İyunun 15-17-də Bakıda, Binə Atçılıq Mərkəzində arena polo üzrə VI Dünya Kuboku yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, yarış Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə reallaşdırılan Milli Atçılıq Festivalı çərçivəsində keçirilib.
Yarışın açılış mərasimində ARAF-ın prezidenti Elçin Quliyev çıxış edərək ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə və Milli Qurtuluş Gününə həsr olunmuş arena polo üzrə VI Dünya Kuboku turnirinin iştirakçılarını salamlayıb, Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə onları təbrik edib.
Bildirilib ki, bu gün Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. Son bir neçə ildə birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, Formula 1 avtomobil yarışına uğurla ev sahibliyi edən ölkəmiz bütün dünya üçün təşkilatçılıq və qonaqpərvərlik nümunəsi göstərib. O deyib: “VI Dünya Kuboku yarışı Azərbaycanın idman sahəsində uğurlarının növbəti ifadəsidir. Ötən illərdə federasiya tərəfindən Bakıda arena polo üzrə dünya kuboku yarışları, xüsusən 2015-ci ildə arena polo üzrə ilk Avropa çempionatının keçirilməsi ölkəmizdə idmanın inkişafına göstərilən diqqətin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin daha bir təzahürü idi. İdman reytinqinə görə qitənin ən güclü yığmalarının iştirakı ilə keçirilmiş arena polo üzrə birinci Avropa çempionatında yığma komandamızın qələbəsi Azərbaycan atçılığının inkişafının real göstəricisidir. Prezident İlham Əliyevin Azərbaycan yığmasının üzvlərini və federasiyanın rəhbərliyini qəbul etməsi, dövlətimizin başçısının bu nəticəni ölkəmizin növbəti idman qələbəsi kimi qiymətləndirməsi məsuliyyətimizi daha da artırıb. Son illərdə federasiya tərəfindən tez-tez beynəlxalq yarışlar keçirilir. Əminik ki, 2018-ci ilin sentyabrında İtaliyada keçiriləcək növbəti Avropa çempionatında iştirak edəcək yığmamız bu turnirdə ölkəmizi layiqincə təmsil edəcək”.
Elçin Quliyev bu ilin mayında Azərbaycan Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin dünyada məşhur olan Qarabağ atlarının iştirakı ilə Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası Ülyahəzrət II Elizabetin doğum günü ərəfəsində onun şərəfinə Londonda təşkil olunmuş “Kral Vindzor At Şousu”nda möhtəşəm çıxışı barədə məlumat verib. Qeyd edib ki, “Odlar Yurdu – Azərbaycan” adlı proqram həmin şounun tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb. Bu kompozisiyanın nümayişi milli at cinslərinin təbliği və dünyada tanınması baxımından müstəsna əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, beynəlxalq yarışlarda üçrəngli bayrağımızın yüksəlməsi, himnimizin səslənməsi hər bir Azərbaycan vətəndaşı üçün qürurlu haldır. Onlara göstərilən diqqət və qayğıdan ruhlanan idmançılarımız bundan sonra da möhtəşəm qələbələri ilə xalqımızı sevindirəcəklər. “İnanırıq ki, Prezident İlham Əliyevin Ali Baş komandanlığı ilə ən yaxın zamanda hər birimiz Qarabağda zəfər təntənəsini yaşayacaq, dahi rəhbər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan belə turnirlər isə Şuşada, Cıdır düzündə keçiriləcək”, - deyə Elçin Quliyev qeyd edib.
Sonra arena polo üzrə VI Dünya Kuboku turniri açıq elan olunub.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra turnirə start verilib.
Turnirdə Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən dörd beynəlxalq polo klubunun komandaları kubok uğrunda mübarizə aparıblar. Üç gün davam edən turnirdə ümumilikdə, altı oyun oynanılıb. Azərbaycanı bu mötəbər yarışda milli poloçulardan ibarət “Elite Horse and Polo Klub” komandası təmsil edib.
