İdman xəbərləri Kubok həyəcanları

Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final mərhələsinin bir oyunu olacaq. Bu görüşdə AZAL "Turan"ı qəbul edəcək.
Dörddəbir finalın qalan üç oyunu sabah keçiriləcəkdir. Unibank Premyer Liqasının təsnifat mərhələsini ilk iki pillədə başa vurmuş "Neftçi" və "Xəzər-Lənkəran" komandalarının görüşü gərgin mübarizə vəd edir. "Qəbələ" - "Bakı" qarşılaşması da prinsipial əhəmiyyət kəsb edir. Paytaxt klubu ölkə çempionatının ilkin mərhələsində bu rəqibini yalnız məsafənin son metrlərində ən güclü altı komanda sırasından sıxışdıra bilmiş və təbii ki, Qəbələ futbolçuları indi bunun əvəzini kubok turnirində çıxmağa çalışacaqlar. Elə birinci divizionun lideri "Abşeron"la "İnter"in görüşündə də azarkeşlər maraqlı hadisələrin şahidi ola bilərlər.

{nl}

Püşk sentyabrda atılacaq
Gələn il Xorvatiyada keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü sentyabrın 9-da bu ölkənin paytaxtı Zaqrebdə atılacaq.
Həlledici mərhələdə qitə çempionatının medalları uğrunda Bakı İdman Sarayında yenicə başa çatmış 1-ci qrupda seçmə turnirinin qalibləri İspaniya və Azərbaycanın futzal ustaları ilə yanaşı digər qruplarda fərqlənmiş Rusiya, Serbiya, Portuqaliya, Çexiya, Rumıniya, Ukrayna, Türkiyə, İtaliya, Sloveniya yığmaları və təşkilatçı ölkənin komandası mübarizə aparacaq.

{nl}

Liderlər qrupunda
Həmyerlilərimiz Qədir Hüseynov və Nicat Məmmədov İranın Məşhəd şəhərində keçirilən ənənəvi "Fəcr" beynəlxalq şahmat turnirinin ilk dörd turunda hərəyə üç qələbə qazanmış və bir görüşdə heç-heçə oynamışlar. Dörd turdan sonra onlar 3,5 xal toplayaraq liderlər qrupunda irəliləyirlər.
Bu yarışda digər təmsilçimiz Loğman Quliyevin isə 3 xalı vardır (üç qələbə və bir məğlubiyyət). On bir turdan ibarət turnirdə dünən beşinci turun görüşləri keçirilmişdir.

{nl}


Məmmədyarov birinci onluqda, Həşimovla Rəcəbov isə onluğun astanasında
Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq cədvəlini dərc etdirmişdir. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov son iki ayda heç bir turnirdə oynamadığından reytinqini artıra bilməmiş və 2011-ci il martın 1-nə olan vəziyyətə görə siyahıda bir pillə geriləmişdir. Buna baxmayaraq, təmsilçimiz 2772 xalla əvvəlkitək dünyanın ən yüksək reytinqə malik 10 şahmatçısı sırasındadır. Hazırda Şəhriyar 9-cu mövqedədir.
Teymur Rəcəbov da yanvar-fevral aylarında turnirlərdə çıxış etməmiş və 2744 xalla 12-ci yerdə qalmışdır. Əvəzində yanvarın axırında - fevralın əvvəlində İtaliyada keçirilmiş beynəlxalq turnirin qalibi Vüqar Həşimov öz göstəricisini 10 xal artırıb 2746-ya çatdırmaqla iki pillə irəliləmiş və 11-ci mövqeyə yüksəlmişdir.
Son iki ayda Azərbaycan şahmatçıları arasında reytinq cədvəlində ən yaxşı irəliləyişə Rauf Məmmədov nail olmuşdur. Yanvar siyahısında 2660 xalla 86-cı pillədə qərar tutan Rauf indi reytinqinə daha 7 xal əlavə etmiş və 2667 xalla 77-cidir.
Dünyanın ən yaxşı 10 şahmatçısının siyahısına hindistanlı Vişvanatan Anand (2817) başçılıq edir. Birinci onluğa həmçinin Maqnus Karlsen (Norveç, 2815), Levon Aronyan (Ermənistan, 2808), Vladimir Kramnik (Rusiya, 2785), Vasili İvançuk (Ukrayna, 2779), Sergey Karyakin (Rusiya, 2776), Veselin Topalov (Bolqarıstan, 2775), Hikaru Nakamura (ABŞ, 2774) və Aleksandr Qrişuk (Rusiya, 2747) daxildirlər.
Mayın 3-dən 27-dək Rusiyanın Kazan şəhərində keçiriləcək iddiaçıların matçlarında Rəcəbovun rəqibi olacaq Kramnikin reytinq siyahısında 4-cü mövqedə irəlilədiyini yuxarıda diqqətinizə çatdırdıq. Kazanda Məmmədyarovla qarşılaşacaq Boris Gelfandın (İsrail, 2733) 16-cı pillədə olduğunu da qeyd edək.
FİDE dünyanın ən yaxşı 20 gənc şahmatçısının da siyahısını açıqlamışdır. Bizim Eltac Səfərli italiyalı Fabiano Karuananın (2716) başçılıq etdiyi bu siyahıda 2628 xalla 11-cidir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında