"Qarabağ" üçüncü mərhələnin astanasında

UEFA Avropa Liqası turnirinin ikinci təsnifat mərhələsinin birinci "raundundan" sonra "Qarabağ" və onun pərəstişkarları bir qədər sakit nəfəs ala bilərlər. Ağdam klubunun uzaq Farer adalarının paytaxtı Torshavn şəhərində yerli "Streymur" ilə oyundan məhsuldar heç-heçə ilə ayrılması (1:1) Bakıda cavab görüşünü böyük nikbinliklə gözləməyə ciddi əsas verir.
Hərçənd, Azərbaycan futbolçuları ada dövlətindən Vətənə qələbə ilə qayıtmağa çox yaxın olmuşlar. Artıq 11-ci dəqiqədə Rauf Əliyev dəqiq zərbə ilə komandasını hesabda irəli çıxarmış və "Qarabağ" oyunun, demək olar, axırınadək kiçik üstünlüyü qoruyub saxlamışdır. "Streymur" yalnız sonuncu dəqiqədə məğlubiyyətdən xilas ola bilmişdir.
Buna baxmayaraq, səfərdə qeydə alınmış sərfəli 1:1 hesabı iki oyunun yekununda ümumi qələbəni bayram etmək üçün Qurban Qurbanovun yetirmələrinə yaxşı zəmin yaratmışdır. Cavab görüşündə "doğma divarlar" arasında oynayacaq "Qarabağ"ı hətta qolsuz heç-heçə də qane edir. Ancaq üçüncü mərhələnin qapısını açmağa çox yaxın olan Ağdam futbolçularının evdə xoşbətliyi müdafiədə yox, rəqib qapısında axtaracaqları da heç kimdə şübhə doğurmur. Avrokubok turnirlərində hörməti getdikcə artan "Qarabağ" özünün güclü hücum potensialı sayəsində "Banqa"dan (Litva) sonra "Streymur"u da yolundan götürmək üçün hər cür imkana malikdir.
Azərbaycan kubokunun sahibi kimi Avropa Liqası yarışlarının birinci təsnifat mərhələsi oyunlarından azad olub, mübarizəyə ikinci mərhələdən qoşulan "Xəzər-Lənkəran" isə "Qarabağ"la müqayisədə çox mürəkkəb vəziyyətdədir. Təl-Əvivdə "Makkabi"yə 1:3 hesabı ilə uduzan həmyerlilərimiz iki top fərqlə məğlubiyyətdən sonra Lənkəran şəhər stadionunda ikiqat ağır sınaqdan şərəflə çıxmalıdırlar.
Hələ yaxşı ki, hesab 0:3 olarkən Andrey Mureşan israillilərin qapısına çox mühüm bir top vura bildi. Səfərdə üç cavabsız topla uduzmaqdansa 1:3 hesablı məğlubiyyət müəyyən dərəcədə ümidvericidir. İndi iki oyunun yekununda ümumi müvəffəqiyyətə çatmaq üçün cavab görüşündə komandamıza 2:0 hesabı ilə qələbə də kifayətdir. "Xəzər-Lənkəran"ın buna gücü çatacaqmı? Gözləyək... Hər halda, Avroliqanın üçüncü mərhələsinə vəsiqənin taleyi Lənkəranda həll olunacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında