Balakən Aviasiya Mərkəzində paraşüt idmanı üzrə beynəlxalq turnir başlamışdır

Mayın 2-də Balakən Aviasiya Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) Respublika Şurasının təşəbbüsü ilə keçirilən beynəlxalq turnirin startı verilmişdir. Ənənəvi olaraq artıq ikinci ildir ki, keçirilən turnirdə respublikamızın təmsilçiləri ilə yanaşı, Rusiya, Qazaxıstan, Belarus və Tacikistandan olan 60-a yaxın paraşütçü-idmançı iştirak edir.
Mərasimdə KHVTİC Respublika Şurasının sədri general-mayor Novruzəli Orucov bildirmişdir ki, 85 illik yubileyini keçən il qeyd etdiyimiz cəmiyyət ötən dövrdə ölkəmizdə çoxşaxəli struktura malik bir kollektivə çevrilmişdir. KHVTİC xalq təsərrüfatı və ordu üçün yüksək ixtisaslı kadrlar hazırlamaqla yanaşı, yeniyetmə və gənclərin orduyaqədərki hərbi hazırlıq vərdişlərinə yiyələnmələrinə, onların hərbi vətənpərvərlik ruhunda təlim-tərbiyəsinə yaxından kömək göstərir. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi illərində cəmiyyətin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini, yeni obyektlərin, hərbi-texniki tədris binalarının tikilib istifadəyə verildiyini xatırladan N.Orucov Balakən Aviasiya Mərkəzinin də məhz həmin illərin yadigarı olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, 3 il bundan əvvəl, ulu öndərin 84-cü ildönümü ərəfəsində yenidən istifadəyə verilmiş Balakən Aviasiya Mərkəzi qısa müddətdə idmançı-paraşütçülərin hazırlanması sahəsində böyük işlər görmüş, nailiyyətlər qazanmışdır. Hazırda Azərbaycan paraşütçüləri hazırlıq səviyyəsinə görə MDB ölkələrinin idmançılarından heç də geri qalmırlar.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov, Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqının sədri Abuhəyat Ağadadaşova çıxış edərək yarış iştirakçılarına uğurlar arzulamışlar.
Yarışların baş hakimi, Belarusdan olan beynəlxalq dərəcəli hakim Aleksandr Loxanov beynəlxalq turnirin yüksək səviyyədə təşkil olunduğunu bildirmiş, qaydalar barədə məlumat vermişdir.
Yarış iştirakçılarına KHVTİC Respublika Şurasının hədiyyələri təqdim edilmişdir.
MDB ölkələri Könüllü Hərbi Vətənpərvərlik Təşkilatlarının əlaqələndirici katibi Aleksandr Batagin Azərbaycanın ən gənc paraşütçüsü 13 yaşlı Rüstəm Orucova bu sahədə dünya rekordçusu olduğuna görə diplom və medal təqdim etmişdir.
Tədbir iştirakçıları cəmiyyətin yeni təlim avtomobillərinin yürüşünü, avtomodelçilərin, motokartinq və motosikletçilərin çıxışlarını izləmiş, gənc idmançıların əlbəyaxa döyüş növləri üzrə məharətlərinə, rəqs kollektivlərinin ifalarına baxmışlar.
Sonra paraşütçülər öz məharətlərini göstərmişlər. Onların Azərbaycan bayrağı ilə səmada nümayiş etdirdikləri mürəkkəb elementlər, "pilləkən" nömrəsi və digər tryuklar meydana toplaşan tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Mayın 3-də paraşütçülər müxtəlif hündürlüklərdən hədəfə dəqiq enmə üzrə yarışacaqlar.
Beynəlxalq turnir mayın 5-dək davam edəcəkdir.

{nl}

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında