İdman xəbərləri. Minskə səfər ərəfəsində

Mayın üçüncü ongünlüyünün üç günü ərzində avropalı bədii gimnastika həvəskarlarının diqqəti Minskə yönələcəkdir. Belarus paytaxtının "Minsk-Arena" Universal İdman Kompleksində keçiriləcək 27-ci Avropa çempionatının medalları uğrunda 30-dan çox ölkənin təmsilçiləri mübarizə aparacaqlar.
Əlbəttə, qarşıdakı sınaqlara yığma komandamızın lideri Aliyə Qarayeva başda olmaqla Azərbaycan gimnastları da səylə hazırlaşırlar. Bu günlərdə Fransanın Korbey-Esson şəhərində başa çatmış Dünya kuboku yarışını qitə birinciliyinə hazırlığın bir mərhələsi hesab etmək olardı. Qarayeva həmin turnirdə uğurla çıxış edərək iki gümüş medal qazanmışdır. O, halqa və topla təmrinlərin icrasında fərqlənmiş, hər iki alətdə rusiyalı olimpiya çempionu Yevgeniya Kanayevadan sonra ikinci nəticə göstərmişdir. İndi isə Aliyə və onun yığma komandamızdakı rəfiqələri mayın 27-29-da Minskdə Avropa çempionatında Azərbaycan üçün medal qazanmağa çalışacaqlar.

{nl}

Sonuncu tur
Növbəti milli futbol çempionatımızla vidalaşmaq vaxtıdır. Birinci olaraq finişə ən güclü altı klub çatacaq. Bu gün keçiriləcək "Bakı" - "İnter", AZAL - "Qarabağ" və "Neftçi" - "Xəzər-Lənkəran" görüşlərindən sonra gümüş və bürünc medalların sahibləri məlum olacaq.
Sabah isə MOİK - "Turan", "Simurq" - "Gəncə", "Qəbələ" - "Muğan" qarşılaşmaları ilə ikinci altılıq komandalarının rəqabətinə və bütünlükdə çempionata yekun vurulacaqdır.

{nl}

Çempion bu gün məlum olacaq
Tbilisidə keçirilən qadın şahmatçıların Avropa çempionatı başa çatmaq üzrədir. Doqquz turdan sonra qızıl medala litvalı Viktoriya Çmiliyte daha yaxındır. Finişə iki tur qalmış liderin 7,5 xalı vardır.
Azərbaycan şahmatçıları arasında hələlik ən yaxşı nəticə göstərən Xəyalə Abdulla doqquzuncu turda ukraynalı Natalya Jukova üzərində qələbədən sonra xal ehtiyatını 6-ya çatdıraraq 130 rəqibin nəticələrini əks etdirən turnir cədvəlində 36-cı yerdən 20-ci pilləyə yüksəlmişdir. Daha bir qrup iştirakçı, o cümlədən cədvəldə onuncu mövqedə olan Yevgeniya Ovod (Rusiya) da 6 xal toplamışdır və təmsilçimiz onlardan yalnız əlavə göstəricilərə görə geri qalır.
Dünən keçirilən 10-cu turda Xəyalə gürcüstanlı Nino Xurtsidze ilə görüşmüşdür. Avropa çempionatının qalib və mükafatçıları bu günə təyin edilmiş 11-ci turdan sonra məlum olacaq.

{nl}

Final: Gelfand-Qrişuk
İddiaçıların Kazanda (Rusiya) dünya şahmat tacı uğrunda turnirinin final matçında israilli Boris Gelfand və rusiyalı Aleksandr Qrişuk görüşəcəklər.
Yarımfinalda Gelfandın Qata Kamski (ABŞ) ilə matçında dörd əsas görüşün hamısı heç-heçə başa çatmış - 2:2, rapiddə də həmin hesab qeydə alınmış, blitsdə isə israilli qrossmeyster qalib gəlmişdir - 2:0. Qrişuk-Vladimir Kramnik (Rusiya) yarımfinalının da taleyi blitsdə həll olunmuşdur - 1,5:0,5.
Gelfand-Qrişuk finalına sabah start veriləcəkdir. Bu matç altı görüşdən ibarət olacaq və heç-heçə (3:3) təqdirində mayın 26-da tay-breyklər keçiriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında