“Kral yürüşləri”, “Şəmkir sammiti” və bədii gimnastika bayramı

Yenicə finişə çatmış aprelin sonuncu həftəsi Azərbaycanın idman həyatında bir-birindən möhtəşəm üç yarışla əlamətdar oldu. Onların hər birindən aldığımız xoş təəssürat hələ uzun müddət bizi tərk etməyəcək.

İdman həvəskarlarımız, Bakının çoxsaylı qonaqları artıq üçüncü dəfə Azərbaycanda təşkil edilən cəsur sürət ustalarının “Formula–1” yürüşlərindən yenə böyük zövq aldılar. Şəmkirdəki Heydər Əliyev Mərkəzində unudulmaz qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən 5-ci beynəlxalq turnir on gün ərzində dünyanın hər yerində qədim və müdrik oyunun milyonlarla pərəstişkarının diqqət mərkəzində oldu, paytaxtımızdakı Milli Gimnastika Arenasında bədii gimnastika ulduzlarının Dünya Kuboku yarışı Olimpiya oyunları proqramında xüsusi yeri olan bu idman növünün inkişafına Azərbaycanda göstərilən böyük qayğı və diqqətə Beynəlxalq Gimnastika Federasiyası tərəfindən verilən yüksək qiymətin növbəti parlaq təzahürü idi.

“Kral yürüşləri”, norveçli dünya çempionu Maqnus Karlsen başda olmaqla on məşhur qrossmeysterin “Şəmkir sammiti”, Bakıda zəriflik və gözəllik bayramı adi yarışlar deyildi, Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə gündən-günə artan nüfuzunu mükəmməl şəkildə sübuta yetirən mötəbər idman hadisələri idi.

Hələ iki-üç il əvvəl çoxlarımız, bəlkə də, heç ağlımıza belə gətirə bilməzdik ki, nə vaxtsa bizim Bakı yollarında da “Formula–1” yürüşləri həyəcanı yaşanacaq, “Ferrari”lər, “Mercedes”lər, “McLaren”lər, “Sauber”lər, “Red Bull” maşınları gözlərimiz önündə şütüyəcək. Artıq “Formula–1” ailəsində özünə layiqli yer etmiş Azərbaycan 2016-cı ildə dünyanın ən məşhur pilotlarını ilk dəfə qəbul edəndə, bu, ölkəmizdən dünyaya qeyri-adi bir çağırış idi. İndi isə biz bu yürüşlərə adət etməyə başlayırıq. Onu da məmnuniyyətlə xatırlatmaq olar ki, Azərbaycan potsovet məkanında Rusiyadan sonra “kral yürüşləri”nin təşkilatçısı rolunda çıxış edən ikinci ölkədir. Fernando Alonso, Sebastyan Fettel, Luis Hamilton, Valtteri Bottas, Kimi Raykkonen, Danil Rikkardo, Maks Ferstappen kimi mahir sürət ustaları Bakıda starta çıxır, qələbə uğrunda kəskin mübarizə aparırlar və bizim insanlar da bu mübarizənin canlı şahidi olurlar. Başlıcası isə, “Formula–1” yarışları hətta uzaq-uzaq ölkələri də Azərbaycana sürətlə yaxınlaşdırır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə çıxışlarından birində belə demişdir: Əlbəttə ki, ölkəmizin tanıdılmasında “Formula–1” yarışının xüsusi yeri var. Çünki bu yarışın auditoriyası 500 milyon insandır. “Formula–1” yarışı futbol üzrə dünya çempionatı və Yay Olimpiya Oyunları səviyyəsində olan tədbirdir, onlardan geri qalmır...

İndi heç kim üçün sirr deyil ki, dövlətimizin, şəxsən cənab Prezidentin ölkəmizdə idmanın inkişafına göstərdiyi gündəlik qayğı və diqqət öz gözəl bəhrəsini verir. Heç də hər ölkə bir həftə ərzində mötəbər üç idman tədbiri keçirməsi ilə öyünə bilməz. Azərbaycanda isə belə yarışlar artıq ənənəyə çevrilmişdir.

“Formula–1”-də bu dəfə finişə birinci “Mercedes”də Luis Hamilton çatdı. İkinci-üçüncü yerləri Kimi Raykkonen (“Ferrari”) və Serxio Peres (“Force İndia”) tutdular.

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr edilən 5-ci beynəlxalq turnirin iştirakçıları isə öz qalib və mükafatçılarını “Formula–1” yürüşçülərindən bir gün əvvəl müəyyənləşdirmişdilər. Turnir 9 mümkün xaldan 6 xal toplayan Karlsenin qələbəsi ilə başa çatmış və dünya çempionu üçüncü dəfə baş mükafatı Norveçə aparmışdır.

Gümüş və bürünc medallar müvafiq surətdə çinli Din Lijenə (5,5 xal) və rusiyalı Sergey Karyakinə (5) təqdim olunmuşdur.

Sonrakı yerlər bu ardıcıllıqla bölüşdürülmüşdür: Şəhriyar Məmmədyarov, polyak Radoslav Voytaşek, hollandiyalı Aniş Giri, Teymur Rəcəbov (hərəyə 4,5 xal), bolqar Veselin Topalov, Rauf Məmmədov (4) və Çexiya təmsilçisi David Navara (2,5).

Lakin ötən illərdəki kimi, Şəmkir turnirində başlıca məqsəd heç də ən güclüləri müəyyənləşdirmək yox, Vüqar Həşimovun unudulmaz xatirəsini bir daha böyük hörmət və dərin ehtiramla yad etmək idi.

Elə Karyakin də Azərbaycana səfər ərəfəsində öz ölkəsinin “Sport-Ekspress” nəşrinə müsahibəsində turnirdə iştirakı ilə bağlı fikrini belə ifadə etmişdi: Mən dəfələrlə demişəm ki, Vüqarla çox yaxın əlaqələrim olub. Bu, sadəcə, yoldaşlıq yox, əsl isti dostluq münasibəti idi. Çox şadam ki, məni daim onun xatirəsinə həsr edilən turnirə dəvət edirlər. Bundan əlavə, turnirə dəvət həm də böyük şərəfdir. Şəmkirdə turnirlər əla təşkil olunur.

Həqiqətən, bu xatirə turnirləri sayəsində son beş ildə Şəmkir bütün şahmat aləmində tanınmış və FİDE-nin beynəlxalq yarışlar təqvimində Samkirchess turniri özünə möhkəm yer etmişdir. Rusiya, ABŞ, Çin, Hollandiya, Polşa, Çexiya, Bolqarıstan, Norveç kimi ölkələrdən qrossmeysterlər Azərbaycana böyük razılıq hissi ilə səfərə çıxırlar.

Bədii gimnastların Milli Gimnastika Arenasında Dünya Kuboku yarışına gəldikdə, bu gözəl və son dərəcə müasir idman sarayı hələ çox gənc olsa da, artıq bir sıra startların iştirakçılarını ən yüksək səviyyədə qəbul etmişdir. Burada yaradılan şərait xarici mütəxəssislər tərəfindən dəfələrlə yüksək qiymətləndirilmişdir.

Bu qiymət həm də Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Milli Gimnastika Federasiyasının idmanın bu növünün ölkəmizdə daha da inkişafı sahəsində apardığı böyük işlərin və təmsilçilərimizin beynəlxalq meydanda qazandıqları uğurların etirafıdır.

Azərbaycanın Siyana Vasilyeva, Aliyə Paşayeva, Ayşən Bayramova, Zeynəb Hümmətova və Diana Domandan ibarət qrup hərəkətləri komandasının final yarışlarında beş həlqə ilə təmrinlərin icrasında Bolqarıstan və İtaliyadan sonra üçüncü yeri tutub Dünya Kuboku turnirinin bürünc mükafatçısı olması da idman ictimaiyyətimizə yaxşı töhfədir. Bu komandanın 3 top və 2 iplə hərəkətlərin yerinə yetirilməsində göstərdiyi beşinci nəticə də bir çox ölkənin təmsilçiləri ilə kəskin rəqabətdə yüksək göstəricidir.

Beləliklə, Bakıda ən yüksək səviyyədə təşkil edilən “Formula–1” Azərbaycan Qran-prisi, bədii gimnastika ulduzlarının Dünya Kuboku yarışı və Şəmkirdə qrossmeysterlərin superturniri bir daha təsdiq etdi ki, Azərbaycan idman ölkəsi kimi ona bəslənilən ümidi tam doğruldur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
February, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28

Hava haqqında