Şriftin ölçüsü:
28.09.2011 10:11 | Oxunma sayı: 1348
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) tədbirlər planına uyğun olaraq İdman-Sağlamlıq Mərkəzində idman yarışları təşkil olunmuşdur.
Milli təhlükəsizlik orqanları əməkdaşlarının, eləcə də MTN-in Heydər Əliyev adına Akademiyasının kursant və dinləyicilərinin iştirak etdiyi yarışlarda idmanın voleybol və ağırlıqqaldırma növləri üzrə komandaları arasında birincilik uğrunda mübarizə maraqlı və yaddaqalan olmuşdur.
Nazirliyin ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, MTN-in İdman-Sağlamlıq Mərkəzində (İSM) müxtəlif idman növləri üzrə mütəmadi olaraq yarışlar, turnirlər və spartakiadalar keçirilir. İSM-ə idmanın əksər kütləvi növləri, o cümlədən əlbəyaxa döyüş, güləş, futbol, voleybol, həndbol, basketbol, tennis üzrə yay və qış meydançaları, 25 metrlik üzgüçülük hovuzu, gimnastika, trenajor zalları, soyunub-geyinmə, həkim, müəllim otaqları və duş kabinələri daxildir. Ən qabaqcıl standartlara cavab verən texniki ləvazimat və avadanlıqla təmin edilmiş mərkəzdə MTN-in Heydər Əliyev adına Akademiyasının kursant və dinləyicilərinin, eləcə də nazirliyin əməkdaşlarının idmanla məşğul olmaları, fiziki sağlamlıqlarını möhkəmləndirmələri üçün hər cür şərait yaradılmışdır. Belə sosial təyinatlı obyektlərin istifadəyə verilməsi Azərbaycanın güclənməsinə xidmət edəcək səriştəli və sağlam gənc kadrların yetişməsi məqsədi daşıyır.
Eyni zamanda, MTN-in İdman-Sağlamlıq Mərkəzinin "Titan" idman klubunun üzvləri mötəbər beynəlxalq və respublika əhəmiyyətli yarışlarda da uğurla çıxış edir, Azərbaycanın bayrağını yüksəklərə qaldırırlar.
Belə ki, 2009-cu ilin iyun ayında İspaniyada keçirilən Kik-boksinq üzrə dünya çempionatında MTN İdman Sağlamlıq Mərkəzinin "Titan" klubunun üzvü V.İskəndərov birinci yerə layiq görülmüş və ölkəmizə qızıl medalla dönmüşdür. 2011-ci ilin iyul ayında Bolqarıstanda keçirilən əlbəyaxa döyüş növü "Ciu-Citsu" üzrə beynəlxalq turnirdə isə M.Hacımuradov 69 kiloqram çəki dərəcəsində öz rəqiblərinə qalib gələrək birinci yeri tutmuş və qızıl medal qazanmışdır.
Sentyabrın 21-22-də İtaliyanın Linqano şəhərində ənənəvi olaraq idmanın müxtəlif növləri üzrə veteranlar arasında keçirilən "European Masters Games-2011" - "Avropa Usta Oyunları-2011" beynəlxalq turnirin bitməsi ilə əlaqədar təntənəli mərasim olmuşdur. Bu kütləvi və nüfuzlu turnirdə peşəkar fəaliyyətlərini başa vurmuş, lakin yenidən sevdikləri idman növü ilə məşğul olan idmançılar iştirak etmişlər. Turnirdə İSM-in "Titan" klubunun üzvləri də öz qüvvələrini sınamışlar. Klubun üzvü A.Şamiloğlu yüngül atletikanın onnövçülük üzrə yarışlarında gümüş medala layiq görülərək ikinci yeri tutmuşdur.
"Titan" klubunun idmançıları beynəlxalq turnirlərlə yanaşı, Azərbaycanda keçirilən yarışlarda da uğurlar əldə etmişlər. Cari ilin may ayında Bakıda keçirilən "Ciu-Citsu" üzrə əlbəyaxa döyüş növü üzrə Azərbaycan çempionatında 85 kq çəki dərəcəsində çıxış edən T.Quliyev bütün rəqiblərini üstələyərək Azərbaycan çempionu adına layiq görülmüşdür.
İdman-Sağlamlıq Mərkəzində milli təhlükəsizlik orqanlarının strukturları arasında da müxtəlif idman yarışları və turnirləri təşkil edilir. 2011-ci ilin mart ayında milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramına həsr olunmuş mini futbol turniri keçirilmişdir. 32 oyundan ibarət turnirdə 22 komanda və 202 futbolçu iştirak etmişdir. Qalib komanda keçici kubok və diplomla, 2-ci və 3-cü yerləri tutan komandalar isə diplomlarla mükafatlandırılmışdır.
Bundan başqa, cari ilin may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə şahmat yarışları keçirilmiş, 9 turdan ibarət bu turnirdə 29 iştirakçı öz bacarığını sınamışdır.
28 May Respublika Gününə həsr olunmuş daha bir idman növü üzgüçülük üzrə 22 iştirakçı arasında birincilik uğrunda yarış keçirilmişdir. Milli Təhlükəsizlik Nazirliyinin İdman Sağlamlıq Mərkəzində bu il daha bir neçə idman yarışlarının keçirilməsi planlaşdırılır.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.