O, daha idmanla nəfəs almır...

Gözümüzü heç açıb-yummağa macal tapmamış Aqşin Kazımzadəsiz yaşadığımız 40 gün arxada qaldı. Qırx gündür ki, idman jurnalistikamızın, bütünlükdə Azərbaycan mətbuatının ən görkəmli simalarından biri ömrü boyu ona sədaqətlə xidmət etmiş, qələmi yerə qoymuş və qeyd dəftərçəsi həmişəlik bağlanmışdır. Amma nə etmək olar, tale heç kimə güzəştə getmir, hər bir insan nə vaxtsa bu gözəl həyatda son addımını atıb, dayanmalı olur.
İdman dünyamız üçün ağır itkiyə çevrilən Aqşin müəllimin vəfatı onun böyük pərəstişkarı olduğu Azərbaycan futbolunun 100 illiyi ilə, demək olar, eyni vaxta, iyunun 10-una təsadüf etdi. Bundan on gün əvvəl isə yubiley münasibətilə Azərbaycan Mətbuat Şurasında keçirilən tədbirdə həmkarlarının alqışları altında əsrin 33 idman jurnalistinin rəmzi komandasından birinci olaraq məhz ona MŞ-nın diplomu və AFFA-nın xatirə hədiyyəsi təqdim olunmuşdu.
Mənə nə az, nə də çox-düz 25 il Aqşin Kazımzadə ilə "İdman"-"Sport" qəzeti redaksiyasının divarları arasında birgə işləmək xoşbəxtliyi nəsib olmuşdur. Bu sadə və xeyirxah, eyni zamanda, prinsipial və qətiyyətli insan idmanı sevən və bütün varlığı ilə ona bağlı olan bir şəxsiyyət idi. Uzun illər ərzində redaktor müavini, sonralar isə baş redaktor kimi yorulmadan Azərbaycanda idmanın təbliğinə və inkişafına böyük fayda vermiş və cəsarətlə belə bir qənaətə gələ bilərik ki, bu sahədə xidmətləri hətta ən məşhur mütəxəssislərin də xidmətlərindən az olmamışdır. Onu fərqləndirən, "komandasını" daim mübariz idman formasında olmağa ruhlandıran başlıca keyfiyyəti tələbkarlığı və təşəbbüskarlığı, idman meydanlarında baş verən hadisələrə operativ münasibəti, ətrafındakılarla daim xoş ünsiyyətdə olması və istənilən halda öz dəyərli məsləhətləri ilə onların köməyinə gəlməsi idi.
Əsl professional jurnalist kimi böyük nüfuz qazanan Aqşin müəllim hələ 1960-cı ildə indi Dövlət Neft Akademiyası adlanan Azərbaycan Sənaye İnstitutunu bitirib mühəndis diplomu alsa da, idman jurnalistikası onu özünə daha çox cəlb etmiş və həyatının son günlərinədək idmanımızın qələbə və problemlərini işıqlandırmaqda davam etmiş, ona mümkün qədər çox fayda vermək üçün bir an belə qüvvə və bacarığını əsirgəməmişdir.
Mərhum həmkarımız təkcə Azərbaycanda deyil, bütün dünyada baş verən idman hadisələrini daim diqqət mərkəzində saxlayır, onlar haqqında qəzetin elə növbəti nömrəsində operativ məlumatlar verilməsini başçılıq etdiyi kollektivin borcu hesab edirdi. Özü də daim əsl gənclik həvəsi ilə yaşayıb-yaradırdı. İrili-xırdalı minlərlə, on minlərlə yazının müəllifi olmuş Aqşin Kazımzadə beş Olimpiya oyunlarını-1968-də Mexiko, 72-də Münhen, 76-da Monreal, 80-də Moskva və 2008-ci ildə Pekin olimpiadalarını birbaşa hadisə yerində izləmiş, onların hər biri barəsində zəngin təəssüratlarını oxucularla bölüşmüşdür. Mən hələ onun futbol, güləş,voleybol, velosiped idmanı, fiqurlu konkisürmə, şaybalı xokkey və digər növlər üzrə dünya çempionatlarında, dünya şahmat tacı uğrunda matçlarda, SSRİ xalqlarının spartakiadalarında, Sovet İttifaqı çempionatlarında iştirakını demirəm. Təsadüfi deyil ki, səmərəli fəaliyyətinə, idmanımıza verdiyi töhfələrə görə əməkdar jurnalist fəxri adına, "Tərəqqi" medalına, "Qızıl qələm"ə, habelə bir çox başqa mükafatlara layiq görülmüşdü və Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) üzvü kimi də böyük nüfuz qazanmışdı.
Aqşin Kazımzadə ilə bağlı xatirələri qələmə almaq üçün bir qəzet məqaləsi, bəlkə də, kifayət etməz. Yalnız iki məqamı xatırlatmaq istərdim.
1997-ci ilin dekabr ayı idi. Aqşin müəllimin 60 yaşının tamam olmasına bir neçə gün qalırdı. Artıq hər ikimiz "İdman"dan ayrılmışdıq. İndi o, fəaliyyətini "Trend" informasiya-analitik agentliyində baş redaktor vəzifəsində davam etdirirdi, mən isə hazırda əməkdaşı olduğum "Xalq qəzeti"ndə çalışırdım. Ona müraciət edib yubileyi münasibəti ilə qəzetimiz üçün məqalə hazırlamaq istədiyimi bildirəndə qısaca,- "Lazımdırmı?"- dedi.
- Əlbəttə, sizin söhbətinizin qəzetimizin oxucuları tərəfindən maraqla qarşılanacağına bizim şübhəmiz yoxdur,- cavabını eşitdikdə, "Yaxşı, qoy sən deyən olsun" dedi. Təbii ki, oxucular Aqşin Kazımzadənin çoxsaylı yazıları kimi bu söhbətinə də biganə qala bilməzdilər.
Başqa bir məqam. 1992-ci ilin yayı idi. Barselona Olimpiadası ərəfəsindəydik. Sizin də yadınızda olar, o zaman respublikamız çətin bir dövrdə yaşayırdı. Ölkədə yaranmış mürəkkəb vəziyyət uzun illər ərzində maliyyə cəhətdən heç bir problemlə üzləşməyən, əksinə, daim gəlirlə işləyən "İdman"dan da yan keçməmişdi. Redaksiyanın bank hesabında, demək olar, vəsait qalmamışdı. Əvvəllər bir gün də gecikmədən, hər ayın 3-ü və 18-i məvaciblərini almağa adət etmiş əməkdaşlarımız indi maaşlarını çətinliklə ala bilirdilər. Odur ki, bəziləri artıq özlərinə yeni iş yeri tapmaq barədə düşünürdülər. Digər tərəfdən də, qəzet buraxmaq üçün kağız tapmaq müşkül məsələyə çevrilmişdi. Üstəlik də, həmin illərdə nadir hallarda yarışlar keçirilirdi, onlar əslində yox dərəcəsində idi. Yarış olmayanda isə, təbii ki, material hazırlamaq da asan olmur.
Belə mürəkkəb vəziyyətdə bir səhər Aqşin müəllim əməkdaşları otağına dəvət edib "Olimpiada başlayır, gərək onu daha yaxşı işıqlandıraq, bununla bağlı mənim bir təklifim var: gəlin, qəzeti həftədə 4 dəfə çıxaraq,"-dedi.
Bu zaman biz təəccüb içində hərə bir yerdən "necə?", "nə ilə?", "bacararıqmı?" dedik. Aqşin müəllim isə yüngülcə gülümsəyib suallarımızı "bacararıq, təki istək olsun" sözləri ilə cavablandırdı.
Doğrudan da, bacardıq. Həmin il " İdman"-"Sport" bir neçə ay ərzində həftədə 4 nömrə ilə işıq üzü gördü. Əvvəllər isə heç vaxt belə bir hal olmamışdı. Elə həmin 92-ci ildən sonra da. Bununla da "İdman"ın kollektivi Aqşin Kazımzadənin təşəbbüsü və rəhbərliyi ilə gözəl ənənələrə malik qəzetin tarixinə daha bir şərəfli səhifə yazdı.
2011-ci il iyunun 10-da isə Aqşin müəllimin özü əbədiyyətə qovuşub tarixə çevrildi. İdman jurnalistikamız daha bir ağsaqqalını itirdi. Lakin bu ağır itkiyə müəyyən dərəcədə təsəlli gətirən bir səbəb də var: Kazımzadələr ailəsində idman jurnalistikası ənənələri yaşayır. Aqşin müəllimin yolunu hazırda Azərbaycan Gimnastika Federasiyasında mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan oğlu Şahin uğurla davam etdirir.
Yəqin bunun özü də dərin bir rəmzi məna daşıyır ki, Aqşin Kazımzadənin vəfatının 40-cı günü milli mətbuatımızın növbəti ildönümünə təsadüf edir. Yaşasaydı, iki gündən sonra, iyulun 22-də yenə də həmkarlarından, dostlarından, idmançı və məşqçilərdən, hətta özünün tanımadığı, amma onu yaxşı tanıyan sadə idman həvəskarlarından çoxlu təbriklər qəbul edəcəkdi. Əfsus ki, o, daha idmanla nəfəs almır, daim böyük zövq aldığı Azərbaycan idmanının qələbələrinin sevincini yaşamır. Yaşasaydı, mətbuatımızın növbəti bayramı münasibətilə respublikanın əməkdar jurnalisti Aqşin Kazımzadə imzası ilə yalnız onun özünə xas olan dəst-xətlə daha bir məqaləsini oxucuların mühakiməsinə verəcəkdi...{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında