Kazan. İddiaçıların matçları

Məmmədyarov-Gelfand, Rəcəbov-Kramnik...
Hazırkı dünya çempionu, hindistanlı Vişvanatan Anand ilə tac uğrunda mübarizədə qarşılaşmaq əzmində olan səkkiz məşhur qrossmeysterin iştirakı ilə Rusiyanın Kazan şəhərində keçiriləcək iddiaçıların matçları start ərəfəsindədir. Artıq bu gün yarışın açılış mərasimi olacaq, sabah isə ilk görüşlər oynanılacaq.
Şahmat ictimaiyyətimizə məlum olduğu kimi, matçların iştirakçılarından ikisi azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdur. Siz təmsilçilərimizin dörddəbir finalda müvafiq surətdə israilli Boris Gelfand və rusiyalı Vladimir Kramniklə görüşəcəklərini də bilirsiniz. Dörddəbir finalın daha iki matçında isə Veselin Topalov (Bolqarıstan) Qata Kamski ilə (ABŞ) və Levon Aronyan (Ermənistan) Aleksandr Qrişukla (Rusiya) üz-üzə gələcəklər.
Dörddəbir finallar dörd oyundan ibarətdir. Əgər bu görüşlərin yekununda hesab 2:2 olarsa, yarımfinalçıları taybreyklər müəyyənləşdirəcək. Yarımfinallarda da dörd görüş oynanılacaq. Final matçında isə altı görüş nəzərdə tutulmuşdur. Finalın qalibi dünya çempionu Anand ilə matçda oynamaq hüququ qazanacaq. Bu matç 2012-ci ilin birinci yarısında keçiriləcək və 12 oyundan ibarət olacaq.
Dörddəbir finalda Məmmədyarov Gelfanda qalib gələcəyi halda yarımfinalda Topalov-Kamski matçının qalibi ilə qarşılaşacaq, Rəcəbov isə Kramnik "səddini" keçsə, finalın astanasında Aronyan-Qrişuk cütünün qalibi ilə görüşəcək.
İddiaçıların matçlarının ən gənc iki iştirakçısı həmyerlilər, 24 yaşlı Teymur və ondan iki yaş böyük olan Şəhriyardır. Yarışın ən təcrübəli şahmatçısı 43 yaşlı Gelfanddır. Topalovun 36, Kramniklə Kamskinin 35, Aronyanın 28, Qrişukun 27 yaşı vardır.
Təşkilatçılar 420 min avro məbləğində ümumi mükafat fondu təsis etmişlər. Dörddəbir finalda uduzanların hərəsinə 30 min, yarımfinalda məğlub olanlara 60 min avro veriləcək. Qalan 180 min avro isə finalçılar arasında yarı bölünəcək.
Yuxarıda qeyd etdiyimiz kimi, birinci raundun ilk görüşləri sabah keçiriləcəkdir. Oyunlar Bakı vaxtı ilə saat 16-da başlanacaq. Onların gedişini böyük maraqla izləməyə hazırlaşarkən qrossmeysterlərimizə ilin bu çox məsul şahmat hadisəsində uğurlar arzulayaq və ümid edək ki, Məmmədyarov da, Rəcəbov da mayın sonunadək davam edəcək iddiaçıların matçlarında mümkün qədər uzağa gedəcək, Tatarıstan paytaxtından Azərbaycana yaxşı əhval-ruhiyyə ilə qayıdacaqlar.
Bu arada Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2011-ci il mayın 1-nə olan reytinq cədvəlini dərc etdirmişdir. Mart siyahısında ilk doqquz pillədə olmuş qrossmeysterlər öz mövqelərində qalmışlar. Təkcə onuncu yerin sahibi dəyişmişdir. Həmin pillədə Qrişuku son iki ayda reytinqini 14 xal artıran Azərbaycan şahmatçısı Vüqar Həşimov (2760) əvəz etmişdir.
Siyahıda doqquzuncu yeri isə Məmmədyarov (2772) tutur. Rəcəbov (2744) mart ayı ilə müqayisədə bir pillə geriləyərək 13-cü yerə düşmüşdür. Son iki ayda reytinqini 2667-dən 2679-a çatdıran Rauf Məmmədov birdən-birə 15 pillə irəliləyərək 77-ci yerdən 62-ci mövqeyə yüksəlmişdir.
Hazırda dünyanın ən yaxşı 10 qrossmeysterinin siyahısına Anand (2817) başçılıq edir. Cədvəldə ikinci-səkkizinci yerləri Maqnus Karlsen (Norveç, 2815), Aronyan (2808), Kramnik (2785), Vasili İvançuk (Ukrayna, 2776), Sergey Karyakin (Rusiya, 2776), Topalov (2775) və Hikaru Nakamura (ABŞ, 2774) tuturlar.
FİDE dünyanın ən yaxşı 20 gənc oğlan və qız şahmatçısının da siyahılarını açıqlamışdır. Hər iki cədvəldə Azərbaycan təmsilçisi də vardır. Eltac Səfərli (2624) oğlanlar arasında 11-ci, Gülnar Məmmədova (2312) isə qızların siyahısında 18-cidir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında