Azərbaycan səkkizinci turu vahid lider kimi qarşıladı

Kişilərdən ibarət milli şahmat komandamız Yunanıstanın Porto Karras şəhərində keçirilən Avropa çempionatında inamlı çıxışlarını davam etdirir. İlk beş turda İtaliya, Ermənistan və Yunanıstan yığmaları üzərində qələbələrdən, İspaniya və Fransa ilə heç-heçələrdən sonra qrossmeysterlərimiz növbəti iki matçda rusiyalı və bolqarıstanlı rəqiblərini məğlubiyyətə uğradaraq, turnir cədvəlinin zirvəsinə yüksəlmişlər.
Azərbaycan-Rusiya- 2,5:1,5.
Reytinqə görə çempionatın 1 nömrəli komandası ilə görüşdə təmsilçilərimizin müvəffəqiyyətini birinci taxtada Teymur Rəcəbovun Peter Svidler üzərində qələbəsi təmin etmişdir. Qalan üç taxtada Vüqar Həşimov Aleksandr Qrişukla, Şəhriyar Məmmədyarov Sergey Karyakinlə, Qədir Hüseynov Yan Nepomnyaşi ilə heç-heçəyə razılaşmışlar.
Azərbaycan-Bolqarıstan-3,5:0,5.
Keçmiş dünya çempionu Veselin Topalovun başçılıq etdiyi Bolqarıstan komandası altı turdan sonra 10 xalla üçüncü yerdə idi və ilk iki pillədə olan Rumıniya və Azərbaycandan yalnız əlavə göstəricilərə görə geri qalırdı. Liderlərin prinsipial matçında Azərbaycan şahmatçıları rəqiblərinə heç bir ümid yeri qoymamışlar. Rəcəbovun Topalovla görüşü heç-heçə nəticələnmiş, digər üç taxtada isə Həşimov İvan Çeparinova, Məmmədyarov Aleksandr Delçevə, Eltac Səfərli Julian Radulskiyə qalib gəlmişlər.
Bu qələbədən sonra yığmamız xal ehtiyatını 12-yə çatdıraraq vahid lider oldu. Finişə iki tur qalmış ikinci-üçüncü yerləri bölüşdürən Ermənistan və Almaniyanın hərəyə 11 xalı var idi. Sonrakı dörd pillədə irəliləyən Macarıstan, Rumıniya, Bolqarıstan və Hollandiya 10 xal toplamışdılar. Səkkiz-onuncu yerləri 9 xalla Fransa, Rusiya və İtaliya komandaları tuturdular.
Qadınların turnirində Azərbaycan şahmatçıları son iki matçda İsrail komandasına qalib gəlmiş (2,5:1,5) və Çexiya yığmasına uduzmuşlar(1:3). Yeddi turdan sonra komandamız 8 xalla 13-cü pillədə idi. Turnir cədvəlinə isə 13 xala malik Rusiya başçılıq edirdi.
Dünən keçirilən və həmişəki kimi Bakı vaxtı ilə saat 18-də başlanan sonuncudan əvvəlki, səkkizinci turda kişi qrossmeystrlərimizi Arkadi Naydiçin lider olduğu Almaniya komandası ilə matç gözləyirdi. Ermənistan-Hollandiya, Rumıniya-Macarıstan, Bolqarıstan-İtaliya, Rusiya-Fransa görüşləri də medallar uğrunda mübarizədə mühüm əhəmiyyət kəsb edirdi.
Qadın şahmatçılarımızın isə növbəti rəqibi Avstriya komandası idi. Təmsilçilərimiz bu matçda qələbə təqdirində Avropa çempionatını birinci onluqda başa vurmaq üçün yaxşı imkan qazana bilərdilər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında