Azərbaycan boksunun Avropa çempionatlarında ən böyük nailiyyəti

Ankarada yenicə başa çatmış Avropa çempionatı Azərbaycan boksu üçün çox fərəhli bir hadisə ilə əlamətdar olmuşdur. Rinq ustalarımızın Türkiyədən gətirdikləri 2 qızıl və 1 bürünc medal komandamıza ümumi hesabda Rusiya kollektivindən (2 qızıl, 4 gümüş mükafat) sonra ikinci yeri tutmaq və qitə birincilikləri tarixində özünün ən böyük nailiyyətini qazanmaq imkanı vermişdir.
Ən başlıcası isə, fəxri kürsüyə yüksələn dəri əlcək ustalarımız çempionatda yaxşı hazırlıq və ustalıqla yanaşı, əsl qələbə əzmi və möhkəm iradə nümayiş etdirmişlər. Böyük yarışlarda medallara aparan yolda isə yüksək keyfiyyətlər vacib şərtdir.
Avropa çempionlarımız Salman Əlizadə (49 kq) və Teymur Məmmədov (91 kq) zirvəni məhz hərtərəfli hazırlıqları sayəsində fəth etmişlər. Əlizadə rusiyalı Belik Qalanova qarşı çətin final görüşünün məhz üçüncü raundunda mübarizənin taleyini öz xeyrinə həll etməyi bacarmış, Məmmədov isə finalda artıq iki raunddan sonra bolqar Tervel Pulevə heç bir ümid yeri qoymamışdır. Hər iki boksçumuz öz qələbəsi ilə haqlı olaraq fəxr edə bilər.
Heybətulla Hacıəliyev 64 kq çəki dərəcəsində bürünc medalla kifayətlənsə də, inamlı çıxışları ilə fərqlənmişdir. Razılaşaq ki, Avropa çempionatlarında üçüncü yeri tutmaq heç də hər idmançının işi deyil. Heybətulla isə mükafatçılarla bir sırada dayanmağı bacarmışdır.
Azərbaycan boksçularının bu uğurları sentyabrda Bakıda keçiriləcək London Olimpiadasına lisenziya xarakterli dünya çempionatı ərəfəsində idman ictimaiyyətimizin nikbinliyini artırmaya bilməz. Dünya çempionatının medalını qazanmaq böyük xoşbəxtlik olsa da, paytaxtımızda keçiriləcək ilin ən məsul yarışında bütün ölkələr, şübhəsiz, ilk növbədə XXX Yay Olimpiya Oyunlarına daha çox bilet almaq vəzifəsini həll etməyə çalışacaqlar. Bu səbəbdən də Əlizadə, Məmmədov, Hacıəliyev və onların komanda yoldaşlarının dünya çempionatını daha yüksək hazırlıqla qarşılayacaqlarına inamımız böyükdür. Son vaxtlar ölkənin ən yaxşı bokçuları ilə aparılan gərgin və məqsədyönlü məşqlər öz bəhrəsini verməkdədir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında