"Qarabağ"dan "Banqa"ya futbol dərsi

Litvanın Qarqjday şəhərinin eyniadlı stadionunda "Banqa"nı dörd cavabsız qolla ağır məğlubiyyətə uğradan "Qarabağ"ın UEFA Avropa Liqası turnirinin birinci təsnifat mərhələsində bu cütün taleyini vaxtından əvvəl öz xeyrinə həll etdiyini desək, yəqin ki, yanılmarıq. Azərbaycan futbolçuları iki oyunun yekununda ilk səddi dəf etmək üçün özlərinə əla zəmin yaratmışlar və iyulun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda cavab görüşündən sonra belə böyük üstünlüyün itirilə biləcəyi heç cür ağlabatan deyil.
Oyuna fəal başlayıb, elə ilk dəqiqələrdən xoşbəxtliyi "Banqa"nın qapısında axtaran Ağdam klubu hələ birinci hissədə Rəşad Sadiqov və Vüqar Nadirovun dəqiq zərbələri sayəsində hesabda iki top irəli çıxmış, fasilədən sonra isə yenə də Vüqar və Bəxtiyar Soltanov müvəffəqiyyəti ikiqat artırmışlar - 4:0! Bununla da "Qarabağ" UEFA-nın saytında qeyd olunduğu kimi, avrokubokların debütantına dərs keçmişdir.
Özlərini də, ölkəmizin bütün futbol ictimaiyyətini də unudulmaz bir qələbə ilə sevindirən Qurban Qurbanovun yetirmələri indi cavab görüşünə sakit şəraitdə hazırlaşa bilərlər. Son illərdə Avroliqada mübarizəni yalnız qrup mərhələsinin astanasında dayandıran "Qarabağ" keçmiş SSRİ çempionatlarından bizə yaxşı tanış olan Arminas Narbekovasın çalışdırdığı komandaya qarşı göstərdiyi oyunla bir daha sübut etdi ki, ötən mövsümlərdə qazandığı qələbələr təsadüfi deyil və bu mötəbər yarışlarda haqlı olaraq daha böyük uğurlara ümid edə bilər.
Elə həmin axşam digər klubumuz, Avropa Liqası turnirində "Olimpik-Şüvəlan" adı altında çıxış edən AZAL isə öz stadionunda "Minsk" (Belarus) ilə görüşdə heç-heçə ilə kifayətlənməli oldu - 1:1. Lakin Nazim Süleymanovun komandası ümidsiz vəziyyətdə deyil. Qarşıda cavab matçı durur. Evdə itirilən qələbəni səfərdə tapmaq və mərhələ adlamaq üçün hələ imkan var.
Bu turnirdə yaxın xaric təmsilçilərinin iştirakı ilə keçirilmiş oyunların da nəticələrini diqqətinizə çatdıraq: "Trans Narva" (Estoniya) - "Rabotniçki" (Makedoniya) - 1:4, "Dauqava" (Latviya) - "Tromse" (Norveç) - 0:5, "Honka" (Finlandiya) - "Kalyu" (Estoniya) - 0:0, "Banants" (Ermənistan) - "Metallurq" (Gürcüstan) - 0:1, "Dinamo" (Gürcüstan) - "Milsami" (Moldova) - 2:0, "Ferentsvaroş" (Macarıstan) - "Ulisses" (Ermənistan) - 3:0, "Jagelloniya" (Polşa) - "İrtış" (Qazaxıstan) - 1:0, "Koper" (Sloveniya) - "Şaxtyor" (Qazaxıstan) - 1:1.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında