Heydər Əliyev adına İdman-Konsert Kompleksi: "Qızıl Qran-Pri"

Ümummilli liderimizin adını daşıyan və Azərbaycanın ən böyük idman sarayı hesab edilən bu kompleks ilə dünyanın bir çox ölkəsinin məşhur güləş ustalarını növbəti dəfə məmnuniyyətlə paytaxtımıza gətirən "Qızıl Qran-Pri" beynəlxalq turniri bir-birinə layiqdir. Beynəlxalq Güləş Federasiyasının (FİLA) təqvimində xüsusi yer tutan bu mötəbər yarış respublikamızda idmanın, o cümlədən güləşin inkişafında böyük xidmətləri olmuş ulu öndər Heydər Əliyevə həsr olunmuşdur və ümumdünya güləş dairələrində Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə dərin hörmət və ehtiramın bariz təzahürüdür.
İndiki turniri ikiqat əlamətdar idman hadisəsi hesab edə bilərik. Bu dəfə yarış yaxınlaşmaqda olan dünya çempionatı ərəfəsində keçirilir. Sentyabrın əvvəllərində İstanbulda təşkil olunacaq dünya çempionatı iştirakçılarını isə təkcə medallar uğrunda yox, həm də London Olimpiadası - 2012-yə lisenziya uğrunda çox kəskin rəqabət gözləyir. Bu baxımdan xatirə turniri, şübhəsiz, faydalı olacaq. Yarış məşqçilərə öz yetirmələrini çətin görüşlərdə bir daha sınaqdan çıxarıb, başçılıq etdikləri komandalara ən layiqli namizədləri seçməkdə kömək edəcəkdir.
Bu gün starta çıxıb üç gün davam edəcək turnirdə birinci olaraq sərbəst üsulla güləşənlər "münasibətləri aydınlaşdıracaqlar". Ertəsi gün qadın güləşçilər xalça üzərinə dəvət olunacaqlar. Yarışın sonuncu günü isə yunan-Roma güləşçiləri ustalıqlarını nümayiş etdirəcəklər.
Güləşin hər üç növü üzrə komandalarımız turnirdə geniş heyətlə təmsil olunacaqlar. İdman həvəskarları beynəlxalq xalça üzərində yüksək səviyyəli yarışlarda, o cümlədən dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında fərqlənmiş sərbəst üsulla güləşənlər Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Xetaq Qazyumov (96 kq), Əli İsayev (120 kq), qadın güləşçilər Mariya Stadnik (48 kq), Yuliya Ratkeviç (55 kq), Nadejda Sementsova, Zümrüd Qurbanhacıyeva (hər ikisi 72 kq), "klassiklər" Rövşən Bayramov (55 kq), Həsən Əliyev (60 kq), Vitali Rəhimov (66 kq), Rafiq Hüseynov (74 kq) kimi ustaların çıxışlarını izləmək imkanı qazanacaq, bütünlükdə isə həmişəki kimi, yüksək səviyyədə təşkil olunan turnirin görüşlərindən əsl zövq alacaqlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında