"Astana-Arena". Qazaxıstan-Azərbaycan

Azərbaycan milli komandasının futbolçuları Avropa çempionatı - 2012-nin seçmə yarışları çərçivəsində bu gün növbəti oyun keçirəcəklər. Berti Foqtsın yetirmələri Astanada çexiyalı mütəxəssis Miroslav Beranekin çalışdırdığı Qazaxıstan yığmasının qonağıdırlar. Bakı vaxtı ilə saat 18-də "Astana-Arena"da başlanacaq görüşü şotlandiyalı hakimlər briqadası idarə edəcəkdir.
Oyun hər iki komanda üçün prinsipial əhəmiyyət kəsb edir. Rəqiblər turnir cədvəlinin son iki pilləsində qərar tutmuşlar və öz qibtəedilməz vəziyyətlərini mümkün qədər yaxşılaşdırmaq qayğısı onları bir an belə tərk etməməlidir. Qazaxıstan komandası daha çətin günlər yaşayır. Onun oyunçuları beş görüşdə nəinki xal qazana bilməmiş, hətta bir qol sevinci də yaşamamışlar. Azərbaycan futbolçuları isə dörd oyundan üçündə uduzsalar da, hər halda, onların hesabında bir qələbə və 3 xal vardır.
Təbii ki, yığmamız Bakıda Türkiyə ilə görüşdə qazanılmış müvəffəqiyyəti Astanada Qazaxıstanla oyunda inkişaf etdirib xal ehtiyatını artırmaq əzmindədir. "Astana-Arena"da uğurlu nəticə bir də ona görə çox vacibdir ki, bu günlər Azərbaycan futbolu özünün 100 illiyini qeyd edir və yubileyə layiqli töhfə vermək təkcə futbolçularımıza və onların milyonlarla pərəstişkarına yox, bütün xalqımıza böyük sevinc bəxş edər.
Bu səbəbdən də qarşıdakı görüşü Rəşad Sadıqov, Kamran Ağayev, Ruslan Abışov, Vaqif Cavadov, Rail Məlikov və onların komanda yoldaşlarının həyatında ən mühüm oyunlardan biri hesab etmək olar. Şübhəsiz, futbolçular özləri bunu bizdən də yaxşı bilirlər. Onların qələbə naminə əllərindən gələni edəcəklərinə inamımız böyükdür. Ümidlərimizin nə dərəcədə doğrulacağını isə oyun göstərəcək.
Əlbəttə, Qazaxıstan komandasının da azarkeşləri ondan yalnız və yalnız qələbə gözləyir, 3 xaldan başqa heç nə düşünmürlər. Elə M.Beranek də matç ərəfəsində müsahibələrindən birində bu barədə danışmışdır: - Hamımız başa düşürük ki, bu bizim üçün mühüm oyundur. Bilirik ki, bizdən qələbə tələb edirlər. Biz də heç kimi məyus etməmək üçün əlimizdən gələni edəcəyik. Məşqçilər heyəti Azərbaycanla oyuna hazırlığımız zamanı böyük iş görmüşdür. Federasiya da çox iş görüb. Lakin rəqibimizi qiymətləndirməmək olmaz. Siz hamınız yaxşı bilirsiniz ki, heç kim üç xalı bizə asanlıqla verməyəcək. Bu xalları ağır mübarizədə qazanmaq lazımdır.
Bir sözlə, oyun əvvəldən axıradək kəskin rəqabət vəd edir. Azərbaycan qalib gəlsə, iyunun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda qrupun lideri Almaniya komandasına qarşı keçirəcəyi görüşə əla əhval-ruhiyyə ilə hazırlaşacaq, Qazaxıstan isə müvəffəqiyyət təqdirində nəhayət, qollarının və qələbələrinin hesabını açacaq. Maraqlıdır, hakimin final işarəsindən sonra kimin üzü güləcək...
Qeydlərimizi yekunlaşdırarkən onu da xatırladaq ki, bu axşam bizim qrupda daha iki oyun keçiriləcəkdir. Türkiyə komandası Brüsseldə Belçika yığmasının qonağı olacaq (görüşü italiyalı hakim Nikola Ritsoli idarə edəcəkdir), Avstriya futbolçuları isə Almaniyaya layiqli müqavimət göstərməyə çalışacaqlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında