Kimi sevinir, kimi də...

Bütün planetin möhtəşəm bayramına çevrilmiş futbol üzrə dünya çempionatının hamımıza zəngin təəssürat bağışlayan start turu arxada qalmış, azarkeşlər mundialın bütün 32 iştirakçısı ilə tanış olmuş, onların oyunlarını az-çox qiymətləndirmək imkanı qazanmışlar.
 
Rəqiblərdən kimi səkkizdəbir finala aparan yolda ilk inamlı addımına sevinib müvəffəqiyyəti daha da inkişaf etdirmək əzmindədir, kimi də startdakı uğursuzluqla barışmayıb vəziyyəti düzəltmək üçün qalan imkanlardan mümkün qədər çox fayda götürməyə çalışacaq. 
Rusiya millisi ilkin vəzifəsini, demək olar, vaxtından əvvəl yerinə yetirmişdir. “A” qrupunda çıxış edən və artıq ikinci turun da sınağından şərəflə çıxan çempionat sahibləri Moskvada Səudiyyə Ərəbistanı komandasını beş cavabsız qolla məğlubiyyətə uğratdıqdan sonra Sankt-Peterburqda Misir yığmasına da inamla qalib gəlib (3:1) növbəti mərhələdə yollarına davam etməyə layiq olduqlarına heç bir şübhə yeri qoymadılar. Hərçənd çempionat ərəfəsində Stanislav Çerçesovun futbolçularının qrupdan çıxmaq imkanları yüksək qiymətləndirilmirdi.
Digər qruplarda birinci turun qalibləri olub hərəyə 3 xal qazanmış İran, Fransa, Danimarka, Xorvatiya, Serbiya, Meksika, İsveç, Belçika, İngiltərə, Yaponiya və Seneqal komandaları da məqsədə aparan yolda özlərinə yaxşı zəmin yaratmışlar.
Bununla yanaşı, turnir başlanmazdan əvvəl əksər mütəxəssislərin çempion kimi gördükləri komandaların ilk səddi lazımınca dəf edə bilməməsi də müəyyən dərəcədə gözlənilməzdir. Braziliyalılar İsveçrə komandasının müqavimətini qıra bilməmiş (1:1), Almaniya Meksikaya uduzmuş (0:1), Argentina İslandiya ilə oyundan (1:1) bir xalla ayrılmış, İspaniya da Portuqaliya ilə heç-heçəyə (3:3) “razılaşmışdır”.
Çempionatın birinci həftəsi iki futbolçu–Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu və rusiyalı Denis Çerışev üçün çox uğurlu olmuşdur. Onlar hərəyə 3 qolla “bombardirlərin” siyahısına başçılıq edirlər. Lakin əgər Ronaldu üç dəqiq zərbəyə bir oyunda sevinmişdirsə, Çerışev iki görüşdə üç dəfə fərqlənmişdir.
Rusiya stadionlarında dünya futbol çempionatının qrup mərhələsinin ikinci turu dünən Moskvada Portuqaliya – Mərakeş, Rostovda Uruqvay – Səudiyyə Ərəbistanı və Kazanda İran – İspaniya görüşləri ilə davam etdirilmişdir. Mundialın bugünkü proqramı isə belədir: 16.00. Danimarka – Avstraliya, 19.00. Fransa – Peru, 22.00. Argentina – Xorvatiya.
Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında