Rəqiblər məlumdur, oyunları gözləyək

Beləliklə, İsveçrənin Nyon şəhərində püşk atılmış, UEFA Çempionlar Liqası və Avroliqa yarışlarının startında Azərbaycan klublarının rəqibləri məlum olmuşdur. İndi oyunlara hazırlıq prosesindən maksimum fayda götürməklə yanaşı, rəqiblərin üstün və mənfi cəhətlərini öyrənmək və hərtərəfli təhlil etmək vaxtıdır.
Təmsilçilərimizdən birinci olaraq mübarizəyə "Qarabağ" və AZAL komandaları başlayacaq. Avropa Liqası yarışlarının birinci təsnifat mərhələsində onların ilk oyunlarına cəmi səkkiz gün qalır. Püşk Ağdam klubuna da, "təyyarəçilərə" də keçmiş sovet respublikaları komandalarını rəqib seçmişdir. Son illərdə bu turnirdə uğurla çıxış edərək mübarizəni yalnız qrup mərhələsinin astanasında dayandırmış Ağdam futbolçuları Litvanın "Banqa" komandasını sınağa çəkəcəklər, avrokuboklarda hələ təcrübəsi olmayan, lakin iddialı görünən AZAL isə "Minsk" (Belarus) ilə "münasibətləri aydınlaşdıracaq". Əgər "Qarabağ" iyunun 30-da səfərdə keçirəcəyi ilk oyunda meydança sahiblərinə layiqli müqavimət göstərib evə sərfəli nəticə ilə qayıtsa, bundan bir həftə sonra, iyulun 7-də Bakıda daha inamla çıxış edib iki görüşün ümumi yekununda ikinci təsnifat mərhələsinə vəsiqənin taleyini öz xeyrinə həll etmək üçün yaxşı imkan qazanacaq. AZAL turnirdə ilk addım doğma stadionda atacaq.
Avroliqada üçüncü təmsilçimiz "Xəzər-Lənkəran" isə ölkə kubokunun sahibi kimi mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. Onu kifayət qədər təcrübəli komanda İsrailin "Makkabi" (Təl-Əviv) klubu ilə iki çətin oyun gözləyir (iyulun 14-də və 21-də). Lənkəran futbolçuları ilk görüşdə meydança sahibi rolunda çıxış edəcəklər. Deməli, start matçının nəticəsindən çox şey asılı olacaq. "Doğma divarlar" arasında öz sadiq pərəstişkarlar ordusundan daim böyük dəstək alan "Xəzər-Lənkəran" Avroliqada mümkün qədər uzağa getmək üçün məhz bu oyunda özünə yaxşı zəmin yaratmalıdır.
Nəhayət, "Neftçi" haqqında. Ölkə çempionumuz da Avropa klub futbolunun ən nüfuzlu yarışı olan Çempionlar Liqası turnirinə ikinci təsnifat mərhələsindən qoşulacaq. Bakılıların da bəxtinə zəhmli komanda düşmüşdür. Xorvatiyanın "Dinamo" klubu özü haqqında yaxşı təsəvvür yaratmışdır. "Neftçi" ilk oyunu iyulun 12-də və ya 13-də səfərdə keçirəcək, cavab görüşü isə bundan bir həftə sonra paytaxtımızda oynanılacaq. Yeri gəlmişkən, bir neçə il əvvəl "Xəzər-Lənkəran" elə bu turnirdə "Dinamo" ilə qarşılaşmış və xorvatlara nə qədər ciddi müqavimət göstərsə də, iki oyunun yekununda (Bakıda 1:1, Zaqrebdə 1:3) mübarizəni dayandırmalı olmuşdu. İndi isə "Neftçi" Zaqreb klubunu "aradan götürməklə" həm özünün ilkin vəzifəsini yerinə yetirər, həm də Lənkəran komandasının həmin uğursuzluğunun əvəzini çıxmış olar. Ümid edək ki, çempionumuzun ağır sınaqdan şərəflə çıxmağa gücü də çatacaq, ustalığı da.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında