Londona aparan yolda
Planetin hər yerində böyük maraqla gözlənilən London Olimpiadasından bizi təxminən 300 günlük bir məsafə ayırır. Gələn il iyulun 25-dən avqustun 12-dək İngiltərə paytaxtında keçiriləcək Olimpiya oyunları həm də tarixə yubiley Olimpiadası kimi daxil olacaq: dünyanın ən yaxşı idmançıları otuzuncu dəfə özlərinin ən ali məclisinə toplaşıb çoxlarının arzuladığı, amma heç də hər iştirakçının üzünə gülməyən olimpiya medalları uğrunda gərgin mübarizə aparacaqlar.
Hələlik isə bütün ölkələr Londona aparan yolda mümkün qədər çox lisenziya qazanmaq arzusu ilə yaşayır. Təbii ki, onların rəqabətində Azərbaycan da istisna deyil. Hər növbəti Olimpiadada daha geniş nümayəndə heyəti ilə təmsil olunan idmançılarımız indi də olimpiya "biletləri" uğrunda mübarizədə məqsədə doğru inamla addımlayırlar.
Sentyabrın 26-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində starta çıxmış Olimpiada-2012-yə lisenziya xarakterli boks üzrə dünya çempionatınadək Azərbaycan idmanı nümayəndələrinin hesabında 18 lisenziya var idi. Onların sonuncusunu Fransanın Monpelye şəhərində keçirilmiş bədii gimnastika üzrə dünya çempionatında Aliyə Qarayeva qazanmışdı. Azərbaycanda bədii gimnastikanın lideri şəxsi çoxnövçülük yarışlarında yalnız rusiyalılar Yevgeniya Kanayeva və Darya Kondakovadan geri qalıb fəxri kürsünün üçüncü pilləsində təbrikləri qəbul etmişdir. Bununla da o, bürünc medalla yanaşı, Olimpiadaya vəsiqə qazanmaq vəzifəsini də yerinə yetirmişdir.
Xüsusi qeyd edək ki, Qarayeva Azərbaycanda bədii gimnastika tarixində ilk dəfə dünya çempionatında çoxnövçülük yarışlarının bürünc mükafatçısı olmuşdur. Əgər çoxnövçülüyün Olimpiya oyunları proqramında xüsusi yeri olduğunu nəzərə alsaq, əlbəttə ki, gimnastımızın bu uğuru çox böyük nailiyyətdir. Ötən ilin yayında Aliyə Almaniyanın Bremen şəhərində keçirilən Avropa çempionatında çoxnövçülük yarışlarında ilk dəfə bürünc medalın sahibi olmuşdu. Dünya şöhrətli mütəxəssis, Rusiya yığma komandasının baş məşqçisi İrina Viner bununla əlaqədar o zaman öz ölkəsinin "Ves sport" agentliyinə müsahibəsində belə demişdi: - Bu müvəffəqiyyət Azərbaycan kimi Şərq ölkəsi üçün çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanlı gimnast beynəlxalq meydanda uğur qazanmışdır. Bu, həm bizim idman növümüz, həm də bütün Azərbaycan üçün çox əlamətdar hadisədir.
Aliyə Qarayeva Monpelyedə lisenziya qazanmaq arzusuna çatmışdır. Əgər Londonda medal sevinci də yaşasa, onun olimpiya mükafatı ölkəmizin idman tarixində bu növdə tayı-bərabəri olmayan çox mühüm hadisəyə, böyük bayrama çevrilər.Yeri gəlmişkən, gələn ilin yanvarında elə həmin Londonda keçiriləcək təsnifat yarışlarında bizim qızlar zəriflik və gözəllik idmanında öz olimpiya vəsiqələrinin sayını artırmağa çalışacaqlar.
Yuxarıda qeyd etdiyimiz kimi, bədii gimnastikada qazanılmış lisenziya idmançılarımızın Olimpiyadaya sayca 18-ci vəsiqəsi idi. Bu gün onların siyahısına bir daha nəzər salarkən görürük ki, Aliyədən əvvəl yüngül atletikanın çəkictullama növündə Dmitri Marşin, taekvondoçular Fəridə Əzizova (67 kq), Ramin Əzizov (80 kq), boksçu Sultan Migitinov (75 kq), güllə atıcısı İradə Aşumova, baydarka və kanoelərdə avarçəkənlər Sergey Bezuqlı və Maksim Prokopenko dueti, Valentin Demyanenko, akademik qayıqlarda avarçəkənlər Aleksandr Aleksandrov, Natalya Mustafayeva, yunan-Roma üsulu ilə güləşənlər Rövşən Bayramov (55 kq), Saman Təhmasibi (84 kq), qadın güləşçi Mariya Stadnik (48 kq), sərbəst güləş ustaları Şərif Şərifov (84 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Cəmaləddin Məhəmmədov (120 kq) və velosipedçi Yelena Çalıx fərqlənmişlər.
Xüsusilə fərəhlidir ki, bu idmançıların bir çoxu təkcə olimpiya vəsiqələri ilə kifayətlənməmiş, mötəbər yarışlardan həm də medalla ayrılmışlar. Məsələn, bu yaxınlarda İstanbulda keçirilmiş güləş üzrə dünya çempionatında Bayramov və Şərifov bütün rəqiblərindən güclü olmuşlar, Stadnik gümüş, Həsənov, Əliyev və Məhəmmədov isə bürünc medal qazanmışlar...
Azərbaycan idmançılarının Olimpiadada təmsil olunacaqları idman növlərinin də siyahısı getdikcə genişlənir. Londonda olimpiya startlarına bizim üçün ənənəvi növlərin nümayəndələri ilə yanaşı, çəkic tullayan, avarçəkənlər, velosipedçi də çıxacaq. İdman ictimaiyyətimiz növbəti lisenziyaları rinq ustalarından gözləyirdi. Bu günlər böyük həyəcanla izlədiyimiz dünya çempionatında rəqabət nə qədər güclü olsa da, boksçularımız çətin döyüşlərdən sonra dörd olimpiya vəsiqəsinə sahib olmağı bacarmışlar. Ölkəmizi Heybətulla Hacıəliyev (64 kq), Elvin Məmişzadə (52 kq), Teymur Məmmədov (91 kq) və Məmmədrəsul Məcidov (91 kq-dan yuxarı) sevindirmişlər.
Əgər yadınızdadırsa, 2008-ci ildə Çin Xalq Respublikasının paytaxtı Pekində keçirilmiş və Azərbaycanın 7 medalı - 1 qızıl, 2 gümüş və 4 bürünc mükafatla yadda qalan XXIX Olimpiya Oyunlarına ölkəmiz 44 lisenziya qazanmışdı. İndi isə söhbət təxminən 50 vəsiqədən gedir. Ayrı-ayrı növlərdə idmançılarımızın imkanlarını götür-qoy etdikdə, qarşıda hələ neçə-neçə olimpiya təsnifat turniri durduğunu nəzərə aldıqda onların əldə olunacağına ümid etmək olar.
Güləşçilər İstanbuldan, dünya çempionatından üst-üstə yeddi lisenziya ilə qayıtsalar da, onlar və məşqçiləri, təmsil etdikləri federasiya bununla kifayətlənə bilməzlər. İndi hamı qarşıdakı lisenziya xarakterli yarışlarda həmin rəqəmi daha da artırmaq barədə düşünür və bütün səylər məhz bu məqsədə yönəldilmişdir. Cüdo, ağırlıqqaldırma, taekvondo və bəzi digər növlərin nümayəndələrinin də Olimpiadaya mümkün qədər çox lisenziya qazanmağa qüvvə və ustalıqları çatar.
Azərbaycan Olimpiya oyunlarında komanda idman növlərində də təmsil olunmaq hüququ qazana bilər. Qadınlardan ibarət voleybol yığmamız İtaliya və Serbiyanın birgə təşkilatçılığı ilə keçirilmiş Avropa çempionatında dörddəbir finalın bir addımlığında çıxışlarını dayandırsa da bu kollektivin olimpiya təsnifat turnirlərində lisenziyalar uğrunda mübarizədə əlindən gələni edəcəyi şübhə doğurmur.
Respublikamızda qadın voleybolunun yüksək nüfuzuna belə bir fakt da sübutdur ki, Çempionlar Liqasında sonuncu turnirin finalçısı, ölkə çempionu "Rabitə" klublararası dünya çempionatında oynamaq hüququ qazanmışdır. Oktyabrın 8-də Qətərin paytaxtı Dohada başlanacaq və böyük voleybol bayramı vəd edən bu yarışda bakılılar Braziliyanın "Sollis Nestle", Tailandın "Çanq", Türkiyənin "Vakifbank", Dominikan Respublikasının "Mirador" və Keniyanın "Keniya Prizons" klubları ilə birlikdə dünya çempionu adı uğrunda mübarizə aparacaqlar.
Bu gün Azərbaycanın idman ictimaiyyəti ölkəmizin 2012-ci ilin Yay Olimpiya Oyunlarında Pekin-2008-dəkindən daha çox idmançı ilə təmsil olunacağına ümid etməkdə haqlıdır. Gündən-günə çiçəklənən və möhkəmlənən, hazırda dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünü təntənəli surətdə bayram edən müstəqil Azərbaycan Respublikasında həyatın bütün sahələri kimi, bədən tərbiyəsi və idman da dövlətin böyük qayğısı ilə əhatə olunmuşdur və vahid komanda şəklində fəaliyyət göstərən idman təşkilatlarımız bu qayğıya beynəlxalq meydanda layiqli qələbələrlə cavab verirlər.
Artıq 14 ildən çoxdur ki, Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik edən dövlət başçımız cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi gündəlik qayğı və diqqətin bəhrəsi göz önündədir. Bu gün Azərbaycan bütün dünyada idman ölkəsi kimi geniş nüfuz qazanmışdır. Bunu təkcə biz özümüz demirik, beynəlxalq idman təşkilatlarının rəhbərləri dəfələrlə idmanımıza, ölkəmizə böyük rəğbətlə belə fikir söyləmişlər.
Təsadüfi deyil ki, Azərbaycan idmanının sürətli inkişafını və nailiyyətlərini yüksək qiymətləndirən ayrı-ayrı beynəlxalq federasiyalar özlərinin ən məsul yarışlarının, o cümlədən dünya və Avropa çempionatlarının, olimpiya təsnifat turnirlərinin təşkilini Bakıya etibar edir və hər dəfə də qonaqlar bu yarışlardan böyük zövq alır, öz vətənlərinə Bakı və Azərbaycan haqqında, ölkəmizdə idmana göstərilən böyük qayğı haqqında zəngin təəssüratla qayıdırlar.
Bununla əlaqədar sentyabrın 25-də boks üzrə dünya çempionatının açılış mərasimində Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vunun dediyi sözlər yada düşür: "Bakı olduqca mühüm bir şəhərdir. Bakıda - Azərbaycanın paytaxtında bir çox beynəlxalq idman turnirləri keçirilmişdir. Bunların sırasında biz gənclər arasında dünya çempionatını xüsusi xatırlatmaq istəyirik...
Fürsətdən istifadə edib, Beynəlxalq Boks Assosiasiyası adından Azərbaycan Prezidenti cənab Əliyevə boksun, həmçinin idmanın bir çox növlərinin inkişafına verdiyi dəyərli dəstəyinə görə minnətdarlığımızı bildirmək istəyirəm. Çox sağ olun, cənab Prezident!"
Dünya idmanının yüksək vəzifəli şəxsləri - Beynəlxalq Olimpiya Komitəsinin, futbol, güləş, boks və digər növlər üzrə federasiyaların, Avropa Futbol Təşkilatları İttifaqının (UEFA) rəhbərləri və nümayəndələri Bakıya gəlir, onun olimpiya kompleksləri ilə yaxından tanış olur, inşasına yeni başlanan idman qurğularının təməlqoyma mərasimlərində iştirak edir, gördüklərindən valeh olur, ölkəmizin, onun rəhbərliyinin, idman təşkilatlarımızın ünvanına xoş sözlər söyləyir, sürətlə inkişaf edən Azərbaycan idmanını, olimpiya hərəkatımızı başqalarına nümunə göstərirlər.
Onlar həm də əmin olurlar ki, Azərbaycan paytaxtı Bakının 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarını keçirmək üçün öz namizədliyini irəli sürməsi imkanları şübhə doğurmayan müasir bir şəhər tərəfindən göstərilən gözəl təşəbbüsdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il sentyabrın 8-də imzaladığı "Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə" sərəncam da dövlətimizin bu təşəbbüsə necə böyük əhəmiyyət verdiyini bir daha təsdiq edir.
Zamanı qabaqlayıb Azərbaycan paytaxtının doqquz ildən sonra həm də Olimpiya oyunlarının paytaxtı olub-olmayacağını demək çətindir. Bakı, İstanbul (Türkiyə), Doha (Qətər), Madrid (İspaniya), Roma (İtaliya) və Tokionun (Yaponiya) rəqabətində hansı xoşbəxt şəhərin qalib gələcəyi 2013-cü il sentyabrın 7-də Beynəlxalq Olimpiya Komitəsinin Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək sessiyasında məlum olacaq. Lakin BOK İcraiyyə Komitəsi üzvlərinin Maradona və Messinin vətənində kimə daha çox səs verəcəklərindən asılı olmayaraq indi bütün dünya yaxşı bilir ki, Bakı təşəbbüs xatirinə təşəbbüs göstərməmiş, belə bir cəsarətli addım atarkən, necə deyərlər, yüz ölçüb, bir biçmiş, öz imkanlarına arxalanmışdır.
Dünyanın ən gözəl paytaxt şəhərlərindən biri olan Bakı Olimpiya paytaxtı kimi də tanınmağa layiqdir və onun istəyi gerçəkləşsə, bu heç kimi təəccübləndirməməlidir.
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.