Azərbaycan üçlüyü 3-cü mərhələdə

Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya kuboku yarışının üçüncü mərhələsinə start veriləcəkdir. Turnirdə mübarizəyə qoşulan 46 ölkənin 128 təmsilçisindən 96-sı ilk iki mərhələdə uğursuzluqdan sonra çıxışlarını dayandırmağa məcbur olmuşdur. Azərbaycanlı qrossmeysterlər Vüqar Həşimov, Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov isə 1/16 finala çıxan 32 rəqib sırasında inamla addımlayırlar.
FİDE-nin bu günlərdə açıqladığı sentyabr reytinq cədvəlində 2756 xalla 11-ci mövqedə olan Həşimov startda kanadalı Erik Hanseni 2:0 hesabı ilə məğlubiyyətə uğratdıqdan sonra növbəti matçda Sergey Azarov (Belarus) üzərində qələbə qazanmışdır - 1,5:0,5.
Reytinq siyahısında 13-cü pillədə irəliləyən Rəcəbov (2752) ilk rəqibi kubalı Frank Perdomoya "iki cavabsız qolla" qalib gəlmiş, sonra isə Negi Parimarjan (Hindistan) ilə iki görüşün birindən qalib ayrılmış, digərində heç-heçə oynamışdır - 1,5:0,5.
Məmmədyarovun (reytinq cədvəlində geriləyən Şəhriyar hazırda 2746 xalla 14-cüdür) 1/16 finala yolu bir qədər çətin olmuşdur. Birinci mərhələdə misirli Hatim İbrahimlə matçda heç bir problemlə üzləşməyən (2:0) şahmatçımız 1/32 finalda Daniel Fridmanla (Almaniya) hər iki görüşdə heç-heçəyə razılaşmış və bu cütdə qalibi tay-breyk müəyyənləşdirmişdir. Dünən keçirilən əlavə görüşlərdə Azərbaycan şahmatçısının xeyrinə 1,5:0,5 hesabı qeydə alınmışdır.
Beləliklə, ilk iki mərhələnin sınaqlarından şərəflə çıxan Azərbaycan üçlüyü bu gün 1/16 finalda yoluna davam edəcək. Bu mərhələdə Vüqarı keçmiş Avropa çempionu rusiyalı Yevgeni Tomaşevski ilə görüşlər gözləyir, Teymur Etyen Bakronu (Fransa) sınağa çəkəcəkdir. Şəhriyarın isə rəqibi Ruben Felqaer (Argentina) - Yaroslav Jerebux (Ukrayna) matçının qalibi olacaq.
Xatırladaq ki, təşkilatçılar Dünya kuboku yarışı üçün 1 milyon 600 min dollar məbləğində mükafat fondu təsis etmişlər. Turnirin qalibi 96 min dollar qazanacaq. Finalda onun rəqibi olacaq şahmatçını 64 min dollar mükafat gözləyir. Yarımfinalçılar isə hərəyə 40 min dollar alacaqlar.
Dünya kuboku yarışı haqqında qeydlərimizə onu da əlavə edək ki, bu günlər Xantı-Mansiyskdə Yuqra qubernatorunun kuboku uğrunda turnir də keçirilir. Onun 154 iştirakçısı arasında Azərbaycan milli komandasının üzvləri Rauf Məmmədov və Qədir Hüseynov da vardır. Qrossmeysterlərimiz turnirə uğurla başlayıb ilk iki turda hərəyə iki qələbə qazanmışlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında