirak etməyən təhsil şöbələrinin rəhbərləri, peşə məktəblərinin direktorları öz işlərində dönüş yaradacaq və Təhsil və Gənclər və İdman Nazirliklərinin təşkil etdiyi spartakiadada yaxından iştirak edəcəklər.

{nl}

Niftalı QULİYEV, Respublika Bədən Tərbiyəsi Mərkəzinin direktoru, yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında