Mərhələni "Qarabağ" kimi keçərlər - yeddi cavabsız qolla

UEFA Avropa Liqası turnirinin birinci təsnifat mərhələsi Azərbaycanın futbol ictimaiyyətinə müxtəlif hisslər yaşatdı.Bir tərəfdən, "Qarabağ"ın Litvanın "Banqa" klubunu üst-üstə iki oyunda yeddi cavabsız qolla keçib avrokuboklarda ölkəmizin komandaları üçün bir növ rekord müəyyən etməsi azarkeşlərin ürəyindən oldusa, digər tərəfdən, AZAL-ın Minskin eyniadlı klubu qarşısında aciz qalıb elə startdaca "silahı" yerə qoyması (evdə 1:1 hesablı heç-heçədən sonra Belarus paytaxtının "Dinamo" stadionunda məğlubiyyət - 1:2) müəyyən dərəcədə gözlənilməz olub, onların sevincinə məyusluq hissi də əlavə etdi.
Cütün taleyini əslində hələ bir həftə əvvəl Qrqjdoy şəhərində Azərbaycan klublarının avrokuboklarda rəqib meydanında ən böyük hesablı qələbəsi kimi yadımızda qalacaq 4:0-la öz xeyirlərinə həll edən Ağdam futbolçuları Bakıda da litvalı qonaqlarının öhdəsindən asanlıqla gəldilər (3:0). "Qarabağ"ın alban legionerləri Admir Teli və Ansi Aqollinin, eləcə də Rəşad Sadiqovun Arminas Narbekovasın yetirmələrinin qapısından keçirdikləri üç cavabsız top "Banqa" üzərində böyük hesabla ikinci qələbəmizi təmin etdi. Üstəlik də, Qurban Qurbanovun komandasının bu müvəffəqiyyəti sayəsində Azərbaycan klublarının UEFA reytinqində göstəricisi bir qədər də artmışdır.
Beləliklə, "Qarabağ" yüz minlərlə pərəstişkarının ümidini tam doğruldub, Avroliqanın ikinci təsnifat mərhələsinin qapısını öz üzünə taybatay açmaqla ona olan rəğbət və məhəbbəti bir qədər də artırdı.
Bu uğurun davamını isə ikinci mərhələdə Farer adalarının "Streymur" klubu ilə görüşlərdə gözləyəcəyik. Bu komanda bizə o qədər də tanış deyil. Buna baxmayaraq, "Qarabağ"da məşqçilərdən tutmuş bütün oyunçularadək hamı yaxşı bilir ki, onu da "aradan götürüb" UEFA Avropa Liqasında yollarına davam etmək üçün "Streymur"la hər iki oyunu tam hazırlıqla qarşılayıb, onlara yüksək məsuliyyət hissi ilə yanaşmaq lazımdır. Qurban Qurbanov demişkən, bu komandaya yuxarıdan aşağı baxmaq olmaz.
Farer adaları futbolçuları ilə ilk görüş iyulun 14-də onların meydançasında baş tutacaq. Oyunu Mark Stiven Uitbinin başçılığı ilə uelsli hakimlər briqadası idarə edəcəkdir. Bakıda cavab görüşü isə iyulun 21-nə təyin edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında