İdman xəbərləri. Avropa çempionu bu gün məlum olacaq

Azərbaycanın SOCAR klubu Sloveniyanın Roqaşka-Slatina şəhərində keçirilən və finişin astanasında olan şahmat üzrə Avropa çempionatının beşinci turunda İsveçin "Lunds" komandası ilə görüşmüş və 4,5:1,5 hesabı ilə qələbə qazanmışdır.
Teymur Rəcəbovla Rüstəm Qasımcanovun istirahət etdikləri bu turda Şəhriyar Məmmədyarov, Andrey Volokitin və Eltac Səfərli öz görüşlərindən qalib ayrılmış, Aleksandr Qrişuk, Emil Sutovski və Rauf Məmmədov isə rəqibləri ilə heç-heçəyə razılaşmışlar. Bu, Azərbaycan klubunun beş matçda dördüncü qələbəsidir (xatırladaq ki, təmsilçilərimiz üçüncü turda Bosniya və Herseqovinanın "Bosna" komandasına 2,5:3,5 hesabı ilə uduzmuşlar).
Beş turdan sonra turnir cədvəlinə başçılıq edən Sankt-Peterburq Şahmat Federasiyası komandasının və Almaniyanın "Baden-Baden" klubunun hərəyə 10 xalı vardır. SOCAR 8 xalla üçüncü mövqedədir. Daha altı komanda bir o qədər xala malikdir. Lakin Azərbaycan şahmatçıları şəxsi görüşlərin nəticələrinə görə (23,5 xal) onları qabaqlayırlar.
Dünən axşam keçirilən altıncı turda SOCAR Rusiyanın "Tomsk-400" klubu ilə görüşmüşdür. Yeddi turdan ibarət Avropa çempionatına bu gün yekun vurulacaqdır.
* * *
SOCAR - "Tomsk - 400"- 4:2.
Türkiyə - Serbiya, İtaliya - Almaniya

İtaliya və Serbiyanın birgə təşkil etdikləri qadınlardan ibarət voleybol komandaları arasında Avropa çempionatı həlledici mərhələyə qədəm qoymuşdur. İndi üç dəst medala cəmi dörd iddiaçı qalır.
Çempionatda baş rollardan birini oynayan Türkiyə yığması yarımfinalda Serbiya komandası ilə görüşəcək. Digər yarımfinalda isə İtaliya və Almaniya voleybolçuları qarşılaşacaqlar. Hər iki oyun bu gün Belqradda keçiriləcəkdir. Yarımfinalların qalibləri sabah qızıl medallar uğrunda həlledici final görüşündə mübarizə aparacaqlar.
Yarımfinallarda qələbənin qiyməti bir də ona görə böyükdür ki, finalçılar noyabrda Yaponiyada keçiriləcək Dünya kuboku turnirinə vəsiqə qazanacaqlar. London Olimpiadasına ilk üç lisenziya da məhz bu turnirdə oynanılacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında