"Rabitə": Bayramın mübarək, Azərbaycan!

Olimpiyaqabağı il olan 2011-ci ilin 14 oktyabr axşamında Azərbaycan idmanında tarixi bir hadisə baş verdi, Bakının qadınlardan ibarət "Rabitə" voleybol komandası Qətərin paytaxtı Doha şəhərində keçirilən dünya çempionatının qızıl medallarını qazandı. Təkcə yüz minlərlə idman həvəskarına yox, ölkəmizin hər bir vətəndaşına hədsiz sevinc və qürur hissləri yaşadan bu böyük qələbə ilə "Rabitə" ömrü boyu fəxr edə bilər.
Azərbaycan paytaxtı klubunun "Doha arena"da dünya çempionu kimi təbrikləri qəbul etməsi lap yerinə düşdü. Ölkənin hər yerində dövlət müstəqilliyimizin 20-ci ildönümünün təntənəli surətdə qeyd olunduğu günlərdə dünya çempionatının qızıl medalları bayrama gözəl töhfədir.
Bizim qızlar altı komandanın iştirakı ilə iki qrupda keçirilən yarışlarda Tailandın "Çanq" və Braziliyanın "Osasko" klublarını, yarımfinalda isə "Mirador"u (Dominikan Respublikası) inamla məğlubiyyətə uğratdıqdan sonra tam qələbəmizə cəmi bir qələbə qalırdı. Lakin bu addımı atmaq daha çətin görünürdü. Əvvəla, qarşıda final deyilən həlledici görüş dururdu. İkincisi isə, rəqib çox iddialı, Çempionlar Liqasında sonuncu turnirin qalibi "Vakifbank" (Türkiyə) idi. Liqanın martda İstanbulda keçirilmiş "Dördlər finalı"nda Bakı komandasının çempionluğa yolunu məhz qardaş ölkə voleybolçularının kəsməsi isə dünya çempionatında finala marağı ikiqat artırmışdı. Onda çempionluq sevincini daha üstün oyun nümayiş etdirən "Vakifbank" yaşamışdı, "Rabitə" isə öz tarixində ilk dəfə olaraq Çempionlar Liqasının gümüş mükafatçısı olmuşdu.
Qətər paytaxtında həlledici oyun, gözlənildiyinin əksinə olaraq, o qədər də gərgin mübarizə şəraitində davam etmədi. Əgər Azərbaycanda da, Türkiyədə də çoxları qalibin kəskin rəqabətdən sonra müəyyənləşəcəyini, hətta tay-breyk oynanılacağını düşünürdülərsə, voleybolçularımız görüşün taleyini nisbətən qısa vaxt ərzində, asanlıqla öz xeyirlərinə həll etdilər. Natalya Məmmədova, Nataşa Krsmanoviç, İrina Jukova və onların oyundaşları istər hücumda, istərsə də müdafiədə dost-rəqiblərindən daha yaxşı mübarizə apararaq özlərini də, məşqçilərini və "Rabitə" klubunun rəhbərliyini də, bir sözlə, bütün ölkəmizi 3:0 hesablı layiqli qələbə ilə sevindirdilər.
Bu qələbənin qiyməti bir də ona görə çox yüksəkdir ki, Azərbaycan təmsilçisi ilk dəfə olaraq kollektiv oyun növlərində dünya çempionu adını qazanmışdır. İndiyə qədər nə yığma komandalar, nə də klublar səviyyəsində belə böyük hünər göstərə bilməmişdik. İndi isə Bakının qadınlardan ibarət "Rabitə" voleybol klubu dünya çempionu adını daşıyır. Bu komanda ilə necə fəxr etməyəsən!

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında