Sevincin dünya boyda sevinci

1994-cü ilin qışında İlham və Güldanə Mehdiyevlərin ailəsində sevincli günlər yaşanırdı. Gözəl, göyçək bir qız uşağı dünyaya qədəm qoymuşdu. Ailəsinə dünya boyda sevinc verən o qızın adını da Sevinc qoydular...
İndi Sevinc Mehdiyeva Xətai rayonundakı Z.Əhmədov adına 64 №-li orta məktəbin 11-ci sinfində oxuyur. Sevinc ədəbiyyat və tarix fənlərini daha çox sevir, deyir ki, "hər bir kəs öz xalqının tarixini və ədəbi irsini dərindən bilməli, ona hörmətlə yanaşmalıdır. Hansı sənəti sevib-seçsən də, mütləq Vətəninin tarixini, xalqının mədəniyyətini öyrənməyə borclusan". 16 yaşlı qızın bu gözəl fikirləri onun uğurlu gələcəyindən soraq verən qığılcımlardır.
Bu yaşında da Sevincin uğurları az deyil. Dərslərinə həvəslə yanaşsa da, hələ kiçik yaşlarından bu çevik və cəsur qızın arzuları ən çox idmanla bağlı idi. O, beş yaşından başlayaraq Əhmədli qəsəbəsindəki "Ruslan" idman-sağlamlıq mərkəzində idmanın karate növü ilə məşğul olur. Sevinc incə, zərif bir qız olsa da, bu döyüş növünü çox sevir və karate də ona uğurlar bəxş edir, sevincli günlər yaşadır.
Məşqçisinin sözlərinə görə, Sevinc məşqlərə ciddi yanaşan, öz üzərində müntəzəm çalışan, zəhmət çəkməkdən qorxmayan, işləməkdən usanmayan perspektivli bir idmançıdır. Bu çalışqanlığın və təbii istedadının sayəsində Sevinc idmanda artıq kifayət qədər uğurlar qazanmış, qələbələr əldə etmişdir. O, respublika və beynəlxalq yarışlarda bir sıra yüksək mükafatlara layiq görülmüşdür. İndiyədək iştirakçısı olduğu yarışlarda Sevic ümumən 14 qızıl, 6 gümüş, 10 bürünc medal qazanmışdır.
2003-cü ildə Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının keçirdiyi uşaq və yeniyetmələrin respublika birinciliyində qızlar arasında 10-11 yaş qrupunda Sevinc ən yaxşı nəticə göstərərək birinci yeri tutmuşdu. Bu, Sevincin ilk çempionluğu idi. 2008-ci ildə Sevinc 14-15 yaşlılar arasında üçüncü yeri tutmuş, 2009-cu ildə yeniyetmə və gənclər arasında respublika çempionatında gümüş medala layiq görülmüşdü. 2009-cu ilin mayında Yaponiyanın dünyaca məşhur karate ustası Hizokazu Kanazava Bakıda gənc karateçilərə "ustad dərsləri" keçərkən Sevincə "qara kəmər" təqdim etmişdi.
2010-cu ildə Sevinc yeniyetmələr arasında respublika çempionatında ikinci yeri tutmuş, 2011-ci ildə isə qadınlar arasında ölkə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülmüşdür. 2011-ci il hələ başa çatmasa da, qeyd etmək lazımdır ki, bu il Sevinc üçün daha uğurlu, qələbələrlə daha zəngin olmuşdur. O, "Bakı Open" yarışmasında 16-17 yaşlı qızlar arasında bütün döyüşləri udaraq qızıl medalla təltif edilmiş, Gürcüstanın Batumi şəhərində Qara dəniz və Xəzərətrafı ölkələrin açıq çempionatında üçüncü yeri tutmuşdur.
Ümumiyyətlə, respublika və beynəlxalq yarışlarda qazandığı qələbələrə görə Sevinc qırxa yaxın diplom və fəxri fərmanla təltif olunmuş, yaşadığı Xətai rayonunun İcra Hakimiyyəti tərəfindən xüsusi mükafata layiq görülmüşdür.
Sevincin beynəlxalq yarışlarda qazandığı qələbələrin sayı da az deyil. O, Gürcüstanın paytaxtı Tbilisi şəhərində 2010-cu ildə keçirilmiş beynəlxalq turnirdə 16-17 yaşlılar arasında ikinci, İstanbulda keçirilən Şotokan Karate üzrə birinci dünya çempionatında bütün döyüşləri udaraq dünya çempionu adını qazanmış, komanda yarışlarında isə respublikamızın yığma komandası tərkibində ikinci yeri tutaraq gümüş medal almışdır.
Sevinc bu ilin iyun ayında Yunanıstanın Loutraki şəhərində keçirilən Dünya Kuboku yarışlarında da müvəffəqiyyətlə çıxış edərək Vətənə qələbə ilə dönmüşdür.
Vətənimizi Sevinc kimi ləyaqətlə təmsil edən gənclərimizlə təkcə onların ata-anası deyil, biz hamımız fəxr edirik.

{nl}

İradə ZÜLFƏLİQIZI


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında