Bəxtiyar Quliyev: Azərbaycanda stronqmen idman növünün kifayət qədər azarkeşi var

Bu gün dünyada idman ölkəsi kimi tanınan Azərbaycan mötəbər beynəlxalq turnirlərə yüksək səviyyədə ev sahibliyi edir, atletlərimiz irimiqyaslı yarışlarda parlaq qələbələr qazanırlar. Respublikamızda Olimpiya idman növləri ilə yanaşı, qeyri-olimpiya idman növlərinə də xüsusi diqqət göstərilir. Ölkəmizdə yeni idman növlərinin inkişafı istiqamətində mühüm addımlar atılır. Stronqmen də bu idman növləri arasındadır.
 
Azərbaycan Stronqmen Federasiyasının prezidenti Bəxtiyar Quliyev AZƏRTAC-ın müxbirinin idmanın bu növünün ölkəmizdə inkişafı, perspektivləri və qarşıdakı yarışlara hazırlıqla bağlı suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
- Stronqmen Azərbaycan üçün yeni idman növüdür. Federasiyanın fəaliyyəti barədə nə deyə bilərsiniz?
- Azərbaycan Stronqmen Federasiyası (ASF) ötən ilin yanvarında yaradılıb. “Stronqmen” ingilis dilində “güclü insan” deməkdir. Bu, idman növü olmaqla yanaşı, həm də şoudur. Hərəkətlər hər hansı standart avadanlıqla icra olunmur. Düzdür, Beynəlxalq Stronqmen Federasiyası tərəfindən müəyyən olunmuş 20-dək hərəkət qəbul edilib, ancaq turnir keçirilən zaman təşkilatçıların proqrama əlavə hərəkətlər salmaq imkanı olur.
ASF-dən əvvəl ölkəmizdə Namiq Cəfərovun rəhbərliyi altında Güc İdman Növləri İctimai Birliyi fəaliyyət göstərib və 2012-2013-cü ildə stronqmen üzrə ilk Azərbaycan çempionatı təşkil olunub. Həmin illərdə Vüsal Mərdanov ölkəmizi Dubayda təşkil olunmuş dünya kuboku yarışlarında təmsil edib. İdmançımızın beynəlxalq çıxışı uğurlu olub və o, ilk onluqda yer alıb. Bir müddət sonra Tbilisidə keçirilən beynəlxalq turnirdə isə birinci nəticə göstərib.
Artıq ASF olaraq martda ilk yarışımızı keçirdik. Dünya praktikasında olduğu kimi, Azərbaycan çempionatını da mərhələlərə böldük. Bir neçə mərhələdən sonra final yarışı keçirildi və sonda idmançıların topladıqları xallara əsasən qalib müəyyənləşdi. Mayın 20-də Bakı Su İdmanı Sarayında ölkə çempionatının final mərhələsi yüksək səviyyədə təşkil olundu. Çempionatda iştirakçıların sayı gözlədiyimizdən də artıq oldu. Biz federasiyanın yeni yarandığını nəzərə alaraq iştirakçıların sayının 40-dək olacağını düşünürdük. Ancaq ölkə çempionatında 80-dək atlet birincilik uğrunda mübarizə apardı. İdmançılar dörd çəki dərəcəsində qüvvələrini sınadılar. Final mərhələsində yarışlar 4 hərəkət üzrə keçirildi. Hər hərəkətə görə xal verilirdi və sonda dörd hərəkətin cəmi hesablanaraq qaliblər müəyyən olundu. Çempionatın mükafatçılarına ASF tərəfindən medal, diplom və pul mükafatları təqdim edildi.
Əvvəllər stronqmen şou xarakteri daşıyırdı. Ancaq sonradan beynəlxalq federasiya idmanın bu növünə marağı artırmaq və kütləviliyə nail olmaq üçün çəki dərəcələrini yaratdı. Əvvəllər yarışlar mütləq çəki dərəcəsində təşkil olunurdu. Bu da aşağı çəkidən olan insanların kənarda qalması ilə nəticələnirdi. Ancaq onu da etiraf etmək lazımdır ki, aşağı çəkili idmançıların çıxışı o qədər də səmərəli olmur.
Azərbaycan artıq dünyada bir idman ölkəsi kimi tanınır. Ölkəmiz irimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Biz də idmanın bu növü üzrə mötəbər yarışların ölkəmizdə təşkili üçün danışıqlara başlamışıq. Sentyabrda və ya oktyabrda Azərbaycanda dünya kubokunun mərhələ yarışının keçirilməsi üçün beynəlxalq federasiyaya müraciət etmişik. Dünya kuboku yarışlarına hansı hərəkətlərin salınması, iştirakçı ölkələrin sayı danışıqlar mövzusunda yer alır. Beynəlxalq federasiyanın qaydalarına görə, təşkilatçı ölkə idmançıların məskunlaşması və qidalanmasını öz üzərinə götürməlidir. Ümid edirəm ki, beynəlxalq federasiya ilə danışıqlarımız müsbət yekunlaşacaq və ölkəmiz növbəti dəfə mötəbər yarışa ev sahibliyi edəcək.
- İdmançılarımızın yerli və beynəlxalq turnirlərdəki çıxışlarını necə qiymətləndirirsiniz?
- Federasiya yeni yarandığı üçün idmançılarımız beynəlxalq arenada mütəmadi çıxış etməyiblər. Bayaq da qeyd etdiyim kimi, Vüsal Mərdanov əvvəllər dünya miqyasında yarışlara qatılıb. İdmançımız Razi Hüseynov Türkiyədə təşkil olunan Güc Festivalında stronqmen yarışlarında uğurla çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Əgər dünya kubokunun mərhələ yarışı Azərbaycanda təşkil olunsa, həmin turnir üçün bizim kifayət qədər güclü və perspektivli idmançılarımız var. Hər çəki dərəcəsində bir neçə güclü atletimiz var. Sadəcə beynəlxalq federasiya ilə biz hansı çəki dərəcələri üzrə turnirin keçirilməsini müzakirə edirik. Turnirdə 10 ölkədən idmançıların çıxışı nəzərdə tutulub. Danışıqlarımız müsbət nəticələnsə yarışın adı “Dünya idmançıları Azərbaycan idmançılarına qarşı” olacaq. Belə ki, idmançılarımız müxtəlif ölkələrdən olan rəqiblərə qarşı yarışacaqlar.
Yarışların təşkilində və idmançıların hazırlıq prosesində Gənclər və İdman Nazirliyi, ASF-in fəxri prezidenti İlham Ələkbərov bizə çox kömək edir. Həmçinin federasiyanın fəxri üzvləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev də yarışların keçirilməsinə xüsusi diqqət ayırırlar. Ümumiyyətlə, Azərbaycanda idmana dövlət tərəfindən həmişə diqqət və qayğı göstərilib. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev həmişə idmançıların yanında olub, onların sosial şəraitinin yaxılaşdırılması, turnirlərə hazırlaşmaları üçün lazımı addımlar atır. Ölkəmizdə beynəlxalq standartlara cavab verən idman infrastrukturu yaradılıb, paytaxtda və regionlarda Olimpiya İdman kompleksləri istifadəyə verilib. Bütün bunlar ölkədə aparılan uğurlu idman siyasətinin bariz nümunəsidir.
Qarşıda idmançılarımızı daha ciddi sınaqlar gözləyir. İstərdim ki, idmançılarımız “Arnold Classic”, Dünya Stronqmen Federasiyasının təşkil etdiyi dünya finalında qalib olsunlar, mütləq çəki dərəcəsində fərqlənsinlər. Həvəskar istiqamət üzrə yetərincə idmançılarımız var. İstərdim ki, peşəkarların da sayı artsın. Əgər idmançılarımız beynəlxalq arenada uğurla çıxış etsələr, sponsorluq müqavilələri bağlayıb müxtəlif şirkətlərin siması ola bilərlər.
Stronqmen baxımlı idman növüdür. İdmanın bu növünün ölkəmizdə də xüsusi azarkeşləri var. Ölkə çempionatının final mərhələsi televiziya ilə canlı yayımlandı. Tamaşaçılar tərəfindən də çox maraqla qarşılandı. Baxımlı idman növü olması bizi gələcəkdə daha böyük uğurlara ruhlandırır.
- Ölkəmizdə idmanın bu növünün kütləviləşməsi istiqamətində hansı addımlar atılır?
- Əsas məqsədimiz idmanın bu növünü regionlarda inkişaf etdirməkdir. Bu istiqamətdə artıq işlərə başlamışıq. Federasiyanın nəzdində Quba, Qazax, Mingəçevir, Tovuz və Gəncədə klublar yaradılacaq ki, burada müxtəlif yaş kateqoriyalarından olan atletlər stronqmen idman növünün sirlərini öyrənəcəklər. Klublar federasiya tərəfindən lazimi avadanlıqla təchiz olunacaq. Məqsədimiz Azərbaycanın bütün ərazisini əhatə etmək, peşəkar idmançıların seçilib milli komandaya cəlb olunmasına şərait yaratmaqdır. İdmançıların çoxluğu sağlam rəqabətdən xəbər verir. Əgər perspektivli idmançılarımız çox olsa, biz də onların arasında beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edə biləcək insanları seçə bilərik. Bakıda mütəmadi olaraq idmançılar üçün seminarlar təşkil olunur. Planlaşdırırıq ki, tanınmış idmançıların iştirakı ilə bölgələrdə də seminarlar keçirək.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında