İyulun 23-də Bakıda ikinci beynəlxalq həmrəylik tennis çempionatının açılış mərasimi olub.
Əvvəlcə iştirakçı ölkələrin paradı olub.
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Ölkəmizin irimiqyaslı idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini vurğulayan Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, çempionatın Yerli Əməliyyat Komitəsinin sədri Çingiz Hüseynzadə bildirib ki, bu turnir 2017-ci ildə Bakıda təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunlarının irsi kimi keçirilir. Sevindirici haldır ki, yarış həm də gələn il Bakının ev sahibliyi edəcəyi Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalının ilk test tədbiridir. “Həmrəylik” devizi altında keçirilən çempionatda 15 ölkədən 70-ə yaxın idmançı, məşqçi və qonaq iştirak edir. Əminəm ki, bütün qonaqlarımız, xüsusilə çempionat çərçivəsində Bakıya ilk dəfə səfər edənlər Azərbaycandan unudulmaz və xoş xatirələrlə ayrılacaqlar.
İslam Həmrəyliyi İdman Federasiyasına (İHİF) da xüsusi təşəkkürlərini bildirən Ç.Hüseynzadə İHİF-in ötən il Bakıda uğurla keçirilən IV İslam Həmrəyliyi Oyunlarının təşkilində, İslam irsinin yaşadılmasında və təbliğində MOK-a dəstəyini yüksək qiymətləndirib.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını qeyd edərək respublikamızda idmana göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, ölkəmizdə uğurlu idman siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurlu davam etdirilir. İdmançılarımız ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir və üçrəngli bayrağımızı dalğalandırırlar. “İrimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan beynəlxalq idman qurumları tərəfindən ciddi tərəfdaş kimi qəbul olunur. Ötən il təşkil olunan IV İslam Həmrəyliyi Oyunları da bu uğurlu silsilənin davamı oldu. Ölkəmizdə beynəlxalq idman yarışları təkcə paytaxtda deyil, regionlarda da keçirilərək Azərbaycanda idmanın kütləviləşməsinə yeni imkanlar açır”, - deyə İsmayıl İsmayılov əlavə edib.
İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Mohammed Saleh Al-Qarnas çempionatın iştirakçılarını salamlayaraq yarışın dostluq və həmrəyliyi təcəssüm etdirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, idman dünyada sülhün tərənnümüdür. Hazırda Bakıda təşkil olunan bu yarışda idmançılar arasında dostluq münasibətlərinin inkişafına, İslam dəyərlərinin və fəlsəfəsinin təbliğinə yönəlib. Azərbaycanda növbəti dəfə olmaqdan çox məmnunluğunu bildirən Mohammed Saleh Al-Qarnas xalqımızın qonaqpərvərliyini və mehribanlığını xüsusi vurğulayıb.
İştirakçılara uğurlar arzulayan beynəlxalq qurumun rəsmisi yarışların gərgin idman mübarizəsi şəraitində keçəcəyinə və tennisçilərin baxımlı oyun nümayiş etdirəcəklərinə əminliyini ifadə edib.
İyulun 27-dək davam edəcək yarışda Azərbaycan tennisçiləri ilə yanaşı, Albaniya, Bəhreyn, Belarus, İraq, Qırğızıstan, Maldiv adaları, Mozambik, Rusiya, Səudiyyə Ərəbistanı, Liviya, Seneqal, Tacikistan, Türkiyə və Uqanda idmançıları birincilik uğrunda mübarizə aparırlar.
Çempionat MOK ilə İHİF arasında imzalanan memorandum əsasında təşkil olunub. Memorandum “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının irsini davam etdirmək, İslam mədəniyyətini və idmanı gənclərə aşılamaq məqsədilə imzalanıb. Hədəf İHİF-ə üzv ölkələrin idmançıları arasında İslam həmrəyliyini möhkəmləndirmək, idmanda İslam şəxsiyyətini zənginləşdirmək, ən yüksək idman dəyərləri və prinsiplərini qoruyub saxlamaq, müsəlman ölkələrində idman və Olimpiya hərəkatını, gənclər arasında birlik və qardaşlığı təbliğ etməkdir.
Bakı Tennis Akademiyasında təşkil olunan çempionatda 14 və daha yuxarı yaş kateqoriyasına aid idmançılar iştirak edirlər. Tennisçilər 4 qrup üzrə yarışırlar.
Çempionatın tərəfdaşları Azərbaycan Tennis Federasiyası, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Bakı Tennis Akademiyası, “Bir” Tələbə Könüllü Təşkilatı, “Coca-Cola” şirkəti, İdman Azərbaycan kanalı və “Toyota” şirkətidir.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.