Şriftin ölçüsü:
03.07.2011 11:40 | Oxunma sayı: 913
Onların ən böyük arzusu Vətəndə çıxış etməkdir
{nl}
Azərbaycanın milyonların sevimlisi, idman oyunlarının şahı sayılan futbolla bağlı nailiyyətləri çox olmasa da, ölkəmizdə bu kütləvi idman növünə maraq son dərəcə yüksəkdir. Bu il yüz yaşını qeyd etdiyimiz Azərbaycan futbolunun ən kiçik nailiyyətlərinə belə, elliklə sevinmiş, futbolumuzun gələcəyinə həmişə böyük ümid bəsləmişik. Adlarını Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə həkk etmiş Anatoli Banişevskinin, Ələkbər Məmmədovun, Kazbek Tuayevin, İsgəndər Cavadovun, İqor Ponamaryovun, Maşallah Əhmədovun, Nazim Süleymanovun və başqalarının davamçılarının yetişəcəyini səbirsizliklə gözləmişik.
Son illər futbolumuza dövlət qayğısının getdikcə artırılması, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə bu idman növünün inkişaf etdirilməsi ilə bağlı qəbul olunmuş Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər Azərbaycan azarkeşində futbolçularımızın yaxın illərdə yaşıl meydanlarda öz sözünü deyəcəklərinə möhkəm inam yaratmışdır. Azərbaycanda uşaq futbolunun inkişafı ilə bağlı görülən işlər isə bu inamı daha da artırır. Sevindirici haldır ki, artıq ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız arasında da doğma Azərbaycanda futbolun inkişafına töhfə vermək istəyənlərin sayı getdikcə artır. Xaricdə yaşayan soydaşlarımızın övladlarının bu sahə ilə maraqlanmaları və yaşadıqları ölkələrin aşağı yaş qruplarında futbolun sirlərinə yiyələnmələri urəkaçandır.
Okeanın o tayında, uzaq Kanadada yaşayan Seyran Rəfiyevin ailəsində də futbola maraq olduqca yüksəkdir. S.Rəfiyev əsl futbol fanatıdır. Təsadüfi deyil ki, onun bu kütləvi idman növünə olan tükənməz marağı övladlarına da sirayət etmişdir. Əslən Lerik rayonunun Çayrud kəndindən olan Seyran Rəfiyev Bakıda həkim ailəsində doğulub boya-başa çatmışdır. 2003-cü ildə Kanadaya köçən Rəfiyevlər ailəsi hazırda bu ölkənin Toronto şəhərində yaşayır. Burada biznes fəaliyyəti ilə məşğul olan Seyranın Kənan və Rəvan adlı iki oğlu var. Kənan 1998-ci, Rəvan isə 1999-cu ildə anadan olmuşlar. Övladlarını gələcəyin peşəkar futbolçuları kimi görmək istəyən Seyran Rəfiyev onlarda lap erkən yaşlarında bu idman növünə maraq oyada bilmişdir. Artıq onun bu arzusu tədricən reallığa çevrilməkdədir.
Beş yaşından etibarən qürbətdə futbolun sirlərinə yiyələnməyə başlayan qardaşlar Toronto şəhərinin aşağı yaş qruplarına yazılırlar. İlk əvvəl adıçəkilən şəhərin "Spartacus" komandasında oynayan bu fidan balaların fiziki hazırlıqları, topla davranmaları, meydançada mövqe seçmək bacarıqları məşqçilərin diqqətindən yayınmır. Hazırda yaşadıqları şəhərin "West Rouqe Storm" klubunun üzvləri olan qardaşlar eyni komandada oynayaraq ustalıq səviyyələrini gündən-günə artırırlar. Artıq nümayiş etdirdikləri məzmunlu oyunları ilə aşağı yaş qruplarını çalışdıran qardaşlar məşqçilərin yüksək etimadını qazana bilmişlər. Təsadüfi deyil ki, 13 yaşlı Kənan 2010-cu ildə vurduğu qolların sayına görə Ontario əyalətində ilin ən yaxşı oyunçusu adına layiq görülmüşdür.
Kanadada qış çox uzun çəkdiyindən oyunların əksəriyyəti üstüörtülü zallarda keçirilir. Ötənilki çempionatda Kənan 28, Rəvan isə 14 dəfə rəqiblərini məyus etməyi bacarmışlar. Artıq bir aya yaxındır ki, burada yeni mövsümə start verilmişdir və qardaşlar yenə də əvvəlki istək, əvvəlki bacarıqla oynayır, peşəkar futbolçu kimi yetişirlər. Onu da deyək ki, 18 nömrə ilə çıxış edən Kənan sol cinah hücumçusudur. Yarımmüdafiəçi, bəzən də sağ cinah hücumçusu mövqeyində çıxış edən Rəvan isə 5 nömrə ilə meydana çıxır.
Seyran Rəfiyev deyir ki, əsasən xokkey ölkəsi kimi tanınan Kanadada futbola lazımi səviyyədə qayğı göstərilməsə də, övladlarının futbolun vətəni sayılan Braziliyadan olan Elvis adlı məşqçiləri var. Məhz onun rəhbərliyi altında ustalıq səviyyələrini artıran Kənan və Rəvan gün ərzində 4-5 saat məşq edirlər. Hətta bu balaca futbol sehrbazlarında olan istedada heyran qaldığını bildirən braziliyalı məşqçi bir neçə dəfə Seyrana övladlarını hər hansı bir Avropa ölkəsinə aparmağı da tövsiyə edib. Fikrini bu cür əsaslandırıb ki, Kanada futbol ölkəsi olmadığı üçün uşaqlarda bu istedad itib bata bilər. Amma Seyran bir valideyn kimi Kənanın və Rəvanın gələcəkdə Azərbaycan futbolunun uğurları üçün tər tökmələrini arzulayır. Hətta, lazım gələrsə, Kanadadakı işini-gücünü atıb istənilən an Vətənə qayıtmağa da hazırdır. Seyran deyir ki, Azərbaycanın ali futbol qurumundan Kənan və Rəvanla hələlik maraqlanan olmasa da, istənilən təklifi məmnuniyyətlə qəbul etməyə hazırdır. Elə uşaqların da ən böyük arzuları. Azərbaycanın müxtəlif yaş qruplarından ibarət yığma komandalarında iştirak etməkdir. Avropa miqyasında ən çox sevdikləri komandaya gəlincə isə, bu, İngiltərənin "Mançester Yunayted" komandasıdır. Azərbaycan futbolunun gələcəyi ola biləcək qardaşlar ölkəmizin ən titullu klublarından sayılan "Xəzər-Lənkəran"a pərəstiş edirlər. Kənan və Rəvan Rəfiyev qardaşlarını Azərbaycan futbolunda görmək arzusuyla onlara bu çətin və şərəfli yolda uğurlar diləyirik.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.