Yarışın açılış qarşılaşmasında “Elite Horse and Polo Klub” (Azərbaycan) və “Indian Polo and Riding Klub Nyu Delhi" (Hindistan) komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən görüş Azərbaycan təmsilçisinin 7:6,5 hesablı çətin qələbəsi ilə başa çatıb.
Həmin gün keçirilən ikinci oyunda “Polo Klub Viklov” (İrlandiya) və “Rhein Polo Klub Düsseldorf” (Almaniya) klubları üz-üzə gəliblər. Qarşılaşmada Almaniya komandası rəqibini 8:5 hesabı ilə məğlub edib.
İyunun 16-da günün ilk oyununda Almaniyanın və Hindistanın polo komandaları qarşılaşıblar. Görüşdə Almaniya təmsilçisi 9:3 hesab ilə qələbə qazanaraq dünya kuboku yarışının finalına yüksəlib.
İkinci oyun isə Azərbaycanın və İrlandiya polo klubları arasında olub. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada Azərbaycan komandası rəqibinə 6:3 hesabı ilə qalib gələrək turnirin finalına ikinci vəsiqəni əldə edib.
Beləliklə, dünya kubokunun sahibi Azərbaycan və Almaniya polo komandaları arasında iyunun 17-də keçirilən qarşılaşmada məlum olub. Həmin gün İrlandiya və Hindistan klubları isə üçüncü yer uğrunda yarışıblar.
Görüşdən əvvəl Azərbaycan Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin dünyada məşhur Qarabağ atlarının iştirakı ilə möhtəşəm şou proqram nümayiş olunub. Milli geyimli çapar Azərbaycan Respublikasının dövlət bayrağını meydana gətirib. Yarış iştirakçıları Azərbaycanın milli rəqslərini izləyib, bədii hissə nümayiş olunub. Şou tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Bu kompozisiyanın nümayişi milli at cinslərinin təbliği və Azərbaycanın qədim atçılıq mədəniyyətinin turnirin xarici qonaqlarına tanıdılması baxımından müstəsna əhəmiyyət kəsb edir.
Məlumat verilib ki, həmin proqram mayda Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası Ülyahəzrət II Elizabetin şərəfinə Londonda təşkil olunmuş "Kral Vindzor At Şousu"nda göstərilib.
Üçüncü yer uğrunda görüşdə Hindistanın komandası İrlandiyanın polo kollektivi üzərində 7:4 xal hesabı ilə qələbə qazanıblar və bürünc medala yiyələniblər.
Azərbaycanın “Elite Horse and Polo Klub” yarışların finalında “Rhein Polo Klub Düsseldorf” klubuna 6:7 hesabı ilə məğlub olaraq yarışda ikinci yerdə qərarlaşıb və gümüş medala layiq görülüb. Beləliklə, gərgin idman mübarizəsi şəraitində keçən oyunda yarışın qalibi son saniyələrdə vurduqları qol hesabına Almaniya poloçuları olublar.
Bu mötəbər yarışda komandamızın heyətində Elçin Camallı (kapitan), Rəşad Həsənov, Əli Rzayev, Amil Namazov, Tərlan Qurbanəliyev və Lala Laplasette çıxış ediblər.
Yarışı beynəlxalq dərəcələri hakimlər idarə ediblər.
Final oyunundan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Komandaların üzvlərinə medalları və kuboku ARAF-ın prezidenti Elçin Quliyev təqdim edib.
Beləliklə, iyunun 2-17-də təşkil olunan Milli Atçılıq Festivalı çərçivəsində cıdır, çövkən, konkur və polo növləri üzrə dörd yarış keçirilib.
Qeyd edək ki, Azərbaycanın polo üzrə yığması bu ilin sentyabrında İtaliyada keçiriləcək Avropa çempionatında da iştirak edəcək.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.