Şriftin ölçüsü:
05.07.2011 11:04 | Oxunma sayı: 871
İyulun 8-10-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Dünyanın idman ictimaiyyətinin diqqətinin yönələcəyi bu yarışda 34 ölkədən 400-dək güləşçi mübarizə aparacaq. Turnirdə sərbəst güləş, qadın güləşi və yunan-Roma güləşçilərimiz də mükafatlar uğrunda bacarıqlarını nümayiş etdirəcəklər.
Yarışlar ənənəvi olaraq hər il keçirilir. Ötən il 300 güləşçinin qüvvəsini sınadığı bu turnirdə pəhləvanlarımız uğurla çıxış etdilər. Budəfəki yarışlarda iştirakçıların sayının çox olması turnirin nüfuzunun daha da artmasından xəbər verir. Digər tərəfdən, təbii ki, budəfəki "Qızıl Qran-Pri"də rəqabət daha yüksək olacaq. Yarışlar cari ilin sentyabr ayında keçiriləcək dünya çempionatına hazırlıq baxımından da böyük əhəmiyyətə malikdir.
Bu günlərdə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev qəzetimizə müsahibəsində ölkəmizdə təşkil olunan yarışların ənənəvi xarakter aldığını, onların yüksək səviyyədə keçirildiyini, pəhləvanlarımızın bu dəfə də böyük uğurlar qazanacağına əminliyini bildirmişdir.
N.Əliyev daha sonra demişdir:
- Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmana göstərdiyi diqqət və qayğının məntiqi nəticəsidir ki, paytaxtımız artıq dünyanın idman mərkəzlərindən birinə çevrilib. Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunan bu turnir təbii ki, ən yüksək səviyyədə təşkil olunacaq. Analoji yarışlarda iştirak edən FİLA rəsmiləri çıxışlarında dəfələrlə qeyd etmişlər ki, bu turnirlər dünya və Avropa çempionatları səviyyəsində təşkil edilir. Budəfəki yarışların təşkilati işləri ilə bağlı lazım olan bütün tədbirlər həyata keçirilmişdir. Düşünürəm ki, "Qızıl Qran-Pri"nin final mərhələsi gərgin mübarizə şəraitində keçəcək və paytaxtımıza gələn qonaqlar öz ölkələrinə xoş təəssüratla qayıdacaqlar.
- Ötənilki yarışlarda güləşçilərimiz böyük uğurlar əldə ediblər. Bəs bu turnirdə idmançılarımızın imkanlarını necə qiymətləndirirsiniz?
- Güləşçilərimiz aparıcı güləş ölkələrinin təmsilçilərinin mübarizə apardığı bu yarışlarda ümidləri həmişə doğrultmuşlar. Bu ilin 6 ayında güləşçilərimizin müxtəlif yarışlardakı çıxışlarını təhlil etsək, görərik ki, nəticələr ümidvericidir. Bir neçə ay bundan əvvəl keçirilən Avropa çempionatında güləş tariximizin yeni salnaməsi yazıldı. Komandamız 6 qızıl və 8 bürünc medal qazandı. Ötən il isə qitə çempionatında güləşçilərimiz 3 qızıl, 1 gümüş və 1 bürünc medal əldə etmişdilər. Bundan başqa hər üç növ üzrə güləşçilərimiz Qran-Pri seriyasından olan yarışlar, Dünya kuboku və bir neçə beynəlxalq turnirdə mükafata layiq yerlər tutmuşlar. Güləşçilərimizin hazırlığı ilə bağlı onu deyə bilərəm ki, onlar plan əsasında hazırlıq prosesi keçmişlər. Əminəm ki, onlar bu yarışda böyük uğurlar qazanacaqlar.
- Fikrimizcə, "Qızıl Qran-Pri" London Yay Olimpiya Oyunlarına lisenziya verəcək dünya çempionatına bir növ seçmə xarakteri daşıyır.
- Düz deyirsiniz. Ümumiyyətlə, bu il güləşçilərimiz üçün ən məsuliyyətli illərdən biridir. London Olimpiadasına lisenziya qazanmaq üçün onlar öz üzərlərində ciddi çalışmalıdırlar. Ötənilki analoji yarışın nəticələrinə nəzər salsaq görərik ki, "Qızıl Qran-Pri"də uğurla çıxış edən güləşçilərimiz dünya çempionatında da ümidləri doğrultmuşlar. Perspektivli idmançılardan olan Həsən Əliyev, Cəbrayıl Həsənov, Xetaq Qazyumov və digər idmançılarımız yaxşı formadadırlar. Bu turnir onlara bir daha öz ustalıqlarını artırmaq, sentyabrda İstanbulda təşkil olunacaq və London Olimpiadasına ilk lisenziyaların veriləcəyi dünya çempionatı öncəsi güclərini sınamaq üçün imkan verəcəkdir. Dünya çempionatında idmançılarımızın hər üç növ üzrə lisenziya qazanacaqlarına əminəm.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.