Sağlamlıq, gözəllik və gənclik bayramı

5 mart Bədən Tərbiyəsi və İdman Günüdür
Bu bayram xalqımızın sağlamlığının qorunması və möhkəmlənməsində, gənclərimizin fiziki inkişafında, ölkəmizin idman şərəfinin beynəlxalq aləmdə daha da uca zirvələrə qaldırılmasında bədən tərbiyəsi və idmanın əhəmiyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyevin 4 mart 2005-ci il tarixli sərəncamı ilə həyata vəsiqə almışdır. Dövlət başçımızın böyük qayğısına daim layiqli qələbələrlə cavab vermək əzmində olan Azərbaycan idmançıları hər dəfə olduğu kimi, bu il də öz bayramlarını böyük qürur hissi ilə qeyd edirlər.
İdman ictimaiyyətimiz, bütün xalqımız onların qələbələri ilə haqlı olaraq fəxr edir. Azərbaycan idmanının ən yaxşı nümayəndələri beynəlxalq meydanda ən mötəbər yarışlarda - dünya və Avropa çempionatlarında, Olimpiya və Paralimpiya oyunlarında, Yeniyetmələrin Yay Olimpiadasında layiqincə mübarizə aparır, fəxri kürsüyə yüksəlirlər və bu qələbələr şərəfinə müxtəlif ölkələrdə Azərbaycanın dövlət himni səsləndirilir, milli bayrağımız yüksəyə qaldırılır.
Başqa cür ola da bilməz. Ölkəmizdə dövlətin gündəlik qayğısı və böyük diqqəti ilə əhatə olunmuş idmanın inkişafı üçün yaradılmış əla şərait, paytaxt Bakı ilə yanaşı bölgələrdə də inşa edilmiş 29 Olimpiya İdman Kompleksi (yaxın vaxtlarda onların sayı daha da artacaqdır) idmançılarımıza təcrübəli mütəxəssislərin rəhbərliyi altında öz ustalıqlarını durmadan artırmaq və beynəlxalq yarışları yüksək hazırlıq səviyyəsində qarşılamaq imkanı verir. Bundan başqa, idmanın inkişafına yetirilən diqqət insanlarımıza nəcib keyfiyyətlər aşılayan, gözəl əhval-ruhiyyə yaradan sağlamlıq və gümrahlıq məşğələlərinin həyatımızın çox mühüm tərkib hissəsinə çevrilməsini təmin edir. Təsadüfi deyil ki, indi Azərbaycan bütün dünyada gündən-günə çiçəklənən və möhkəmlənən bir idman ölkəsi kimi tanınır.
Qazanılmış qələbə və medalları daha da artırmaq arzusu ilə yaşayan Azərbaycan idmançıları London Olimpiadası - 2012-yə aparan yolda çox məsul il olan olimpiyaqabağı 2011-ci ildə də ciddi vəzifələri həll etməlidirlər. Qarşıda onları XXX Yay Olimpiya Oyunlarına lisenziya uğrunda gərgin yarışlar gözləyir. Reytinq xalları qazandıran bəzi növlər üzrə turnirlərə artıq start verilmişdir və idman ictimaiyyətimiz şübhə etmir ki, Azərbaycan İngiltərə paytaxtında Pekin-2008-dəkindən də mötəbər nümayəndə heyəti ilə təmsil olunacaqdır. Hazırda bütün idman təşkilatlarımızın, mütəxəssislərin, məşqçilərin və onların yetirmələrinin diqqəti məhz bu məsələyə yönəlmişdir.
Bu gün ölkəmizin hər yerində bədən tərbiyəçiləri və idmançılar yüksək fəallıq şəraitində öz bayramlarını qeyd edəcək, bu münasibətlə müxtəlif yarışlar və tədbirlər keçirəcəklər. Ayrı-ayrı idmançılarımızın və komandaların beynəlxalq meydanda qazandıqları növbəti qələbələr isə bayramı ikiqat əlamətdar hadisəyə çevirir.

{nl}

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında