Medallar lisenziyalara ümidi ikiqat artırır

Ümummilli lider Heydər Əliyevin adını daşıyan İdman-Konsert Kompleksində ulu öndərin xatirəsinə həsr edilən növbəti "Qızıl Qran-Pri" turniri xalça ustalarımızın böyük zəfəri ilə əlamətdar oldu. Onlar 34 ölkə təmsilçilərinin üç gün davam edən rəqabətində güləşin hər üç növü üzrə üst-üstə 26 medal qazanıb bir növ bu yarışların tarixində rekord müəyyənləşdirdilər. Xüsusilə fərəhlidir ki, əldə olunmuş mükafatlardan 9-u qızıl medaldır.
Biz mübarizəyə birinci qoşulan sərbəst üsulla güləşənlərin turnirində fəxri kürsünün zirvəsinə yüksələn Mahmud Maqomedov (55 kq), Zəlimxan Hüseynov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Şərif Şərifov (84 kq) və Xetaq Qazyumovun (96 kq) uğurları barədə məlumat vermişdik. Sonrakı iki gündə isə qızıl medallarımızın sayını qadın güləşçilər Mariya Stadnik (46 kq), Sona Əhmədli (59 kq) , "klassiklər" Rövşən Bayramov (55 kq) və Həsən Əliyev (60 kq) daha da artırdılar. Əgər sərbəst güləşdə 2 gümüş və 3 bürünc, qadınların turnirində 1 gümüş və 4 bürünc, yunan-Roma güləşində 3 gümüş və 4 bürünc mükafat əldə edildiyini də xatırlasaq, həqiqətən, çox böyük müvəffəqiyyət qazanılmışdır.
Başlıcası isə, Azərbaycan güləşçilərinin inamlı çıxışları göstərdi ki, gündəlik gərgin məşqlər bəhrəsiz qalmır. Ayrı-ayrı idmançılarımızın nümayiş etdirdikləri hazırlıq səviyyəsi onların öz ustalıqlarını daha da artırmaq üçün məşqlərdə qüvvə və bacarıqlarına heyfsilənmədiklərini təsdiq edir.
Məşqlərə ciddi münasibət isə olimpiyaqabağı ildə xüsusi əhəmiyyət kəsb edir. Sentyabrın birinci yarısında İstanbulda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatına hazırlıq həlledici mərhələyə qədəm qoymuşdur. Bütün güləş aləmində qarşıdakı çempionata necə böyük məsuliyyətlə yanaşıldığı hamıya yaxşı məlumdur. Azərbaycan da bu mənada istisna deyil. Milli Güləş Federasiyası və yığma komandalarımızın məşqçiləri London Olimpiadasında əvvəlki Olimpiya oyunlarındakından daha çox iştirakçı ilə təmsil olunmaq əzmindədirlər. "Qızıl Qran-Pri" turnirində qazanılmış medallar onların, eləcə də bütün idman ictimaiyyətimizin olimpiya lisenziyalarına ümidini ikiqat artırır və hamı güləşçilərimizin İstanbul xalçasını "bol məhsulla" tərk edəcəyini gözləyir.
Bunun məhz belə olacağına inam böyükdür. Azərbaycanda idmanın bütün növləri kimi, güləşin də inkişafı dövlətin daimi qayğısı ilə əhatə olunmuş və ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə idmançıların məşq və yarışlarda iştirakı üçün hər cür şərait yaradılmışdır. Zəruri şərait isə ustalıq səviyyəsinin artırılmasında, qələbə, medal və lisenziyalar qazanılmasında mühüm şərtdir.
Yeri gəlmişkən, hər dəfə paytaxtımızdan xoş təəssüratla ayrılıb Azərbaycanda idmanın inkişafına böyük əhəmiyyət verildiyini xüsusi vurğulayan Beynəlxalq Güləş Federasiyasının (FİLA) prezidenti Rafael Martinetti də Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran-Pri" beynəlxalq turnirinin FİLA-nın təqvim planında önəmli yer tutduğunu bir daha bildirmiş, yarışın yüksək səviyyədə təşkil olunmasına görə ölkə rəhbərliyinə və Azərbaycan Güləş Federasiyasına təşəkkür etmişdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında