Şriftin ölçüsü:
08.05.2011 11:09 | Oxunma sayı: 742
Mayın 7-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində gənclər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş yunan-roma güləşi üzrə "Naxçıvan kuboku" uğrunda beynəlxalq turnirin təntənəli açılış mərasimi olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Naxçıvan kuboku" uğrunda Beynəlxalq Güləş turnirinin başlaması münasibətilə turnir iştirakçılarını salamlamış, təşkilatçılara təşəkkürünü bildirmiş, idmançılara uğurlar arzulamışdır. Natiq demişdir: Adından da göründüyü kimi, beynəlxalq turnir "Naxçıvan kuboku" uğrunda keçirilir. Naxçıvan Azərbaycanın qədim sivilizasiya mərkəzlərindən biridir. Beş min ildən artıq şəhər mədəniyyətinə malik olan Naxçıvan Azərbaycan dövlətçiliyinin, elminin və mədəniyyətinin inkişafında özünəməxsus yerə və rola malikdir. Bu torpaq bizim eradan əvvəl dördüncü minilliyə aid Gəmiqaya mədəniyyəti, "Əshabi-Kəhf" dini-tarixi abidəsi, 5 min il bundan əvvəl duz emalı texnologiyasının mənimsənilməsinin canlı şahidi olan Naxçıvan duzdağı, tükənməz təbii sərvətləri, nəhayət, bu şəhərin əsasını qoyan ulu əcdadımız Nuh peyğəmbərlə məşhurdur. Naxçıvan dünyaya qüdrətli şəxsiyyətlər bəxş etmişdir. Onlardan biri də müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevdir. Yunan-roma güləşi üzrə beynəlxalq turnirin ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü şərəfinə və onun vətənində keçirilməsi bu yarışın məna və əhəmiyyətini daha da artırır. Ümummilli liderimiz Azərbaycan xalqının çoxəsrlik tarixində idmanın mühüm yer tutmasına diqqəti cəlb edərək deyirdi: "Bizim ulu babalarımız sağlam olmuş, qəhrəmanlıq nümunələri göstərmiş, döyüşlərdən qalib çıxmış, vətənimizi, xalqımızı öz gücü, qüvvəti, qəhrəmanlığı ilə qoruya bilmişlər. Ona görə ki, onlar özlərini fiziki nöqteyi-nəzərdən daim hazırlamış, fiziki inkişafa fikir vermişlər. İndi-dünyada idmanın, bədən tərbiyəsinin müasir səviyyədə inkişaf etdiyi bir dövrdə Azərbaycanda da idmanın, bədən tərbiyəsinin kütləvi surətdə inkişaf etdirilməsinə fikir verməliyik. Bu bizim vəzifəmizdir, bizim borcumuzdur".
Ali Məclisin Sədri ulu öndərimizin əsasını qoyduğu dövlət idman siyasətinin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini bildirərək demişdir: Artıq Azərbaycan beynəlxalq yarışların keçirildiyi ölkə kimi böyük nüfuz qazanmışdır. Azərbaycanda yaradılan müasir idman infrastrukturu yüksək səviyyəli idman tədbirlərini təkcə paytaxt Bakı şəhərində yox, ölkəmizin regionlarında da keçirməyə şərait yaradıb. Ölkəmizdə güləş idman növü zəngin tarixə və özünəməxsus ənənələrə malikdir. Azərbaycanda hələ qədim zamanlardan "Zorxana" adlanan yerlərdə milli idman növü olan güləş yarışları keçirilmişdir.
Vasif Talıbov turniri açıq elan etmişdir.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Tədbirin aparıcısı qeyd etmişdir ki, bir neçə gün bundan əvvəl ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Naxçıvan Open-2011" Beynəlxalq Şahmat festivalı uğurla sona çatdı. Bu gün isə ulu öndərimizin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş yunan-roma güləşi üzrə gənclər arasında "Naxçıvan kuboku" uğrunda beynəlxalq turnirə start verilir.
Sonra beynəlxalq turnirin açılışına həsr edilmiş konsert olmuşdur.
Naxçıvan Güləş Federasiyasının güləşçiləri "Güləşçilər kompozisiyasını" göstərmiş, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı maraqlı proqramla çıxış etmişdir. Xalq Artisti Ağadadaş Ağayevin, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Tural Nəcəfovun, Azər Cəfərlinin, Mübariz Əsgərovun, Gülyanaq Fərzəliyevanın, müğənnilərdən Zülfüqar Mahmudovun, Nərmin Hüseynlinin, Qəribə Həsənovanın ifa etdikləri mahnılar, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq, Estetik Tərbiyə mərkəzlərinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qruplarının çıxışları alqışlarla qarşılanmışdır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş yunan-roma güləşi üzrə gənclər arasında "Naxçıvan kuboku" uğrunda beynəlxalq turnirin təntənəli açılış mərasimi Azərbaycan televiziyası ilə canlı yayımlanmışdır.
Qeyd edək ki, beynəlxalq turnirdə 9 ölkənin 130 idmançısı mübarizə aparacaqdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.