Heç nəyi dəyişməyən gecikmiş qələbə

Azərbaycan milli komandası dünən Çin Xalq Respublikasının Ninbo şəhərində finişə çatmış dünya çempionatının son turunda Misir yığması ilə qarşılaşmış və 2,5:1,5 hesabı ilə qalib gəlmişdir. Çempionatda bütün matçlarda məğlub olan rəqiblə görüşdə Teymur Rəcəbov və Vüqar Həşimov qələbə qazanmış, Qədir Hüseynov heç-heçə oynamış, Şəhriyar Məmmədyarov isə uduzmuşdur.
Bu gecikmiş qələbə heç nəyi dəyişməmiş, son tur ərəfəsində turnir cədvəlində yeddinci mövqedə olmuş yığmamıza bir pillə belə irəliləmək imkanı verməmişdir. Komanda çempionatı 9 xalla yeddinci yerdə başa vurmuşdur. Halbuki hələ turnirə start verilməzdən əvvəl, demək olar, hamı, o cümlədən məşhur əcnəbi mütəxəssislər Azərbaycan komandasının medallar, hətta çempionluq uğrunda mübarizədə baş rollardan birini oynayacağını söyləyirdilər.
Lakin imkanlarından çox aşağı səviyyədə çıxış edən şahmatçılarımız ümidləri doğrultmadılar. Onlar doqquz matçdan yalnız üçündə Hindistan, Rusiya və Misir komandalarına qalib gəlməyi bacardılar. Çin, İsrail və Ermənistan yığmaları ilə görüşlərdə heç-heçə qeydə alınmış, Macarıstan, Ukrayna və ABŞ təmsilçiləri ilə matçlar isə məğlubiyyətlərimiz ilə yadda qalacaq.
Azərbaycan komandası ötən ilin yanvarında Bursada (Türkiyə) keçirilmiş dünya çempionatında da fəxri kürsüdən kənarda qalmışdı. Lakin onda təmsilçilərimiz 12 xalla dördüncü olmuş, iki-üçüncü yerləri bölüşdürən ABŞ və Hindistan komandalarından cəmi bir xal geri qalmışdılar. İndi isə 9 xalla 7-ci yer...
Bu qibtəedilmz nəticəyə nə qədər təəssüflənsək də, gələcəyi nikbinliklə gözləyək. Həyat davam edir. Tezliklə, avqustun 26-dan sentyabrın 21-dək Xantı-Mansiyskdə (Rusiya) Dünya kuboku yarışı keçiriləcəkdir. Turnirin 128 iştirakçısı arasında Məmmədyarov, Həşimov, Rəcəbov, Rauf Məmmədov və Namiq Quliyev də olacaqlar. Bundan bir qədər sonra isə (2-12 noyabr) Yunanıstanda Avropa komanda çempionatı təşkil olunacaq. Qrossmeysterlərimiz Ninbodakı uğursuzluğu bu yarışlarda inamlı çıxışları ilə unutdura bilərlər.
Dünya çempionatının yekunlarına gəldikdə, birinci yeri son matçda Ukrayna ilə heç-heçə oynayan Ermənistan komandası tutmuş (14 xal), ondan bir xal geri qalan Çin yığması gümüş mükafatçı olmuş, bürünc medalları Ukrayna şahmatçıları qazanmışlar - 12 xal. Finişdə hindistanlı rəqiblərinə uduzan (1,5:2,5) indi artıq keçmiş dünya çempionları rusiyalı qrossmeysterlər 10 xalla yalnız dördüncü olmuşlar. Beş-altıncı yerləri tutan Macarıstan və ABŞ komandaları da bir o qədər xal toplamışlar. Hindistan səkkizinci olmuş (7 xal), ondan iki xal geri qalan İsrail doqquzuncu nəticə göstərmiş, misirlilər isə, yuxarıda qeyd etdiyimiz kimi, bütün matçlarda uduzmuşlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında