Şipşirin mundial nağılı

Otuz bir gün ərzində Avstraliyadan tutmuş Kosta-Rika, Seneqal, Yaponiya və Xorvatiyayadək bütün dünyanın insanlarının diqqətini cəlb etmiş Rusiyanın 11 şəhərinin 12 stadionunda planetin ən böyük futbol bayramı – dünya çempionatı öz tarixinin iyirmi birinci səhifəsini yazdı.
 
Həm də parlaq şəkildə, heç kimin biganə qalmadığı, hamının alqışladığı bir mundial kimi. Çempionat günlərində prezidentlərdən, baş nazirlərdən tutmuş ən sadə azarkeşlərədək hamının qəlbini riqqətə gətirən dünya çempionatı yekdil rəyə görə əla təşkil olunmuşdu və futbolun əsl ümumdünya bayramına çevrildi.
FİFA prezidenti Canni İnfantinonun hələ final görüşünə xeyli qalmış müsahibələrindən birində dünya çempionatı – 2018-i tarixdə ən yaxşı çempionat adlandırıb buna görə rusiyalılara, yarışı ideal şəkildə təşkil etdiklərinə görə isə Təşkilat Komitəsinə və hökumətə minnətdarlığını bildirməsi təsadüfi deyildi. Şahidi olduğumuz kimi, Rusiya etimadı mükəmməl şəkildə, şərəflə doğrultdu.
Təşkilatçı ölkə komandasının turnir ərəfəsində onun qüvvə və imkanlarına inanmayanların bədbin proqnozlarını alt-üst edib dörddəbir finaladək irəliləməsi isə çempionata marağı və onun nüfuzunu daha da artırdı. 
Çempionat ərəfəsində yoxlama görüşlərində uğursuzluqlardan sonra kəskin tənqidə məruz qalan Stanislav Çerçesov və onun yetirmələri dünyanın ən güclü səkkiz komandası sırasına daxil olmaqla çox böyük iş gördülər. Rusiya millisinin öz tarixində ilk dəfə belə böyük uğur qazanması təbii ki, ölkədə rəğbətlə qarşılandı.
Yarış başlanmazdan əvvəl qızıl medallara əsas namizədlər hesab edilən, amma hələ ilkin mərhələdə qrupda sonuncu yerdə qalan sonuncu dünya çempionu Almaniya millisinin, eləcə də ondan çox da uzağa gedə bilməyən Neymarlı braziliyalı pentakampeonların, Messili ikiqat dünya çempionu Argentinanın, Andres İnyestalı İspaniyanın, Kriştianu Ronaldu və onun Portuqaliya komandasından olan oyundaşlarının uğursuzluğu ilə müqayisədə İqor Akinfeyev, Denis Çerışev və onların komanda yoldaşları özlərini çox yaxşı göstərdilər.
Mundialın bəzəyi isə, əlbəttə ki,  onun finalı oldu. Bir tərəfdə gənc Fransa millisi, digər tərəfdə pley-off mərhələsi görüşlərində ağır mübarizədə yenilməzlik ruhu ilə hətta bitərəf azakeşlərin də rəğbətini qazanan Xorvatiya. Final həm də fransız məşqçi Didye Deşamla onun xorvatiyalı həmkarı Zlatko Daliçin mübarizəsi idi. 
Bu mübarizədən qollarla zəngin oyunda 4:2 hesabı ilə qələbə qazanan fransızlar qalib ayrıldılar. Bununla da iyirmi il əvvəl –1998-ci ildə bir oyunçu kimi, indi isə baş məşqçi rolunda çıxış edən Didye Deşam Fransa millisi ilə ikinci dəfə dünya futbolunun zirvəsini fəth etdi.
Xorvatiya da çempiondan az tərifə layiq deyil. Mundialın ən yaxşı oyunçusu hesab edilmiş kapitan Luka Modriç və onun dostları bütün mürəkkəb turnir məsafəsində böyük əzmkarlıq və ustalıq nümayiş etdirdilər. Əgər onlar finaldan sonra “Lujniki”ni Dünya Kuboku ilə tərk etsəydilər, bu heç də təsadüfi olmazdı. Elə Belçika da Rusiya stadionlarında göstərdiyi idman hünərinə görə mükafat olaraq bürünc medallar qazanması ilə haqlı olaraq fəxr edə bilər.
Rusiyada dünya çempionatı – 2018 həm də Avropa futbolunun təntənəsi ilə yadda qalacaq. Hər üç qalib komanda, eləcə də dördüncü yerin sahibi, tərkibində turnirin ən məhsuldar oyunçusu, 6 qolun müəllifi Harri Keynin də çıxış etdiyi İngiltərə “Köhnə qitə”nin şərəfini layiqincə qorudular.
İyirmi birinci mundial artıq özünün bütün gözəlliyi, bütün gözlənilən və gözlənilməz nəticələri ilə bir ay ərzində axşamlar və gecələr futbol dünyasının diqqətini çəkmiş şipşirin bir nağıla çevrilmişdir. Növbədə isə 2022-ci ilin noyabr-dekabr aylarında Qətərdə keçiriləcək 22-ci dünya çempionatıdır.
 
Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında