Respublika Bədən Tərbiyəsi Mərkəzi idmanın kütləviliyinin təmin edilməsi istiqamətində öz fəaliyyətini genişləndirir

"Biz idmanı, bədən tərbiyəsini kütləvi etməliyik. Gənclərin tam əksəriyyətini buna cəlb etməliyik. Bu, Azərbaycan vətəndaşının hərtərəfli gələcəyi üçün təməldir".

{nl}

Heydər ƏLİYEV Ümummilli lider

{nl}

Ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə, o cümlədən bədən tərbiyəsi və idmanda sürətli inkişaf baş verdi. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra görülən işlər daha geniş vüsət aldı. Qısa müddət ərzində Azərbaycanda idmanın maddi-texniki bazasının yaradılması istiqamətində geniş proqram hazırlandı. Paytaxtımızla yanaşı, ölkəmizin ayrı-ayrı bölgələrində də idman kompleksləri tikilib gənclərin istifadəsinə verildi. Sözsüz ki, görülən işlər bədən tərbiyəsi və idman hərəkatının regionlarda da kütləviləşməsinə müsbət şərait yaratdı. Dövlətimizin bu qayğısı idman təşkilatlarının ruh yüksəkliyinə səbəb oldu. 
Hər bir idman qurumu öz fəaliyyətini yeni tələblər əsasında qurmağa başladı. Respublika Bədən Tərbiyəsi Mərkəzi (RBTM) də öz işində əsaslı dönüş yaradaraq "Bədən tərbiyəsi və idman haqqında" Qanundan irəli gələn tələbləri təxirə salmadan həyata keçirməyə başladı.
Bədən tərbiyəsi və idmanın tələbə və şagirdlər arasında geniş təbliğ olunmasında mühüm rol oynayan RBTM "Bədən tərbiyəsi və idman haqqında" Qanuna uyğun olaraq, təhsil müəssisələrində bədən tərbiyəsi və idmanın inkişafını təmin etmək məqsədi ilə hazırlanmış planı təhsil ocaqlarında mərhələlərlə həyata keçirir. Çünki bu gün böyük idmanın təməli tədris müəssisələrində qoyulur.
Artıq yeni tədris ili başlamışdır. Yeniyetmə və gənclər qayğılarının çox olmasına baxmayaraq, həyatımızın ayrılmaz hissəsinə çevrilən idmandan kənarda qalmamaq üçün müxtəlif növlər üzrə spartakiada və yarışlarda iştirak edəcəklər. Bu yaxınlarda Respublika Bədən Tərbiyəsi Mərkəzinin direktoru Niftalı Quliyevlə görüşüb RBTM-nin fəaliyyəti ilə bağlı geniş məlumat aldıq. Niftalı müəllim ötən müddət ərzində qurumun həyata keçirdiyi tədbirlər, bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə bunları bildirdi: "Respublikamızda bədən tərbiyəsi və idmana dövlət səviyyəsində göstərilən qayğının nəticəsi olaraq, digər sahələr kimi, bu sahə də hazırda öz inkişafının ən yüksək mərhələsinə qədəm qoymuşdur. Bu gün aparılan uğurlu islahatlar sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Gələcəyin qurucusu olan gənc nəslin nümayəndələrinin əldə etdikləri nailiyyətlərin sayı getdikcə artır. Azərbaycan Təhsil Nazirliyi uşaq, yeniyetmə və gənclərin elm, təhsil sahəsində yüksək bilik və bacarıq əldə etmələri ilə yanaşı, fəaliyyətini həm də onların ahəngdar inkişafı, bədən tərbiyəsi və idman vasitəsilə sağlamlıqlarının və fiziki hazırlığının möhkəmləndirilməsinə yönəldir. Əhali arasında idmana marağın daha da artması, onun miqyasının genişləndirilməsi üçün digər idman qurumlarında olduğu kimi, Respublika Bədən Tərbiyəsi Mərkəzində də çox iş görülmüşdür. Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin köməyi və dəstəyi ilə tələbə və şagirdlər, bədən tərbiyəsi kollektivləri arasında keçirilən universiadalar, spartakiadalar, birinciliklər, bunlarla yanaşı, dövlət əhəmiyyətli bayramlara həsr olunmuş tədbirlər və xatirə turnirlərində hər il minlərlə uşaq, yeniyetmə və gənc iştirak edir".
Hər bir Azərbaycan gəncinin təhsil aldığı müəssisədə elmi, əqli, mənəvi inkişafı ilə yanaşı, onların vətənpərvər və fiziki cəhətdən sağlam böyüməsi də diqqət mərkəzindədir. Bu baxımdan bədən tərbiyəsi fənni böyük əhəmiyyət kəsb edir. Bunun üçün ilk növbədə bədən tərbiyəsi və idman işlərini daha yüksək səviyyədə təşkil etmək lazımdır. Buna müvafiq olaraq, Respublika Bədən Tərbiyəsi Mərkəzində yuxarı təşkilatların bədən tərbiyəsi və idmanla bağlı göstəriş və tapşırıqlarının icrasının yüksək səviyyədə həyata keçirilməsi üçün tədbirlər görülür. Belə ki, RBTM tərəfindən peşə və peşə lisey məktəbləri üçün bədən tərbiyəsi fənni üzrə proqram hazırlanaraq məktəblərin istifadəsinə verilib. Bununla yanaşı, mərkəz tərəfindən "Ümumtəhsil məktəblərinin birinci siniflərində bədən tərbiyəsinin təşkilinə dair" metodik tövsiyə, "Ümumtəhsil məktəblərində dərsdənkənar məşğələlərdə basketbolun öyrədilməsi metodikası" nəşr olunub, bədən tərbiyəsi müəllimlərinin peşə hazırlığının təkmilləşdirilməsi ilə bağlı metodiki vəsait istifadəyə verilib. Yeni proqramda respublikanın iqlim şəraiti, milli xüsusiyyətlər və şagirdlərin fiziki hazırlığı nəzərə alınmışdır. Bundan başqa, məktəbəqədər yaşlı uşaqlar üçün "Fiziki tərbiyə" adlı metodiki vəsait hazırlanıb müzakirəyə çıxarılmışdır.
Mərkəzin iş planına əsasən, ali məktəblərin bədən tərbiyəsi və idman kafedralarının müdirləri, orta ixtisas məktəblərinin idman rəhbərləri, ümümtəhsil məktəblərinin metodistləri, texniki peşə məktəblərinin idman rəhbərləri və baş müəllimləri ilə ötən tədris ilində Azərbaycan Müəllimlər İnstitutunda "Azərbaycan Respublikasında gənclərin fiziki tərbiyəsindəki təhsil islahatları" mövzusunda seminar keçirilmişdir. Seminarda idmanla bağlı bir sıra aktual məsələlər müzakirə olunmuşdur.
RBTM-nin təşkilatçılığı ilə keçirilən ən kütləvi tədbirlərdən biri də spartakiada yarışlarıdır. Bu il sayca 6-cı olan spartakiadaya start verilib. Dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş VI Spartakiada ümumtəhsil, peşə məktəbləri və peşə liseyləri şagirdləri arasında 8 idman növü üzrə keçirilir. IV mərhələ üzrə yarışların ilkin mərhələsində şagirdlər məktəbdaxili, II mərhələsində rayondaxili yarışlarda qüvvələrini sınayıblar. Spartakiadanın zona yarışları may ayında Naxçıvan MR, Şamaxı, Cəlilabad, Qusar, Sabirabad, Zaqatala, Mingəçevir, Bakı "A" və Bakı "B" zonaları üzrə III mərhələ çərçivəsində keçirilib.
Niftalı Quliyev kütləviliyi ilə seçilən bu yarışların yüksək səviyyədə keçirildiyini bildirdi: "Dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş spartakiadada kütləviliyin təmin edilməsi üçün mərkəz tərəfindən bir sıra ciddi tədbirlər həyata keçirilib. Spartakiadanın yüksək səviyyədə təşkilinə nail olmaq üçün yarışlar ərəfəsində bizim təşkilatın əməkdaşları tərəfindən zonalar üzrə müşavirələr keçirilmiş, spartakiadanın mahiyyəti barədə geniş məlumat verilmişdir. Görülən işlərin nəticəsidir ki, yarışların təkcə final mərhələsində müxtəlif növlər üzrə 95 komanda mübarizə aparacaq. Ötən spartakiada yarışlarında da kütləvliyin təmin edilməsi üçün mərkəz bir sıra tədbirlər həyata keçirmişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2009-cu il "Uşaq ili" elan edildiyindən mərkəz bu işə xüsusi qayğı ilə yanaşmışdır. Sərəncama müvafiq olaraq, uşaqlar arasında bədən tərbiyəsi və idmanın kütləvi inkişafına kömək göstərmək, onların fiziki cəhətdən sağlam böyüməsinə və idman növləri ilə müntəzəm məşğul olmasına zəmin yaratmaq, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunun artırılmasına nail olmaq, yeniyetmələrin idman ustalıqlarının artırılması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Gənclər və İdman Nazirliyi ilə birgə 22 yanvar 2009-cu il tarixli qərar qəbul etmişdir. Bu qərardan irəli gələn vəzifələrin icrası ilə bağlı Respublika Bədən Tərbiyəsi Mərkəzində də geniş tədbirlər planı hazırlanmışdır. 2009-cu il 30 yanvar tarixindən həmin qərara uyğun olaraq respublikanın ümumtəhsil və texniki peşə məktəb şagirdləri arasında "Uşaq ili"nə həsr olunmuş V Spartakiada keçirilib.Yarışların təkcə final mərhələsində 45 şəhər və rayonu təmsil edən 3000 nəfər iştirak edib ki, onların da 980 nəfəri qızlardır".
Qeyd edək ki, V Spartakiadanın proqramına daxil olan 8 idman növü üzrə keçirilən yarışların I mərhələsində ümumtəhsil məktəblərinin və peşə məktəblərinin hesabatlarına görə 859000 şagird iştirak edib. II mərhələdə 145000 şagird (onlardan 73000 nəfəri qızlardır) qalib adı uğrunda mübarizə aparıb. III mərhələ çərçivəsində keçirilmiş yarışlarda isə iştirakçıların sayı 14300 nəfər olmuşdur ki, onların da 6250-ni qızlar təşkil edib.
Niftalı müəllim ən kütləvi idman tədbirlərindən biri olan VI Spartakiada yarışlarının final mərhələsinin sentyabrın 27-də start götürəcəyini bildirdi. O, qeyd etdi ki, finalda həndbol üzrə 18, basketbol üzrə 20, voleybol üzrə 25, atletika üzrə 22, stolüstü tennis üzrə 18, futbol üzrə 28 komanda mübarizə aparacaq. Boksçular və yunan-Roma güləşi üsulu ilə güləşənlər isə birbaşa final mərhələsinə dəvət olunacaqlar.
Mərkəz tərəfindən kütləvi idman tədbirlərinin vaxtaşırı keçirilməsi ənənəvi xarakter alıb. Hər il ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlərin keçirilməsi ilə əlaqədar RBTM-də böyük işlər görülmüşdür. Təkcə bu il ulu öndərin xatirəsinə həsr olunmuş kütləvi idman tədbirlərində 7870 şagird və tələbə qüvvəsini sınayıb.
2005-2015-ci illərdə futbolun inkişafı ilə bağlı Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar olaraq mərkəz ali, orta ixtisas və orta təhsil müəssisələrində ötən illər ərzində bir sıra kütləvi tədbirləri həyata keçirib. Təkcə bu il ərzində belə turnirlərdə 4000-dən çox şagird və tələbə qüvvəsini sınayıb. Bu tədbirlər 2011-2012-ci tədris ilində də davam etdiriləcəkdir. Mərkəzin direktoru şagird və tələbələrin bir sıra yarışlarda iştirakının nəzərdə tutulduğunu vurğuladı.
Mərkəzin kütləvi idman tədbirlərinin təqvim planına uyğun olaraq, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən ənənəvi turnirlər buna misal ola bilər. Həmçinin orta, orta ixtisas və ali məktəb tələbə və şagirdləri arasında 8 Mart - Beynəlxalq Qadınlar Gününə, Novruz bayramına, 9 May - Qələbə Gününə və digər əlamətdar günlərə həsr olunmuş yarış və tədbirlər keçiriləcəkdir.
Təhsil müəssisələrinin işçiləri arasında II Spartakiadanın və yeniyetmələrin VII Respublika Oyunlarının keçirilməsi ilə bağlı mərkəzdə geniş tədbirlər planı hazırlanıb. Bütün bunlar təhsil müəssisələrində bədən tərbiyəsi və idmanın inkişafına yeni təkan verəcəkdir.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında