Vüqar Həşimovun xatirəsinə həsr edilmiş 5-ci superturnir

Bu gün Şəmkirdəki Heydər Əliyev Mərkəzində unudulmaz qrossmeyster, 2009-cu ildə Serbiyanın Novi Sad şəhərində Azərbaycan milli komandasının öz tarixində ilk dəfə Avropa çempionu adını qazanmasında həlledici rol oynamış Vüqar Həşimovun xatirəsinə həsr edilən 5-ci beynəlxalq superturnirin açılış mərasimi olacaq.  Turnirdə ilk görüşlər isə sabah keçiriləcək.

Təşkilatçılar aprelin 28-dək davam edəcək yarışda iştirakçılar üçün bir istirahət günü də nəzərdə tutmuşlar. Qrossmeysterlər beşinci turdan sonra, aprelin 24-də bir qədər dincəlmək, artıq bütün dünyaya tanıtdıqları Şəmkirlə daha yaxından tanış olmaq imkanı qazanacaqlar. Qədim və müdrik oyunun yüz minlərlə pərəstişkarı on gün ərzində planetin on məşhur şahmatçısının, o cümlədən hazırda dünya reytinq cədvəlinin ən yüksək iki pilləsində qərar tutan norveçli dünya çempionu Maqnus Karlsen (2843) və azərbaycanlı zəka sahibi Şəhriyar Məmmədyarovun (2814) görüşlərindən əsl zövq alacaqlar. Ən başlıcası isə, şahmat aləmi özünün ən sevimli qrossmeysterlərindən biri olmuş Vüqar Həşimovun xatirəsini növbəti dəfə böyük hörmət və dərin ehtiramla yad edəcəkdir.

Dairəvi sistem üzrə keçirilib doqquz turdan ibarət olan superturnirdə Karlsen və Məmmədyarovla yanaşı mükafatlar uğrunda mübarizə aparacaq digər səkkiz qrossmeyster hər biri 2778 əmsala malik rusiyalı Sergey Karyakin və çinli Din Lijen, Aniş Giri (Hollandiya, 2777), Veselin Topalov (Bolqarıstan, 2749), Teymur Rəcəbov (2748), David Navara (Çexiya, 2745), polyak Radoslav Voytaşek (2744) və Rauf Məmmədovdur (2704).

Çoxlarımız yaxşı bilirik ki, Şəmkirdə ilk iki superturnirin qalibi Karlsen olmuş, 2016 və 2017-ci illərdə isə dünya çempionunun müvəffəqiyyətini Məmmədyarov təkrar etmişdir. Maraqlıdır, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) təqvimində özünə möhkəm yer etmiş ənənəvi turnirin beşinci startının da qalibi dünya reytinqinin bu iki liderindən biri olacaq, yoxsa bu dəfə baş rolda başqa bir qrossmeysteri alqışlayacağıq...

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında