Bu dəfə məzmunlu oyunda əzmkar qələbə

Azərbaycan yığmasının dörd gün əvvəl Belçika komandasına layiqli müqavimət göstərə bilməsə də, heç-heçəyə nail olduğu görüşdən fərqli olaraq, Qazaxıstanla matç məzmunlu oyun və əzmkar qələbə ilə yadda qalacaq. Futbolçularımız bu dəfə daha fəal, daha cəsarətli oyun nümayiş etdirib gərgin mübarizədən sonra meydançanı pərəstişkarlarının alqışları altında tərk etdilər. Onların uduzulmaqda olan oyunda dönüş yaradıb Avropa çempionatı - 2012-nin seçmə yarışlarında ölkəmizə ikinci qələbə sevinci yaşatmaları isə xüsusi qeyd olunmalıdır.
Qonaqlar fasiləyə hələ birinci hissənin ortalarında Sergey Ostapenkonun vurduğu qol sayəsində daha yaxşı əhval-ruhiyyə ilə çıxsalar da, Azərbaycan futbolçuları ikinci 45 dəqiqədə nəinki hesabı bərabərləşdirmək, hətta qalib gəlmək üçün özlərində qüvvə tapmağı bacardılar. Mahir Şükürovun sağ cinahdan ötürməsindən sonra Rauf Əliyevin başla vurduğu top Belçika ilə oyunda qeydə alınan cavab qolunu xatırlatdı, bir qədər sonra Mahirin ustalıqla yerinə yetirdiyi penalti epizodunda qazaxıstanlı qapıçı Aleksandr Mokin özündən sağ tərəfə tullandı, top isə əks küncə daxil oldu. Bütün görüş ərzində yüksək işgüzarlığı ilə diqqəti cəlb edən digər futbolçumuz Vaqif Cavadov da öz növbəsində hesabı 3:1-ə çatdırdıqda komandamız artıq qələbənin astanasında idi. Oyunun axırına yaxın qazaxıstanlı Vitali Yevstiqneyev qonaqlara ikinci dəfə müvəffəqiyyət qazandırsa da, danimarkalı hakim Anders Hermansenin final işarəsindən sonra qələbəni Azərbaycan futbolçuları bayram etdilər - 3:2.
Bununla da yığmamız həm Astanadakı məğlubiyyətin (1:2) əvəzini çıxdı, həm də dünya və Avropa çempionatlarının seçmə yarışlarında ilk dəfə olaraq xal ehtiyatını 7-yə çatdırdı. Buna qədər həmin göstərici ən yaxşı halda 5 olmuşdu. Qarşıda isə "A" qrupu komandalarının hərəsini daha iki oyun gözləyir. Deməli, 7 xal son hədd deyil və onu bir qədər də artırmaq olar.
O Q H M T X
1.Almaniya 8 8 0 0 28-5 24
2.Türkiyə 8 4 2 2 11-8 14
3.Belçika 8 3 3 2 16-11 12
4. Avstriya 8 2 2 4 12-16 8
5.Azərbaycan 8 2 1 5 9-21 7
6.Qazaxıstan 8 1 0 7 5-20 3

Azərbaycan futbolçuları növbəti oyunu da öz meydançalarında keçirəcəklər. Bu dəfə Avstriya komandası qonağımız olacaq. Oktyabrın 7-nə təyin edilmiş bu görüşdə qələbə yığmamıza turnir cədvəlində dördüncü mövqeyə yüksəlmək imkanı verər. Həmin gün həmçinin Türkiyə-Almaniya və Belçika-Qazaxıstan matçları oynanılacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında