Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Naxçıvan Open-2011" Beynəlxalq şahmat festivalının təntənəli açılış mərasimi olmuşdur

Aprelin 23-də Naxçıvan şəhərindəki Gənclik Mərkəzində "Naxçıvan Open-2011" Beynəlxalq şahmat festivalının təntənəli açılış mərasimi olmuşdur.
Mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış edərək "Naxçıvan Open-2011" Beynəlxalq şahmat festivalının iştirakçılarını və qonaqları salamlamış, onlara uğurlar arzulayaraq demişdir: "Naxçıvan Open-2011" Beynəlxalq şahmat festivalı bir neçə cəhətdən diqqəti cəlb edir. Birincisi, bu yarışın Naxçıvan Muxtar Respublikasında keçirilməsi idman infrastrukturunun təkcə paytaxt Bakı şəhərində deyil, ölkənin bütün regionlarında yaradılmasının çox mühüm göstəricisidir.
Beynəlxalq festivalın ikinci və şübhəsiz ki, ən böyük dəyəri onun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmasıdır. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində gəncliyin yetişməsinə xüsusi əhəmiyyət vermiş, bu amilin ölkənin gələcəyi ilə bilavasitə bağlı olduğunu nəzərə alaraq milli dəyərlərə bağlı sağlam gəncliyin yetişməsini ümumxalq əhəmiyyətli vəzifələr sırasına çəkmişdir. Azərbaycanın dövlət müstəqilliyinin qorunmasını möhkəm cəmiyyətin formalaşmasında, möhkəm cəmiyyətin formalaşmasını sağlam gəncliyin yetişməsində, sağlam gəncliyin yetişməsini isə kütləvi bədən tərbiyəsi və idmanın inkişafında görən ümummilli liderimiz deyirdi: "Azərbaycan xalqı dövlət müstəqilliyini əldə edibdir. Onu qorumaq üçün xalqımız müsbət nümunələr göstərməlidir. Müsbət nümunələri isə biz ilk növbədə hər bir insanın və ümumiyyətlə, millətimizin fiziki və mənəvi sağlamlığında görürük. Bu, ölkəmiz üçün, xalqımız üçün hər bir vətəndaşımız üçün vacib məsələdir".
Ali Məclisin sədri ulu öndərimizin əsasını qoyduğu bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini bildirərək demişdir: Düşünülmüş xətt və məqsədyönlü siyasət sayəsində Azərbaycan gəncliyi böyük bir inkişaf yolu keçmiş, Azərbaycan idmanı keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymuşdur. Artıq Azərbaycan beynəlxalq yarışlarda iştirak edən ölkədən, beynəlxalq yarışların keçirildiyi ölkəyə çevrilmişdir.
Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında "bəşər tarixinin ən qocaman kəşfi" adlandırılan şahmatın inkişafına xüsusi qayğı göstərilir. Məktəblilər şəhər və rayonlarda fəaliyyət göstərən şahmat məktəblərində dövlətin vəsaiti hesabına təhsil alır, şahmatın sirlərinə yiyələnirlər. Bu festivalda Azərbaycanı 100-dən artıq şahmatçının təmsil etməsi şahmatın inkişafı sahəsində həyata keçirilən tədbirlərin konkret göstəricisidir.
Qeyd olunanlar bir daha göstərir ki, şahmat bu gün ciddi intellektual yarış vasitəsi kimi kütləvi xarakter almışdır. Bu gün biz Beynəlxalq festivalın iştirakçılarına baxarkən, eyni zamanda onların əhatə etdikləri ölkələrin coğrafiyasına nəzər salarkən bir daha şahmat hərəkatının nə qədər kütləvi xarakter aldığının şahidi oluruq. Bu, bizi qəlbən sevindirir. Ona görə ki, indiki narahat dünyamızda idman insanları və xalqları ayıran yox, birləşdirən yeganə qüvvə kimi çıxış edir. Əminik ki, belə bir şəraitdə yarışlar daha məzmunlu olacaq, iştirakçılar birincilik uğrunda özlərini və ölkələrini layiqincə təmsil edəcəklər.
Ali Məclisin sədri ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş "Naxçıvan Open-2011" Beynəlxalq şahmat festivalının təşkilatçılarına təşəkkürünü bildirmiş, iştirakçılara qələbə əzmi arzulamış və Beynəlxalq şahmat festivalını açıq elan etmişdir.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov "Naxçıvan Open-2011" Beynəlxalq şahmat festivalının açılışı münasibətilə tədbir iştirakçılarını təbrik edərək demişdir: "Festivalın ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilməsi və onun doğulduğu bölgədə - Naxçıvanda keçirilməsi qürurverici hadisədir və çox böyük rəmzi ifadə daşıyır. Azərbaycanın bugünkü uğurları, həm iqtisadi, həm siyasi, həm də idman sahəsindəki nailiyyətləri ulu öndər Heydər Əliyevin yorulmaz əməyinin nəticəsidir. Ümummilli liderimiz idmanın inkişafına daim böyük önəm vermiş, qayğısını heç vaxt əsirgəməmişdir. İdmanın bütün növləri kimi, şahmatın inkişafı da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli liderimizin təşəbbüsü və rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində Azərbaycanda şahmat məktəbləri yaradılmış, şahmat populyar və sevilən idman növlərindən birinə çevrilmişdir. Həmin dövrdə dünya şahmat tacının Azərbaycana gətirilməsi ulu öndərimizin bu sahəyə göstərdiyi qayğının nəticəsi idi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idmana qayğı siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Dövlətimizin başçısının hələ Milli Olimpiya Komitəsinə rəhbərlik edərkən idmana göstərdiyi diqqət bugünkü uğurlarımızın bünövrəsini qoymuşdur. Hazırda idman və olimpiya hərəkatı ölkəmizdə geniş vüsət almışdır. Azərbaycanda keçirilən mötəbər yarış və turnirlərin sayı ilbəil artır. İdmançılarımız beynəlxalq arenada böyük qələbələr qazanırlar.
Şahmat növündə də qələbələrimiz olduqca əhəmiyyətlidir. 2009-cu ildə keçirilən Avropa komanda çempionatında idmançılarımız qızıl medal əldə edərək qitə çempionu olmuşlar. Elə həmin yarışda qadın milli komandamız Avropanın ən güclü 4 komandası sırasına daxil olmuşdur. Bu yaxınlarda Rusiyanın Kazan şəhərində keçiriləcək dünya şahmat tacı uğrunda namizədlər turnirinə qatılmış 8 şahmatçıdan 2-si azərbaycanlıdır".
Elman Rüstəmov növbəti şahmat turnirinin Naxçıvanda keçirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına böyük diqqət və qayğı göstərilir, burada ciddi idman infrastrukturu yaradılmışdır. Muxtar respublikada şahmatın inkişafı istiqamətində həyata keçirilən tədbirlər fundamental xarakter daşıyır. Əminik ki, bu sahədə görülən işlər öz nəticəsini verəcək və biz yaxın zamanlarda Naxçıvanda ilk şahmat qrossmeysterlərini və çempionlarını salamlayacağıq.
Elman Rüstəmov festivalın keçirilməsinə göstərilən dəstəyə və yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə minnətdarlığını bildirmiş, hər bir iştirakçıya maraqlı idman mübarizəsi, sağlam rəqabət arzulamışdır.
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək demişdir ki, ölkəmizdə idmanın inkişafına çox böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsində isə idmançılarımız beynəlxalq yarışlarda uğurlar əldə edirlər. Azərbaycan idmançıları 2010-cu ildə dünyanın müxtəlif ölkələrində keçirilən turnir və yarışlarda 675 medal qazanmışdır. Ötən il ölkəmizdə 49 dünya, Avropa çempionatı və digər beynəlxalq idman yarışları keçirilmişdir.
İsmayıl İsmayılov "Naxçıvan Open-2011" Beynəlxalq şahmat festivalının muxtar respublikada keçirilməsinin mühüm əhəmiyyət daşıdığını, burada beynəlxalq turnirlərin təşkil olunması üçün müasir idman infrastrukturunun yaradıldığını bildirmişdir.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov və festivalın baş hakimi Faiq Həsənov çıxış edərək ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına göstərilən diqqət və qayğıdan danışmış, turnir barədə məlumat vermişlər.
Qeyd olunmuşdur ki, "Naxçıvan Open-2011" Beynəlxalq şahmat festivalında 12 ölkədən 175 şahmatçı mübarizə aparacaqdır. Turnir iki yarımqrupda keçiriləcəkdir. "A" qrupunda ELO əmsalı 2250-dən yuxarı və yaxud həmin rəqəmə bərabər olan şahmatçılar, "B" qrupunda isə ELO əmsalı 2250-dən aşağı olan şahmatçılar iştirak edəcəklər. "A" qrupundakı 53 iştirakçıdan 43-ü yüksək titula malikdir. "B" qrupunda 117 şahmatçı iştirak edəcəkdir. Onların hamısı Azərbaycanın müxtəlif regionlarını təmsil edən idmançılardır. İsveçrə sistemi üzrə keçiriləcək Beynəlxalq festival 9 turdan ibarət olacaqdır.
Festivalın püşkatma mərasimi keçirilmişdir.
Sonra Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin konserti olmuşdur. Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Tural Nəcəfovun, Azər Cəfərlinin, Mübariz Əsgərovun, Gülyanaq Fərzəliyevanın, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının muğam üçlüyünün ifa etdikləri mahnılar, rəqs ansamblının çıxışları alqışlarla qarşılanmışdır.
* * *
Aprelin 23-də "Naxçıvan Open-2011" Beynəlxalq şahmat festivalı Naxçıvan şəhərindəki Şahmat Mərkəzində start götürmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov turnirin başlanmasını bildirən ilk rəmzi gedişləri etmişlər.
Sonra Beynəlxalq festival başlanmışdır.
Şahmat Mərkəzində yarışın ən yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Oyunları internet vasitəsilə canlı izləmək mümkündür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında