İdman xəbərləri. London rinqinə ilk lisenziyamız

Gələn ilin iyul-avqust aylarında İngiltərə paytaxtında keçiriləcək XXX Yay Olimpiya Oyunlarının boks yarışlarına Azərbaycan üçün ilk lisenziyanı milli komandamızın üzvü Soltan Migitinov qazandırmışdır.
"Olimpiya dünyası" qəzetinin bu barədə yaydığı xəbərdə bildirilir ki, boksçumuz WSB liqasının fərdi reytinqində 73 kq çəki dərəcəsində ikinci olub. O, Çin Xalq Respublikasında keçirilən həlledici döyüşdə ukraynalı Sergey Derevyançenkoya uduzmuşdu. Lakin Ukrayna Boks Federasiyası Derevyançenkonu Olimpiya oyunlarına göndərməkdən imtina edib. Buna görə də lisenziya şəxsi yarışlarda ikinci olmuş Migitinova verilib.
Beləliklə, Azərbaycan boksçuları Olimpiada-2012-yə vəsiqələrin hesabını açmışlar. Qarşıdan isə sentyabrda Bakıda keçiriləcək Olimpiya oyunlarına lisenziya xarakterli dünya çempionatı gəlir. Deməli, rinq ustalarımız doğma şəhərdə Olimpiadaya vəsiqələrimizin sayını artırmaq üçün yaxşı imkan qazanacaqlar.
Xatırladaq ki, Azərbaycanın dörd idmançısı Londona "bileti" artıq özünə təmin etmişdir. Migitinovdan əvvəl çəkic tullayan Dmitri Marşin, taekvondoçular Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq) da Olimpiya oyunlarının medalları uğrunda mübarizə aparmaq hüququ qazanmışlar.

{nl}

Azərbaycan şahmatçıları Parisdə
Bu günlər Fransada keçirilən Parisin 86-cı açıq çempionatında üç turun oyunları artıq arxada qalmışdır. Çempionatda ölkəmizi təmsil edən Namiq Quliyev və Ülvi Bacarani hərəyə 2 xal toplamışlar.
Turnir cədvəlinə isə Hindistan şahmiatçıları M.Pançanatan, S.Arun Prasad və fransalı K.Soşaki başçılıq edirlər. Liderlərin 3 xalı vardır. Dünən rəqiblər dördüncü turun görüşlərində qarşılaşmışlar.

{nl}

Avropa birinciliyinin azərbaycanlı mükafatçıları
Bu yaxınlarda Ankarada keçirilmiş Avropa çempionatında uğurla çıxış edərək ölkəmizə iki qızıl və bir bürünc medalla qayıtmış Azərbaycanın usta boksçularından sonra onların yaxın ehtiyat qüvvəsi də qitə miqyaslı yarışda fərqlənmişdir. Macarıstanda yenicə başa çatmış gənclər arasında Avropa birinciliyində həmvətənlərimizə altı medal təqdim olunmuşdur.
İki boksçumuz - 46 kq çəki dərəcəsində çıxış edən Araz Gülməmmədov və Məhəmmədəli Tahirov (80 kq) yalnız final görüşlərində uduzaraq gümüş mükafat qazanmışlar.
Orxan Əliyev (50 kq), Nəsirəddin Məmmədov (52 kq), Nurlan Nağıyev (57 kq) və Rahil Məmmədli (80 kq) isə bürünc medallara sahib olmuşlar.

{nl}

Noyabrın 30-da
Qadın voleybol klubları arasında Çempionlar Liqası turnirində ilkin mərhələ oyunlarının təqvimi məlumdur. Xəbər verdiyimiz kimi, Azərbaycan voleybolu öz tarixində ilk dəfə olaraq qarşıdakı mövsümdə bu mötbər yarışda iki komanda - "Rabitə" və "Azərreyl" ilə təmsil olunacaq.
Bakılılar turnirə noyabrın 30-da başlayacaqlar. Həmin gün "Rabitə" Fransanın "Mulhauz" komandasını qəbul edəcək, "Azərreyl" isə Rumıniyada "Konstanta"nın qonağı olacaq. Qrup mərhələsinin oyunları 2012-ci il yanvarın 17-də finişə çatacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında