Avropa çempionu Azərbaycan Çində daha yüksək ad uğrunda mübarizə apara bilər

Çin Xalq Respublikasının Ninbo şəhərində kişilərdən ibarət komandalar arasında şahmat üzrə dünya çempionatı start ərəfəsindədir. Artıq sabah axşam yarışın açılış mərasimi olacaq və püşk birinci turda qarşılaşacaq rəqibləri müəyyənləşdirəcəkdir.
Dünya çempionatının medalları uğrunda on ölkə - Rusiya, Azərbaycan, Ukrayna, Ermənistan, Macarıstan, Çin, İsrail, Hindistan, ABŞ və Misir yığmaları mübarizə aparacaq. Hər komandanın heyəti 5 nəfərdən (4 əsas və 1 ehtiyat oyunçu) ibarət olacaq. Turnir dairəvi sistem üzrə keçiriləcək və rəqiblər hərəyə doqquz matç oynayacaqlar.
Çempionatın ən yüksək reytinqə malik üç komandası 2010-cu ilin yanvarında Türkiyənin Bursa şəhərində keçirilmiş dünya birinciliyinin qalibi Rusiya, hazırkı Avropa çempionu Azərbaycan və sonuncu Ümumdünya Olimpiadasının qızıl medallarının sahibi Ukraynadır. Ninboda Rusiya komandasının şərəfini Sergey Karyakin (2788), Aleksandr Qrişuk (2746), Pyotr Svidler (2739), Nikita Vityuqov (2733) və Yan Nepomnyaşi (2711) qoruyacaqlar. Azərbaycan yığması Şəhriyar Məmmədyarov (2765; yeri gəlmişkən, diqqətinizə çatdıraq ki, FİDE-nin bu günlərdə iyulun 1-nə olan reytinq cədvəlində etdiyi dəyişiklik nəticəsində Məmmədyarov onuncu yerdən doqquzuncu mövqeyə yüksəlmişdir), Vüqar Həşimov (2760), Teymur Rəcəbov (2744), Rauf Məmmədov (2679) və Qədir Hüseynovdan (2625) ibarət heyətlə medal qazanmağa çalışacaq. Komandamızın kapitanının ukraynalı mütəxəssis Vladimir Tukmakov olduğunu da xatırladaq. Vasili İvançukun (2768) başçılıq etdiyi Ukrayna yığmasına həmçinin Pavel Elyanov (2697), Zaxar Yefimenko (2706), Aleksandr Areşenko (2682) və Aleksandr Moiseyenko (2715) daxildirlər.
Dünya çempionatının digər iştirakçıları da on gün ərzində bütün şahmat aləminin diqqət mərkəzində olacaq yarışa mübariz heyət və yaxşı əhval-ruhiyyə ilə yola düşmüşlər. Onların hamısı ilin bu çox mötəbər idman hadisəsində öz ölkələrini layiqincə təmsil etmək və vətənə yüksək nəticə ilə qayıtmaq əzmindədir. Azərbaycanlı şahmat həvəskarları da ümid edirlər ki, çempionatda baş rollardan birini məhz onların həmvətənləri oynayacaqlar. Bunun üçün beynəlxalq şahmat dairələrində də oyun səviyyələri yüksək qiymətləndirilən qrossmeysterlərimizin hər cür imkanı var.
Elə rəqiblər də Azərbaycan komandası haqqında müsbət fikirdədirlər. Məsələn, rusiyalı Pyotr Svidlerin fikrincə, onların ən əsas rəqibləri Azərbaycan, Ermənistan, Ukrayna və Çindir. Onun komanda yoldaşı Nikita Vityuqov isə demişdir ki, məncə, əsas rəqiblərimiz Çin və Azərbaycandır.
İsrailli qrossmeyster Emil Sutovski də öz növbəsində chesspro.ru-da dərc etdirdiyi məqalədə belə bir fikir söyləmişdir: - Çində Azərbaycan Rusiyanın əsas rəqibi olacaq. Azərbaycanlılar bu çempionata çox ciddi yanaşmışlar. Vüqar Həşimov komandaya qayıdıb. Məşqçi isə, mən deyərdim ki, bu gün dünya şahmatında ən yaxşı kapitan olan Vladimir Tukmakovdur. Əgər o, kollektiv daxilində zəruri mühit yarada bilsə, 2009-cu ilin Avropa çempionları daha yüksək ad uğrunda mübarizə apara bilərlər.
Bir sözlə, dünya çempionatı həyəcanları başlayır. Onun ilk nəticələri 17 iyul axşamında məlum olacaq. Sonuncu turun matçları isə iyulun 26-na təyin edilmişdir. Təşkilatçılar turnir ərzində bir istirahət günü də nəzərdə tutmuşlar. Qrossmeysterlər beşinci "raunddan" sonra, iyulun 22-də bir qədər nəfəslərini dərib, növbəti görüşlərə yeni qüvvə ilə hazırlaşmaq imkanı qazanacaqlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında